Əməliyyatdan sonra qoruyucu məqsədlə tətbiq edilən qismən süd vəzi radioterapiyasının bütün süd vəzi radioterapiyası ilə müqayisəsi

Süd vəzi xərçəngi əməliyyatından sonra xəstəliyin təkrarlanma riskini azaltmaq üçün tətbiq olunan adyuvant radioterapiyada bütün süd vəzini şüalandırmaq əvəzinə sürətləndirilmiş qismən süd vəzi radioterapiyasına (accelerated partial-breast irradiation) güclü meyil var. Bunun səbəbi xərçəngin süd vəzində əsasən ilk yarandığı sahədə və ya yaxınlığında təkrarlanmasıdır. Sürətləndirilmiş qismən süd vəzi radioterapiyası ilə müalicəni xərçəngin ilk yarandığı sahə ilə məhdudlaşdıraraq mümkün yan təsirləri azaltmaq və müalicəni daha qısa müddətdə (adətən təxminən 1 həftə) tətbiq etmək mümkündür.
Sürətləndirilmiş qismən süd vəzi radioterapiyası müxtəlif üsullarla tətbiq edilə bilər: eksternal radioterapiya [konformal (yalnız şişi və yayıldığı sahəni əhatə edən daha lokal üsul) və ya intensivliyi modulyasiya edilmiş radioterapiya (sağlam toxumalara daha az zərər verərək hədəf sahəyə yüksək doza radiasiya çatdırma üsulu)], yaxud interstisial multikateterli braxiterapiya–intrakavitar braxiterapiya və ya adətən ilkin şişin əməliyyatı zamanı tətbiq edilən intraoperativ radioterapiya kimi müxtəlif üsullar.
Amerikada sürətləndirilmiş qismən süd vəzi radioterapiyası üçün ən çox istifadə olunan üsul xaricdən radioterapiyadır (eksternal radioterapiya). Amerikalı radiasiya onkoloqlarının əksəriyyəti toxuma daxilinə tətbiq edilən braxiterapiyanın (interstisial multikateterli braxiterapiya) istifadəsi üzrə yetərli təcrübəyə malik deyil.
ASCO Post jurnalında yayımlanan 5 illik Avropa GEC-ESTRO tədqiqatında sürətləndirilmiş qismən süd vəzi radioterapiyası ilə bütün süd vəzi radioterapiyası müqayisə edilib. Bu tədqiqatın nəticələri ümidvericidir. Süd vəzini qoruyucu müalicə alan, mərhələ 0, I və ya IIA süd vəzi xərçəngi olan 1184 qadında toxumadaxili braxiterapiya üsulu ilə tətbiq olunan adyuvant sürətləndirilmiş qismən süd vəzi radioterapiyası bütün süd vəzi radioterapiyası ilə müqayisə edildikdə xərçəngin lokal təkrarlanması, xəstəliksiz sağqalım, toksiklik və ya ümumi ömür müddətində fərq müşahidə edilməyib.
5 illik tədqiqat nəticələri ilə qismən süd vəzi radioterapiyası bütün süd vəzi radioterapiyasını əvəz edə bilərmi?
Sürətləndirilmiş qismən süd vəzi radioterapiyasından əldə edilən məlumatların bütün süd vəzi radioterapiyasından əldə edilən məlumatlara bərabər olduğunu demək hələ tezdir. Tədqiqatların yetişkin 10 illik nəticələrini əldə etmək lazımdır. 5 illik tədqiqat nəticələri ümid vəd edir, lakin 10 illik nəticələr həm şişə nəzarət, həm də yan təsirlər baxımından problemli görünür. Nəticə olaraq, 10 illik nəticələr aydınlaşana qədər süd vəzi xərçəngli xəstələrə qismən süd vəzi radioterapiyasını tövsiyə etməkdə ehtiyatlı olmaq lazımdır.
Mənbələr
5-Year Results of GEC-ESTRO Trial of Accelerated Partial-Breast Irradiation vs Whole-Breast Irradiation: Is There Any Impact?
https://www.ascopost.com/issues/november-25,-2015/5-year-results-of-gec-estro-trial-of-accelerated-partial-breast-irradiation-vs-whole-breast-irradiation-is-there-any-impact.aspx
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.