Qadınlarda təkrarlayan yumurtalıq xərçəngində ümidverici inkişaf

Ötən günlərdə “The Lancet Oncology” jurnalında dərc edilmiş bir tədqiqatda kimyaterapiya ilə birlikdə verilən trebananib adlı dərmanın təkrarlayan epitelial yumurtalıq xərçəngi xəstələrinə təsiri araşdırılmış, əldə edilən məlumatlar əsasında bu dərmanın xəstələrin ömrünün uzanmasına töhfə verdiyi və ağır dərəcəli yan təsirlər baxımından əhəmiyyətli fərq göstərmədiyi müəyyən edilmişdir.
Yumurtalıq xərçəngi qadınlarda süd vəzi xərçəngindən sonra ən çox görülən ginekoloji xərçənglərdən biridir. Adətən digər orqanlara yayıldıqdan sonra əlamət verdiyi üçün irəli mərhələlərdə aşkar edilir və buna görə də ən çox həyat itkisinə səbəb olan ginekoloji xərçəng növüdür. Yumurtalıq xərçəngləri mənşə aldığı hüceyrə növlərinə görə müxtəlif növlərə ayrılsa da, bunlardan ən çox görüləni epitelial yumurtalıq xərçəngləridir.
Epitelial yumurtalıq xərçənglərinin müalicəsində tez-tez istifadə olunan üsullar xəstəliyin mərhələsinə görə cərrahi müdaxilə və kimyaterapiyadır. Həmçinin son dövrlərdə yumurtalıq xərçəngində və bəzi digər xərçənglərdə hədəfə yönəlmiş müalicələrdən antiangiogen müalicə ilə də yaxşı nəticələr alınır. Bu müalicədə xərçəngin inkişafında mühüm amil olan angiogenezi (xərçəng hüceyrələrinin yeni damarlar yaratması) əngəlləyən dərmanlar istifadə edilir. Bunlardan biri də angiogenez mexanizmindəki stimullaşdırıcı amillərdən angiopoetin üzərində təsirli olan trebananib adlı dərmandır. Ötən günlərdə aparılmış bir tədqiqatda təkrarlayan epitelial yumurtalıq xərçənginin müalicəsində klassik kimyaterapiya kimi tətbiq edilən paklitakselə əlavə olaraq trebananib istifadə edildikdə fayda verib-verməyəcəyi araşdırılmışdır.
“The Lancet Oncology” jurnalında dərc edilmiş bu tədqiqatda 32 müxtəlif ölkədən təkrarlayan epitelial yumurtalıq xərçəngi olan 919 qadın xəstə qiymətləndirilmiş və bu xəstələr 2 qrupa ayrılaraq 458-nə yalnız paklitaksel, 461-nə paklitaksel və əlavə olaraq trebananib tətbiq edilmişdir. Hər iki qrupa dərmanlar həftəlik müntəzəm verilmiş və təxminən 10 ay izlənmişdir. Əldə edilən məlumatlarda trebananib tətbiq olunan qrupda xəstəlik irəliləmədən yaşama müddətinin 7.2 ay olduğu aşkar edildiyi halda, yalnız kimyaterapiya tətbiq olunan xəstələrdə bu müddət 5.4 ay olaraq müəyyən edilmişdir. Bununla yanaşı, trebananib hər iki qrupdakı xəstələrdə ağır dərəcəli yan təsirlər baxımından əhəmiyyətli fərq göstərməmişdir.
Nəticə olaraq, bu tədqiqat təkrarlayan epitelial yumurtalıq xərçəngi xəstələrində trebananibin xəstəlik irəliləmədən yaşama müddətini artırdığını göstərir. Dərmanın faydasının qiymətləndirilməsində bu müddət ümumi ömür qədər dəyərli olmasa da, yan təsirlər baxımından ciddi fərq yaratmadan xəstəliyin irəliləməsini bir müddət dayandırması bu dərmanı üzərində işlənə biləcək dərmana çevirir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.