Art-terapiya ilə süd vəzi xərçəngi olan xəstələrin həyat keyfiyyətini yüksəltmək mümkündür

Xərçəng xəstəliyi xəstələrə fiziki olduğu qədər emosional da təsir edən, xəstənin sözlə ifadə etməsinin olduqca çətin olduğu bir proses yaşadır. Xəstəlik qavrayışını və prosesini ifadə etmək xəstələr üçün olduqca çətindir. Art-terapiya ilə sözlərə, cümlələrə ehtiyac duymadan xəstələrin özlərini ifadə etməsi mümkün olur.
Emosional və fiziki sağlamlığın inkişafı həyat keyfiyyəti ilə birbaşa bağlıdır. Dünya Səhiyyə Təşkilatı (World Health Organization - WHO) həyat keyfiyyətiniinsanların vəziyyətləri, mədəniyyətləri, dəyərləri, harada yaşadıqları, məqsədləri, gözləntiləri, standartları və narahatlıqları ilə bunları qavrama tərzinin müəyyən etdiyini bildirir. Bundan başqa, xərçəngin mərhələsi, xəstələrin psixoloji vəziyyəti, inancları, sosial münasibətləri və təbii mühitlə qurduqları əlaqə də həyat keyfiyyətinə təsir edir.
Süd vəzi xərçəngi olan xəstələr stress, bəzən ağrılar, həyatını itirmək qorxusu və narahatlıq kimi çətinliklər yaşayarkən həyat keyfiyyətləri bütün bu səbəblərdən aşağı düşür. Digər tərəfdən, saç tökülməsi və ya süd vəzinin itirilməsi ilə qadın görünüşündən uzaqlaşmaq düşüncəsi xəstələrin enerjisini azaldır və onları qorxudur. Emosional baxımdan mənfi və çətin hallar yaşayan süd vəzi xərçəngli xəstələr özlərini ailə və dostlarından təcrid edə bilirlər. Yaşanan bu stresslər gündəlik həyatlarına mənfi təsir edir.
Tibbi müalicələr fiziki sağalma üçün tətbiq edilərkən psixoloji çətinlikləri art-terapiya ilə yüngülləşdirmək mümkün ola bilər. Art-terapevt Malchiodiyə görə, incəsənət vasitəsilə ən dərin və əlçatmaz duyğu və hissləri belə üzə çıxarmaq mümkündür. Düzgün art-terapiya üsulları ilə süd vəzi xərçəngli xəstələrin özlərini yaxşı hiss etməsini təmin edərək həyat keyfiyyətlərini artırmaq mümkün ola bilər.
Tədqiqat
Süd vəzi xərçəngi diaqnozlu 41 qadın xəstə ilə İsveçrədə Umea Universitet Xəstəxanasının Onkologiya şöbəsində, metastatik olmayan xəstə qrupunda radioterapiyadan sonra aparılan tədqiqat. 20 nəfərlik art-terapiya qrupu və 21 nəfərlik nəzarət qrupu yaradılan xəstələrin orta yaşı 55-dir. Onlar həftədə bir dəfə olmaqla beş seans art-terapiyada iştirak ediblər. Art-terapevtin rəhbərliyi ilə keçirilən seanslarda qadın xəstələrin həm mənfi, həm də müsbət duyğularını ifadə etmələri üçün sərbəst məkan yaradılıb və onlar təşviq ediliblər. Eyni zamanda bütün bu təcrübə və inkişaflarının müşahidəsi üçün xəstələr gündəlik tutublar. Seanslar zamanı bütün xəstələr eyni materiallardan istifadə ediblər; müxtəlif ölçülü kağızlar, 48 müxtəlif rəngli yağlı pastel boya, qara karandaş, yağlı boya, rəngli karandaşlar, lent, fırça və köməkçi təmizləmə vasitələri. Art-terapevtin uyğun hesab etdiyi üsul dəstəklənərək tətbiq edilib və seanslar tamamlanıb.
Tədqiqat nəticəsində 6 ay davam edən tibbi müalicə ilə paralel gedən art-terapiya seansları sayəsində art-terapiya qrupunun həyat keyfiyyətinin nəzarət qrupuna nisbətən olduqca əhəmiyyətli dərəcədə artdığı bildirilib. Güclü narahatlıq, qorxu, stress, özünü sosial mühitdən təcrid etmə, münasibətlərin zədələnməsi, bədbəxtlik kimi duyğu və vəziyyət pozuntularının həyat keyfiyyəti ilə birlikdə müsbət istiqamətdə inkişaf etdiyi müşahidə edilib.
Gələcəyə baxışı dəyişən xəstələrin yeni arzuları və ümidləri daha müsbət yaşamalarına kömək edib. Fiziki görünüşlərinin öhdəsindən daha güclü şəkildə gələn və onunla barışan, mənfi hisslərdən uzaqlaşan xəstələrin tibbi müalicə proseslərinin də müsbət keçdiyi müşahidə edilib.
Mənbələr
Art therapy improves experienced quality of life among women undergoing treatment for breast cancer: a randomized controlled study. European Journal of Cancer Care 18, 69-77 (2009).
2. Malchiodi C.A.
Invasive art: art as empowerment for women with breast cancer
In: Feminist Approaches to Art Therapy, 1st edn.( ed. Hogan S.) pp. 49-64. Routledge, London, UK. (1999)
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.