Erkən mərhələli süd vəzi xərçənginin müalicəsində yeni dərman: Neratinib

Xərçəng təbabətində ən böyük inkişaf şübhəsiz süd vəzi xərçənginin müalicəsində olmuşdur. İlk hormon müalicəsi (tamoksifen) və ilk hədəfə yönəlmiş ağıllı dərman müalicəsi (trastuzumab) süd vəzi xərçəngini anlamaq və müalicə etmək üçün böyük səylərin nəticəsidir. Aparıcı elmi jurnallardan NEJM-də yeni yayımlanan tədqiqat gələcəkdə süd vəzi xərçəngi müalicəsində mühüm yeri olacağı düşünülən neratinib adlı dərman haqqındadır.
Neratinib tirozin kinaza inhibitorudur. İnsan Epidermal Böyümə Faktoru Reseptorlarının (EGFR, HER2, HER4) hüceyrədaxili hissəsinin tirozin kinaza fəaliyyətini geri dönməz əngəlləyir və bununla xərçəng hüceyrəsindəki böyümə və çoxalma siqnallarını basqılayır.
Yazımızın mövzusu olan I-SPY 2 tədqiqatı çoxmərkəzli randomizə edilmiş faza 2 tədqiqatıdır. Daxil edilən bütün HER2 müsbət - hormon reseptoru mənfi xəstələrə standart kimyaterapiya rejimi olan 4 kurs siklofosfamid-adriamisin və 12 həftə paklitaxel verilmişdir. Tədqiqat dərmanı neratinib paklitaxelin yanına əlavə edilərək standart qolla müqayisə edilmişdir.
Tədqiqatın birincili sonlanma nöqtəsi patoloji tam cavab, ikinciləri hadisəsiz və ümumi sağqalımdır. Bu Faza II tədqiqatda əvvəlcə xəstələr HER2, hormon reseptoru vəziyyəti və 70 gen analizli mamoprint vasitəsilə 10 prospektiv alt qrupa randomizə edilmişdir. HER 2 müsbət, hormon reseptoru mənfi qrupda müalicə zamanı çəkilən MRI-da şişin kiçilməsinə görə patoloji tam cavab proqnozu (Bayesian prediktiv ehtimalı) hesablanmışdır. Yüksək Bayesian prediktiv ehtimalı ilə uğurlu biomarker imzası olan qrup faza III tədqiqata alınmışdır.
Nəticəyə görə HER2 müsbət - hormon reseptoru mənfi xəstə qrupunda faza III-də neratinib kombinasiyası ilə çox yaxşı göstərici olan %56 patoloji tam cavab əldə edilmiş, nəzarət qolunda isə %33 olmuşdur.. Neratinib qolunda ən çox görülən əlavə təsirlər neytropeniya (ağ qan hüceyrələrinin azlığı), ishal və qaraciyər fermentlərinin yüksəlməsi kimi bildirilmişdir.
Nəticə olaraq, HER2 müsbət - hormon reseptoru mənfi süd vəzi xərçəngində standart kimyaterapiyaya neratinib əlavə olunmasının müalicə uğurunu əhəmiyyətli artırdığı göstərilmişdir. Gələcəkdə bu xəstə qrupunda neratinibin standart müalicənin hissəsi olması ümid edilir.
Mənbələr
Adaptive Randomization of Neratinib in Early Breast Cancer.
N Engl J Med 2016; 375:11-22July 7, 2016DOI: 10.1056/NEJMoa1513750
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.