Qida əlavələrinin sağlamlığımıza təsiri nədir?

Sağlamlığımıza faydalı olduğunu düşündüyümüz qida əlavələrindən istifadə etmək əvəzinə, balanslı və nizamlı qidalanaraq bədənimizin ehtiyac duyduğu dəstəyi ala bilərik. Unutmayın ki, qəbul etdiyimiz qida əlavələri həqiqi qidaları əvəz edə bilməz.
Son illərdə qida əlavələrinə və vitaminlərə marağın çox böyük olduğu müşahidə edilir. Əhalinin demək olar ki, yarısı müxtəlif qida əlavələri ehtiva edən məhsullardan istifadə edir; vitaminlər, minerallar, bitki mənşəli məhsullar və protein tozu ehtiva edən bu məhsullara milyonlarla lirə xərcləyir.
Bəs qida əlavələrinə bu qədər maraq niyədir? Bir çox insan əlavə qidaların sağlamlığa fayda verdiyinə, xəstəliklərdən qoruduğuna və ən pisi də zərərli olmadığına inanır. Lakin bu cür məhsulları dəstəkləyəcək kifayət qədər elmi məlumat yoxdur və istehlakçılar həkim nəzarəti olmadan istifadə edilən əlavə məhsulların dərmanlarla qarşılıqlı təsirlərindən və ya digər potensial risklərindən xəbərdar deyillər.
Əvvəlcə həqiqi qidaları qəbul edin
Sağlamlığımıza faydalı olduğunu düşündüyümüz qida əlavələrindən istifadə etmək əvəzinə, balanslı və nizamlı qidalanaraq bədənimizin ehtiyac duyduğu dəstəyi ala bilərik. Unutmayın ki, qəbul etdiyimiz qida əlavələri həqiqi qidaları əvəz edə bilməz. Təzə meyvə və tərəvəz kimi qida maddələrinin bədənimizə təqdim etdiyi faydalı və qoruyucu xəzinəni əlavə qidalarda, vitamin və mineral həblərində tapa bilməzsiniz.
Daha çoxunun həmişə daha yaxşı olması demək deyil
Sağlamlığınıza fayda verəcəyini düşünərək həddindən artıq qəbul etdiyiniz qida əlavələri hüceyrə toksikliyi (zəhərlənmə) və ya digər qida maddələrinin sorulmasının azalması kimi bəzi problemlərə səbəb ola bilər. Bununla yanaşı, xüsusilə müalicə dövrlərində qəbul etdiyiniz müalicələrlə qarşılıqlı təsirə girərək onların yan təsirlərini azaltmaqla yanaşı, yan təsirləri artırmaları da mümkündür. Bu isə xəstəliyiniz üçün çox mənfi nəticələrə səbəb ola bilər. Belə bir vəziyyət iki tərəfi kəsərli qılınc kimidir. Bədənimizə fayda versin deyə qəbul etdiyimiz əlavə məhsullar təbii şəkildə yaranan qorunma mexanizminə mane ola bilər. Buna görə də daha çox qida əlavəsi qəbul etməklə yaxşılaşacağınızı düşünməməlisiniz.
Qida əlavələrinin elmi əsası varmı?
Qida əlavəsi tövsiyə edildikdə, sözügedən əlavə məhsulla bağlı aparılmış elmi araşdırma və nəticədə onun insan sağlamlığına töhfələri izah edilməlidir. Lakin bəzən aparılan araşdırmalardan əldə edilən nəticələr ümumi deyil, müəyyən bir qrupa və ya bölgəyə əsasən əldə edilmiş ola bilər. Məsələn, Yaponiyada yaşayan kişilərdə prostat xərçənginə rast gəlinmə nisbətinin daha aşağı olmasının səbəbi onların daha çox soya istehlak etməsi ilə əlaqələndirilə bilər. Bu, o qədər də doğru olmaya bilər. Çünki yapon kişiləri çoxlu miqdarda balıq, tərəvəz və meyvə də istehlak edirlər və bütün bu amillər prostat xərçəngi riskini azalda bilər.
Qida əlavələrini elmi araşdırmalara əsaslandırmağa çalışmalarının ən mühüm səbəbi bunun istehsalçılara maliyyə baxımından olduqca əhəmiyyətli gəlir gətirməsidir. Bu səbəbdən vitamin, mineral və digər əlavələr istehsal edən istehsalçılar bəzən hələ tamamlanmamış araşdırmanın nəticələrini təhrif edirlər. Hətta davam edən araşdırmaların natamam məlumatlarını və dəqiqləşdirilməmiş nəticələrini əsas kimi göstərirlər. Halbuki uzunmüddətli perspektivdə əlavə məhsulların insan sağlamlığına faydaları və zərərləri araşdırılaraq dəqiq nəticələr əldə edilməlidir. Bu səbəbdən qəbul etmək istədiyiniz və ya sizə tövsiyə olunan qida əlavəsinin üzərində yazılan elmi araşdırma nəticələri ilə bağlı mütləq həkiminizlə məsləhətləşməli, faydaları və zərərləri haqqında məlumat əldə etməlisiniz.
Şüurlu istehlakçı olun
Qida əlavəsinin qablaşdırmasında onun insan sağlamlığına faydaları elmi araşdırmalarla dəstəklənirsə; məsələn, paketin üzərində “döş sağlamlığını dəstəkləyir” kimi bir ifadə gördükdə özünüzdən “Bu, tam olaraq nə deməkdir?” deyə soruşun. Çox güman ki, məhsulun döş xərçəngi riskini azalda biləcəyinə dair qəti sübutun olmadığı məlum olacaq. Əlavə qida məhsulları bazarı diqqətimizi cəlb edə bilər, lakin unutmayın ki, bazarın iddialarının əksinə olaraq elmi araşdırmalar bu məhsulların faydalarını dəstəkləməyə borclu deyil. Daha konkret elmi araşdırma nəticələri əldə edilənə qədər qida əlavələrindən istifadə etmək əvəzinə daha sağlam qidalanmaq üçün təbii qidalar qəbul etmək faydalı olacaq.
Qida əlavəsi qəbul etmək nə vaxt məntiqlidir?
Əksəriyyətimiz bol miqdarda tərəvəz və meyvə istehlak edərək balanslı qidalansaq da, bəzi insanlar qida əlavələrindən fayda görə bilər.
- Qida allergiyası kimi sağlamlıq vəziyyətinə görə bəzi qidaları qəbul edə bilməyən və ya bəzi qida maddələrinin sorulmasına mane olan qaraciyər və ya mədə-bağırsaq xəstəlikləri olan insanlar
- Gündə 1,500 kaloridən az qəbul edə bilən, kalorisi məhdudlaşdırılmış pəhriz saxlayan insanlar
- Hamilə olan və ya hamiləlik planlaşdıran qadınlar üçün hamiləliyə xas bəzi vitaminlər
- Günəş işığına kifayət qədər məruz qalmamış və D vitamini çatışmazlığı olan insanlar
- B12 vitamininin sorulması yaş artdıqca azaldığı üçün ehtiyacı olduğu müəyyən edilən 50 yaşdan yuxarı insanlar
Əziz oxucularım, həqiqi qidalarla qidalanmaq ümumi sağlamlıq vəziyyətiniz üçün uzunmüddətli perspektivdə fayda verəcək “sehrli dərman” kimidir. Ölçülü və müxtəlif qidalarla qidalanmaq bizə ehtiyac duyduğumuz qida maddələrini təmin edəcək. Əgər həqiqətən qida əlavəsinə ehtiyacınız varsa, həkiminizə müraciət etməlisiniz. Həkiminiz sağlamlıq vəziyyətinizə və qəbul etdiyiniz dərmanlar varsa, onlara uyğun, sizə zərər verməyəcək əlavələr təyin edəcək. Həmçinin həkiminiz tərəfindən təsdiqlənən qida əlavəsini tövsiyə olunan miqdardan artıq istifadə etməyin. Bu məhsulları istehsal edən şirkətlərin verdiyi məlumatlara əsaslanaraq qətiyyən qərar verməyin. Daha da önəmlisi, qəbul etmək istədiyiniz əlavə məhsul haqqında nə bildiyinizə əmin olun. Unutmayın ki, sağlam qalmağın ən yaxşı yolu bol miqdarda tərəvəz və meyvə istehlak etmək və müntəzəm idmanla məşğul olmaqdır.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.