Gündə yarım ovuc çərəz (fındıq, qoz, badam, fıstıq) xərçəngə və digər səbəblərə bağlı ölüm riskini azaldır

Fındıq, qoz, badam və ya fıstıq kimi çərəzlər tərkibindəki zəngin maddələr sayəsində sağlamlığımıza kömək edir və bir çox xəstəliyə qarşı qoruyucu təsir göstərir. Bu qidaların koqnitiv funksiyaları artıraraq Alzheimerə qarşı qoruyucu təsirinin olduğu, həmçinin ürək, damar və qan dövranı problemlərinə yaxşı təsir edərək ürək sağlamlığını qoruduğu əvvəlki elmi tədqiqatlarla göstərilmişdir. Yeni dərc edilmiş genişmiqyaslı beynəlxalq tədqiqata görə, çərəz istehlakının başqa mühüm faydaları da vardır.
Tədqiqat; gündəlik 15 qram çərəz istehlakının diabetə, tənəffüs sistemi pozuntularına, xərçəng və sinir sistemi xəstəliklərinə bağlı ölümləri azalda biləcəyini göstərmişdir.
Tədqiqata yaşları 55-69 arasında dəyişən 120.000-dən çox kişi və qadın daxil edilmişdir. Araşdırma qrupu tədqiqatı 1986 ilində başlatmış və iştirakçılardan hansı tezliklə və miqdarda fındıq, qoz, badam, fıstıq və fıstıq əzməsi istehlak etdiklərini soruşmuşdur. Tədqiqatın nəticəsinə görə bu qidaları gündə 10 qram və daha çox istehlak edənlərin heç istehlak etməyənlərlə müqayisədə bütün səbəblərə bağlı ölüm nisbətlərinin %23 daha aşağı olduğu müəyyən edilmişdir.
Tədqiqatın nəticələri qiymətləndirildikdə çərəzlərin gündəlik 15 qram, yəni yarım ovuc dolusu istehlakının xərçəng daxil bir çox xəstəliyə bağlı ölüm riskini azalda biləcəyi və onların qadın və kişi şəxslərdə eyni dərəcədə təsirli olduğu görünür. Çərəzlərin bu faydaları omeqa-3, lif, E vitamini, antioksidantlar və doymamış yağ turşuları ilə zəngin olmaları ilə əlaqələndirilir. Fıstıq əzməsində isə çərəzlərdə müşahidə olunan bu təsirin olmadığı ortaya qoyulmuşdur. Araşdırma qrupu buna fıstıq əzməsinin tərkibindəki duz, bitki yağı və trans yağların səbəb ola biləcəyini söyləyir. Həmçinin tədqiqatçılar əvvəlki nəşr və tədqiqatlarda da dəstəkləndiyi kimi, bu qidaları gündəlik 15 qramdan çox istehlak etməyin daha müsbət təsirlər yaratmadığını aşkar etmişlər.
Nəticə etibarilə, çərəzlər qidalandırıcı və xəstəliklərin qarşısını alan təsiri ilə gündəlik qidalanmamızda yer almağa artıqlaması ilə layiq bənzərsiz qidalardır. Bu tədqiqat bu fikrə daha bir töhfə vermiş və bu qidaların ümumən ölüm riskini də azaltdığını ortaya qoymuşdur. Lakin aparılan tədqiqatlar “miqdar nə qədər çoxdursa, fayda da o qədər çoxdur” məntiqinin bu qidalar üçün də yanlış olduğunu göstərir. Buna görə hər qidada olduğu kimi çərəzlər də ölçülü istehlak edilməlidir. Tərkibində çoxlu qatqı maddələri və trans yağ kimi zərərli komponentlər olan fıstıq əzmələri əvəzinə bu qidaları ən təbii halında istehlak etmək çox daha faydalı olacaqdır.
Mənbələr
Relationship of tree nut, peanut and peanut butter intake with total and cause-specific mortality: a cohort studyand meta-analysis.
Int J Epidemiol. 2015 Jun 11. pii: dyv039.
https://ije.oxfordjournals.org/content/early/2015/05/26/ije.dyv039.full?sid=bc0723ef-2496-46ed-9b95-7d59d0b5ee40
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.