Beyin şişində ICT-107 adlı yeni vaksin ümid verir

Dünya Neyroonkologiya Federasiyasının toplantısında ictimaiyyətlə paylaşılmış tədqiqat nəticələri ICT-107 ilə vaksin olunan 16 glioblastoma multiforme xəstəsindən 8-nin diaqnoz qoyulduqdan sonra ömrünün 5 ildən çox uzandığını göstərmişdir.
Aqressiv beyin şişi növü olan glioblastoma multiforme (GBM-mərkəzi sinir sisteminin bədxassəli şişi) daha çox yetkinlərdə görülür. Ən geniş yayılmış beyin şişi kimi tanınmasına baxmayaraq, 100.000 nəfərdən 2 və ya 3 nəfərə diaqnoz qoyulur. Bu xəstəliyin prioritet müalicə forması cərrahiyyədir. Sonra tamamlayıcı müalicə kimi radioterapiya və kimyaterapiya tətbiq edilir. Diaqnozdan sonra standart müalicə ilə orta ömür 15 aydır. 5 ildən çox yaşayan xəstələrin sayı isə %10-u keçmir. Aqressiv müalicələr tətbiq edilsə belə, bu cür beyin şişində ömür uzun olmadığı üçün tədqiqatçılar xəstəliyin müalicəsi üçün yeni üsul axtarışlarını sürətlə davam etdirirlər.
Bu səbəbdən glioblastoma multiforme müalicəsinin daha təsirli olması üçün intensiv səy göstərən alimlər ICT-107 adlandırılan yeni vaksinin xəstəliyə təsirlərini araşdırmışlar. ICT-107 adlı vaksin xərçəng hüceyrələrinə qarşı immun sistemini hərəkətə gətirmək və şişi öldürmək üçün hazırlanmışdır və immun sistemində “işğalçıları” ayırd edə bilən antigen təqdim edən hüceyrələr olan dendritik hüceyrələrdən ibarətdir. Xəstələrdən alınan qan nümunələrindəki ağ qan hüceyrələrindən əldə edilən bu vaksin qlioblastoma hüceyrələrinin inkişafında rol oynayan 6 antigeni hədəfləyir. Hüceyrələr laboratoriya şəraitində bu 6 antigenin sintetik peptidlərindən istehsal edilmişdir. Bu proses dendritik hüceyrələri öyrədərək şiş antigenlərini hədəfləməsini təmin edir. Xəstəyə inyeksiya edilən vaksindəki “yeni” dendritik hüceyrələr şiş hüceyrələrini tapıb məhv etməyi planlaşdırır. ICT-107-nin tətbiq forması standart radioterapiya və kimyaterapiyadan sonra iki həftəlik aralıqlarla üç dəfə kimi hazırlanmışdır.
Bu vaksinlə bağlı aparılan tədqiqatın nəticələri dörd ildən bir keçirilən Dünya Neyroonkologiya Federasiyasının toplantısında ictimaiyyətlə paylaşılmışdır. Tədqiqat nəticələri diaqnoz qoyulduqdan sonra ICT-107 ilə vaksin olunan 16 glioblastoma multiforme xəstəsinin 8-də ömrün 5 ildən çox uzandığını göstərmişdir.
İlk mərhələdə təhlükəsizliyi araşdırılan yeni vaksinlə bağlı əldə edilən məlumatlar 16 glioblastoma multiforme xəstəsinin 8-də ömrün 5 ildən çox uzandığını, 7 xəstənin isə hələ də sağ olduğunu göstərmişdir. Bu qrup xəstələrdə diaqnoz qoyulduqdan sonrakı ömür aralığı 60.7 ilə 82.7 ay arasında dəyişir. Həmçinin bu xəstələrin 6-da diaqnozdan sonra xəstəlik irəliləmədən yaşama müddəti 5 ildən çox müəyyən edildiyi halda, yaxşı həyat keyfiyyəti ilə həyatlarını davam etdirən 4 xəstədə xəstəlik görülmədən yaşama müddəti aralığı 65.1 ilə 82.7 ay kimi aşkar edilmişdir. Xəstələrdən 1-i beyin xərçəngi olmadan 5 il həyatına davam etmiş, lakin 5 il sonra leykemiya (qan xərçəngi) səbəbindən həyatını itirmişdir.
Nəticə olaraq, glioblastoma multiforme xəstələrində standart orta ömür 15 ay kimi göstərildiyi halda, tədqiqat nəticələrində ICT-107 vaksini ilə xəstədə əldə edilən orta ömrün 38.4 ay olduğu aşkar edilmişdir. Xəstəlik irəliləmədən yaşama müddəti isə standart müalicədə 7 ay olduğu halda, ICT-107 adlı vaksinlə 16.9 aya çıxmışdır. Bu sahədə tədqiqatlar hələ də davam edir.
Bu qədər aqressiv xərçəng növündə əldə edilən sevindirici nəticələr xəstələr və biz həkimlər üçün ümidverici xarakter daşıyır. Xərçəng xəstəliyində aparılan bu cür tədqiqatların davamlılığı yaxın gələcəkdə daha müsbət nəticələr əldə edilməsini təmin edəcəkdir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.