Avokadoda olan birləşmə leykemiya müalicəsində ümid vəd edir

Qida dəyəri yüksək, B, E, K vitaminləri və kalium mineralı ilə olduqca zəngin avokado eyni zamanda qanda pis xolesterini azaldıcı təsirə malikdir. Şimali Amerika və Avropa ölkələrində salat və sous şəklində tez-tez istehlak edilən, lakin süfrələrimizdə yetərincə yer tapmayan avokadonun tərkibi bunlarla məhdud deyil. Kanadada aparılan tədqiqatda avokadodakı Avocatin B adlı birləşmənin kəskin miyeloid leykemiyada xərçəng hüceyrələrinin öldürülməsində fayda verə biləcəyi göstərilmişdir.
Qan xərçəngi kimi də tanınan leykemiya sümük iliyinin anormal hüceyrələrlə dolması və bu hüceyrələrin qanla yayılması nəticəsində əlamət verən xərçəng növüdür. Leykemiyalar kəskin və ya xroniki, hüceyrə növünə görə isə ümumən miyeloid və limfoid kimi təsnif edilir. Limfoid leykemiyalar ağ qan hüceyrələrindən limfositlərdən qaynaqlanır. Miyeloid leykemiyalar isə digər ağ qan hüceyrələri olan qranulosit və monositlərdən qaynaqlanır və onların sələf gənc hüceyrələri miyeloblastların anormal çoxalması nəticəsində yaranır. Kəskin miyeloid leykemiyada (AML) funksiya göstərməyən gənc hüceyrələr yetkin ağ qan hüceyrələrinə çevrilə bilmədiyindən bədən mikroblara qarşı müdafiəsiz qalır. Eyni zamanda sümük iliyində qırmızı qan hüceyrələrinin və laxtalanmaya cavabdeh hüceyrələrin yaranması pozulur. Laxtalanma anormallıqları ilə anemiya və buna bağlı halsızlıq, nəfəs darlığı, tez yorulma kimi problemlər ortaya çıxır. Xəstəliyin müalicəsində ilk hədəf xərçəng hüceyrələrini mümkün qədər məhv etməkdir. Bunun üçün müalicənin əsasını xərçəng hüceyrələrinin öldürülməsini hədəfləyən kimyaterapiya dərmanları təşkil edir. Bu müalicəyə cavab alınmayan və ya xəstəliyi təkrarlayan xəstələrdə isə yüksək dozalı kimyaterapiya və sümük iliyi transplantasiyası qalan məhdud seçimlərdir. Kəskin miyeloid leykemiyada müalicələri inkişaf etdirmək üçün göstərilən bütün səylərə baxmayaraq ömür müddətləri qısadır. Buna görə bu xəstələrin müalicəsində təsirli olacaq yeni üsul və strategiyalar üzərində işlənilir. Kanadada aparılan tədqiqat bu xəstələr üçün hazırlanacaq yeni dərmanlar baxımından ümidverici, lakin ehtiyatla yanaşılmalı inkişafdır.
AML-li xəstələrdən əldə edilən hüceyrələr üzərində laboratoriya şəraitində aparılan bu tədqiqatda avokado meyvəsindəki Avocatin-B adlı birləşmənin AML-də hüceyrəöldürücü aktivliyə malik olduğu müəyyən edilmişdir. Həmçinin tədqiqatda Avocatin-B xərçəng hüceyrələrinin yaşama qabiliyyətini azaltdığı halda normal qan hüceyrələrinə təsir etməmişdir. Avocatin-B xərçəngləşməni stimullaşdırdığı məlum olan reaktiv oksigen növlərinin yaranmasını azaltmış, mitoxondridən müəyyən zülalların, hüceyrə ölümünü stimullaşdıran amillərin və fermentlərin ifrazını təmin etmişdir. Bu vəziyyət reaktiv oksigen növlərindən asılı leykemiya hüceyrələrinin ölümünə səbəb olmuşdur. Lakin tədqiqat laboratoriya şəraitində aparıldığından hazırda bu barədə qəti danışmaq düzgün deyil. Tədqiqatın məna ifadə etməsi üçün xəstələrdə aparılan klinik tədqiqatlara ehtiyac vardır. Buna hazırlaşdığını bildirən araşdırma qrupunun yeni tədqiqatları da dərc edildikdə mütləq sizinlə paylaşacağıq.
Nəticə etibarilə, bu tədqiqatAvocatin-B-nin gələcəkdə dərman komponentləri arasında yer alması üçün yaxşı başlanğıcdır. Lakin bu tədqiqatdan çıxarılacaq nəticə qətiyyən AML xəstələrinin bol-bol avokado istehlak etməli olması deyil. Yalnız avokadonu deyil, hər cür qidanı ölçülü istehlak etmək, müalicə məqsədilə yüksək miqdarda qəbul etməmək lazımdır. Zərərli olmayacağını düşündüyünüz bitkilər müalicə məqsədilə istifadə edildikdə tərkibindəki maddələr lazım olduğundan artıq alınır və bəzən ciddi zərərlərə belə səbəb olur. Buna görə həkimlərinizin xəbəri olmadan müalicə məqsədilə heç bir məhsul istifadə etməyin.
Mənbələr
Targeting Mitochondria with Avocatin B Induces Selective Leukemia Cell Death
doi: 10.1158/0008-5472.CAN-14-2676 Cancer Res June 15, 2015 75; 2478
https://cancerres.aacrjournals.org/content/75/12/2478.abstract?sid=e46479bd-f79c-4b09-88f3-dd7b0a4e0c56
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.