Ağciyər xərçənginin növünü və ciddiliyini müəyyən etməkdə kompüterlər patoloqlardan daha uğurludur

Ağciyər xərçəngi toxumalarını qiymətləndirmək üçün hazırlanmış kompüter və proqramların patoloqlardan daha dəqiq nəticələr verdiyini iddia edən tədqiqat Stanford Universiteti Tibb Fakültəsinin tədqiqatçıları tərəfindən Nature Communications jurnalında yayımlandı.
Tədqiqatçılar ağciyər xərçənginin xəstəliklə bağlı kritik xüsusiyyətlərini düzgün tanıyan və xəstənin sağqalımını klassik üsullar olan şiş dərəcəsi (grade) və mərhələsindən daha yaxşı proqnozlaşdıran maşın öyrənməsi yanaşması (machine-learning approach) hazırlamışlar.
Xərçəngin aqressivlik səviyyəsini müəyyən etmək üçün çox vaxt şişin mikroskop altında araşdırılmasından əldə olunan dərəcə (grade) və görüntüləmə üsulları ilə əldə olunan mərhələ (yayılma) məlumatlarından istifadə edilir. Bu məlumatlar biz onkoloqlara müalicə seçimində yol göstərir. Bununla yanaşı, bu təsnifat sistemi ağciyər xərçəngində həmişə düzgün nəticə vermir.
Üstəlik, ağciyər xərçənginin müalicələri bir-birindən fərqlənən iki ən mühüm alt növü olan adenokarsinoma və yastı hüceyrəli karsinoma arasında fərq qoymaq bəzən mümkün olmur.
Tədqiqatçılar tədqiqat üçün Xərçəng Genom Atlasından əldə etdikləri adenokarsinoma və ya yastı hüceyrəli karsinomalı xəstələrə aid 2186 görüntüdən istifadə etmişlər. Xərçəng Genom Atlası məlumat bazası həmçinin şişin dərəcəsini, mərhələsini və hər xəstənin diaqnozdan sonra nə qədər yaşadığını təqdim etmişdir.
Daha sonra xərçəngə spesifik xarakterik xüsusiyyətləri adi insan gözündən daha yaxşı tanıya bilən kompüter proqramı istifadə olunmuşdur. Bu xüsusiyyətlər yalnız hüceyrənin ölçü və forması ilə məhdudlaşmamış, həmçinin hüceyrə nüvəsinin formasını və teksturasını, qonşu şiş hüceyrələri arasındakı məkan əlaqələrini də əhatə etmişdir. Proqramın bu proqnoz gücü başqa xəstə məlumat bazaları ilə də təsdiqlənmişdir.
Tədqiqatçıların bildirdiyinə görə hansı xarakterik xüsusiyyətlərin vacib olduğunun seçimi kompüter proqramına buraxılmış, yəni bir növ süni intellekt işə qoşulmuşdur. Proqram xərçəngli hüceyrələrin ətraf normal toxumadan necə fərqləndiyini, ağciyər xərçənginin alt növlərini və əldə etdiyi məlumatlara görə diaqnozdan sonra hər xəstənin orta hesabla nə qədər yaşayacağını proqnozlaşdırmağı öyrənmişdir.
Proqramın əvvəllər bilinməyən fiziki xüsusiyyətləri müəyyən etməsi və onlarla xərçəngin ciddiliyini, sağqalım müddətini proqnozlaşdırması xərçəngin molekulyar prosesləri və xəstəliyin gedişi haqqında biliyimizə ciddi töhfə vermişdir. Bu tədqiqatda təsvir olunan maşın öyrənməsi sistemi ilə əvvəllər məhdud bilgimiz olan xərçəng genomikası, transkriptomika və proteomika sahələrini daha yaxşı tanımaq mümkün olacaqdır.
Hələlik yalnız ağciyər xərçəngi üçün hazırlanmış bu üsulun bir çox xərçəng növünə də tətbiq oluna biləcəyi gözlənilir.
Mənbələr
Predicting non-small cell lung cancer prognosis by fully automated microscopic pathology image features.
Nature Communications 7, Article number: 12474 (2016). doi:10.1038/ncomms12474 Published online: 16 August 2016
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.