Sərf edilməmiş enerji artıqlığı: Piylənmə xərçəngə səbəb olurmu?

Hazırda xərçəng yaratma qabiliyyətinə ən çox malik mühit amili siqaretdir, sonra isə piylənmə gəlir. Lakin 2020 ilinə çatdıqda piylənmənin bütün dünyada əsas xərçəng amili olacağı təxmin edilir.
Uzun illərdir aparılan tədqiqatlar şəxslərdə artıq çəki artımı ilə bədənimizdə bəzi arzuolunmaz və xərçəngi stimullaşdıran maddələrin səviyyəsinin yüksəldiyini sübut etmişdir. Bu maddələr bəzi hormonlar və ya sitokin adlı hüceyrə stimullaşdırıcıları ola bilər. İnsulinəbənzər böyümə faktoru, estrogen və testosteron misal göstərilə bilər. Bu maddələrin uzunmüddətli artımı bədəndə xroniki iltihabi vəziyyəti stimullaşdırır və xərçəngin yaranma prosesini başladır. Qarın bölgəsində piylənmə, başqa sözlə bel-omba nisbətinin artması xərçəng prosesi ilə əlaqələndirilə bilər. Buna görə bu nisbətin ideal səviyyədə olması sağlam şəxslər üçün hədəf olmalıdır.
Artıq çəkili, yəni piylənmiş olmaq xərçəngə bağlı həyat itkisinə təxminən % 20 nisbətində töhfə verir. Artıq çəkili olmağın kişilərdə kolon və düz bağırsaq (yoğun bağırsaq), böyrək, qida borusu və mədəaltı vəzi xərçəngi daxil bir çox xərçəngin inkişaf riskini artırdığı müşahidə edilmişdir. Həmçinin öd kisəsi və qaraciyərdə xərçəngin inkişaf riskini artıra, qeyri-Hodgkin limfoması, çoxsaylı miyeloma və prostat xərçəngi riskində fəal rol oynaya bilər.
Son tədqiqatlara görə piylənmiş qadınlarda xərçəng görülmə ehtimalı normal çəkililərdən %40 yüksəkdir. Qadınlarda piylənmə ilə əlaqəli xərçənglər bağırsaq, sidik kisəsi, uşaqlıq, böyrək, mədəaltı vəzi, qida borusu və xüsusilə menopauzadan sonra görülən süd vəzi xərçəngləridir.
Çox sayda klinik tədqiqat xərçəng və balanssız qidalanmaya yönəlmişdir. Artıq çəkili şəxslərin müntəzəm qidalanma və məşqlə arıqlaması nəticəsində xərçəng risklərinin azaldığı göstərilmişdir. Çəki artımı ilə xərçəng əlaqəsində günahlandırılan ən mühüm mexanizm insulin müqaviməti və insulinəbənzər maddənin həddindən artıq ifrazıdır. Arıqlayan və sağlam həyata addım atan şəxslərdə bu mexanizm tərsinə dönür. Həyati risk daşıyan bir çox xəstəliyi stimullaşdırdığı məlum olan artıq çəkinin və ya piylənmənin qarşısını almaq üçün şəxslər arıqlamağa həvəsləndirilməli və dəstəklənməlidir.
Qidalanma formanıza və nə yediyinizə diqqət etməyiniz həm bədəninizin lazımi mineral və vitaminləri almasını təmin edəcək, həm də artıq çəki almağınızı əngəlləyərək piylənmənin qarşısını alacaqdır. Təbii tərəvəz, meyvə və tam taxıllı qidalar ağırlıqlı qidalanmağa çalışın. Yediyiniz qidaların dondurulmuş, çox yağlı, duzlu, şəkərli və ya qatqılı olmaması vacibdir. Yemək vaxtlarını ötürməyin və üç dəfə qidalanmağa diqqət edin. Günün ən mühüm yeməyi səhər yeməyini buraxmayaraq həm özünüzə yaxşılıq edin, həm də uşağınıza yaxşı nümunə olun. Qırmızı əti yandırmadan bişirərək kanserogen maddələrin sağlamlığınıza zərər verməsinə mane olun və həftədə bir dəfə ət istehlakına diqqət edin. Həmçinin həftədə 2-3 dəfə balıq yeməyiniz və toyuq əti istehlakınız omeqa-3 və vitamin ehtiyacınızı qarşılamağa töhfə verəcəkdir.
Müntəzəm və sağlam qidalanan uşaqlarınız artıq çəki almayacaqdır. Qəlyanaltı, şokolad, çips, yağ və şəkər olan qida və içkilərin istehlakını məhdudlaşdırın. Mümkünsə üzvi, bol təbii meyvə, tərəvəz və müəyyən nisbətlərdə ət, toyuq, balıq yemələrini təmin edin. Artıq çəki alan uşaqlarda xəstəliklərin inkişaf riski daha çoxdur. Artıq çəkili yetkinlərdə də xərçəngin inkişaf riskinin yüksək olduğu unudulmamalı mühüm məqamdır. Elə isə hər yaşda sağlam çəkidə qalmağa diqqət etmək lazımdır.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.