Döş xərçəngində cərrahi əməliyyatdan sonra qoruyucu məqsədli kimyaterapiya gecikdirilməməlidir

Döş xərçəngi əməliyyatından sonra qoruyucu məqsədlə tətbiq olunan kimyaterapiya gecikdirilməməlidir. Xüsusilə xəstəlikləri 2. və 3. mərhələdə olan üçlü neqativ və HER2 pozitiv döş xərçəngi olan şəxslərdə ilk 30 gündə müalicəyə başlamaq xəstələrin yaşam müddətinə müsbət təsir göstərir.
Döş xərçəngi xəstələrinin demək olar ki, çoxuna əməliyyatdan sonra xəstəliyin təkrarlanmasının qarşısını almaq məqsədilə qoruyucu məqsədli kimyaterapiyaya başlanılır. Əməliyyatdan sonra sağalma prosesinin uzanması və ya xəstələrin növbəti müalicəyə uyğunlaşması səbəbindən kimyaterapiyaya başlama prosesi çox vaxt gecikir.
Bu mövzuda 2006-da aparılan bir araşdırmada, 12 həftəyə qədər kimyaterapiya müalicəsinin gecikdirilə biləcəyi barədə məlumat əldə edilmişdir. Lakin bu müddətin uzun olması səbəbindən tədqiqatın nəticələri bizi, onkoloqları, tam olaraq inandırmağa kifayət etməmişdir. Çünki qoruyucu müalicəyə başlamaq üçün 12 həftə uzun müddətdir. Əməliyyatdan sonra əsas şişi çıxarılmış xəstələrdə mikrometastaz adlandırdığımız, gözlə görünməyən və bədənə yayılan xərçəng hüceyrələrinin böyümə sürətində artımın baş verməsi elmi baxımdan mümkündür. Qoruyucu müalicənin məqsədi də əməliyyatdan sonra bu hüceyrələri məhv edərək xəstəliyin təkrarlanma göstəricilərini azaltmaqdır. Son aparılan araşdırma isə belə mühüm bir suala cavabı bizi, onkoloqları, inandıracaq səviyyədə vermişdir.
Tədqiqatın nəticəsində, döş xərçəngi əməliyyatından sonra gözlə görə bilmədiyimiz hüceyrələri məhv etmək və xəstəliyin təkrarlanmasını azaltmaq məqsədilə verdiyimiz müalicənin mümkün qədər qısa müddətdə başlanmasının xəstələrə müsbət təsir göstərəcəyi müşahidə edilmişdir. Həmçinin müalicənin gecikdirilməsinin, xüsusilə yüksək riskli və ya II və III mərhələdə olan xəstələrə mənfi təsir göstərəcəyi və xərçəngin təkrarlanma ehtimalını artıracağı göstərilmişdir ki, bu da çox mühüm məlumatdır.
Aparılan tədqiqatda ilk 30 gün və 60 gün sonrasında əldə edilən məlumatlar müqayisə edilmişdir. İlk 30 gün ərzində müalicə alan xəstələrdə həm sağqalımın, həm də xərçəngin təkrarlanma riskinin əhəmiyyətli dərəcədə azaldığı görülür. Xüsusilə II və III mərhələ döş xərçəngi olan xəstələrdə, bununla yanaşı, daha aqressiv xarakterə malik HER2 reseptor-pozitiv və üçlü neqativ xəstə qruplarında, xüsusilə ilk 1 ay ərzində kimyaterapiya müalicəsinə başlanmasının tövsiyə edə biləcəyim son dərəcə dəyərli məlumat olduğu qənaətinə gəlmişəm. Xəstələrimizə və həkim həmkarlarıma tövsiyəm budur: xüsusilə döş xərçəngi əməliyyatından sonra II və III mərhələdə olan, eyni zamanda HER2 pozitiv və üçlü neqativ xərçəng növünə malik xəstələrin ilk 1 ay ərzində qoruyucu (adjuvant) müalicəyə başlanması üçün hazırlanması və müalicə planının buna uyğun qurulmasıdır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.