Filloid şiş nədir? Əlamətləri və müalicəsi

Filloid / filloides şişi, döş xərçənginin nadir alt növüdür, lakin döş xərçəngi ilə eyni deyil. Bu şişlər döş xərçənginə nisbətən xeyli nadir görülür və adətən benigndir (xoşxassəlidir), yəni xərçəngli deyil.
Filloid şiş hüceyrələrinin formaları yarpaqlara bənzəyir və buna görə adını yunanca “yarpağabənzər” mənasını verən “phyllodes” sözündən alır.
Filloid şişlər bütün döş şişlərinin %1-dən az hissəsini təşkil edir. Çox vaxt xoşxassəli olsalar da, filloid şişlərin təxminən %10-u xərçənglidir.
40-lı yaşlarında qadınlar və Li-Fraumeni sindromu adlandırılan nadir irsi genetik vəziyyətə malik fərdlər filloid şişlər baxımından yüksək risk altındadır. Həmçinin olduqca nadir hallarda kişilərdə də görülə bilər.
Filloid şiş nədir?
Filloid şiş döşün birləşdirici toxumasında başlayan nadir şişlərdir. Döş xərçəngindən fərqli olan bu şişlər xərçəngli deyil. Lakin filloid şişlərin təxminən %10-u xərçəngli olduğu halda, qalan hissənin sərhəddə (xoşxassəli ilə bədxassəli arasında) olduğunu demək olar. Klassik döş xərçəngləri süd axacaqlarını yaradan epitel hüceyrələrində inkişaf edir.

Yuxarıdakı şəkil: a) Normal döşün mammoqrafiya görüntüsü; b) Filloid şişin mammoqrafiya görüntüsü
Filloid (ingiliscə Phyllodes) şişlər sistosarkoma filloides kimi də tanınır. Çılpaq gözlə və mikroskop altında fibroadenomalara bənzəyirlər. Bu şişlər benign, borderline (sərhəddə) və ya bədxassəli kimi təsnif edilə bilər; lakin əksəriyyəti xoşxassəlidir. Döş xərçənglərinin %1-dən azını təşkil edirlər.
Filloid şişlər sürətlə böyüyür, lakin adətən döşdən kənara metastaz (yayılma) vermirlər. Əksəriyyəti xoşxassəli olsa da, şişin daha çox böyümə riskinin qarşısını almaq üçün əməliyyat tövsiyə edə bilirik.
Bu tip şişlər istənilən yaşda yarana bilər, lakin daha çox 40-lı yaşlarındakı qadınlarda görülür. Gənc qadınlarda isə bu şişlərin xoşxassəli olma ehtimalı daha yüksəkdir. Bununla belə, olduqca nadir hallarda kişilərdə də görülə bilər.
Filloid şişlərin səbəbləri nələrdir?
Filloid şişlərin dəqiq səbəbləri hələ mütəxəssislərə məlum deyil. Hormon tarazlığının pozulması bu vəziyyətdə rol oynaya bilər və müəyyən amillər insanda filloid şişlərin inkişaf riskini artıra bilər;
- Travma
- Hamiləlik
- Estrogen aktivliyinin artması
- Əmizdirmə
Bu amillərin şişin yaranmasına necə səbəb olduğu tam anlaşılmayıb. Bununla belə, fibroblast böyüməsini stimullaşdıran endothelin-1 adlı zülalın bu prosesə töhfə verdiyi düşünülür. Fibroblastlar birləşdirici toxumada struktur çərçivə yaratmaq üçün kollagen zülalı ifraz edən hüceyrələrdir.
Filloid şişlərin əlamətləri
Filloid şişlərin ən geniş yayılmış əlaməti dərini gərən və asanlıqla hiss edilən sərt düyündür. Bu düyünlər adətən döşün yuxarı xarici hissəsində yaranır. Bu şişlər damarları da gərə və ya şişirdə bilər, beləliklə döş mavi və ya yaşıl rəng alır.
Bu şişlər sürətlə böyüməyə meyillidir və ölçüləri 1 ilə 45 cm arasında dəyişə bilər. Bəzi hallarda bütün döş bu vəziyyətdən təsirlənə bilər. Adətən ağrısız olurlar. Bəzi insanlar döş giləsindən qanlı axıntı hiss edə bilər, lakin döş giləsinin içəri dönməsi və qanlı yara yaranması nadirdir.
Filloid şişlərə diaqnoz necə qoyulur?
Filloid şişlər bütün döş şişlərinin %0,3 ilə 1-ni təşkil edən nadir şişlərdir. Buna görə tanınması çətin ola bilər və bu da diaqnozu çətinləşdirə bilər. Digər böyümələrlə qarışdırılması mümkündür.
Məsələn, filloid şiş fibroadenoma adlanan digər döş kütlələri kimi görünə bilər. Fibroadenoma normal döş hüceyrələrindən böyüyən xoşxassəli düyündür. Ən çox rast gəlinən döş kütləsi olan fibroadenomalar adətən gənc qadınlarda inkişaf edir. Bəzi tədqiqatçılar filloid şişlərin fibroadenomaların bir növü ola biləcəyini irəli sürürlər. Lakin bu iki törəmə arasında 2 əsas fərq var;
- Filloid şişlər fibroadenomalardan daha sürətli böyüməyə meyillidir.
- Filloid şişlər 40-lı yaşlarda inkişaf etməyə meyilli olduğu halda, fibroadenomalar adətən 20-li və 30-lu kimi daha erkən yaşlarda özünü göstərir.
Bu iki fərq mütəxəssislərin diaqnoz qoymasına kömək edə bilər.
Diaqnoz üçün görüntüləmə seçimləri
Digər şişlərdə olduğu kimi filloid şişə diaqnoz qoymaq üçün mammoqrafiya, MR (maqnit rezonans görüntüləmə) və ya ultrasəsdən istifadə edilir.
Mammoqram nəticəsində kənarları aydın olan dairəvi kütlə aşkar ediləcək. Bəzi hallarda şişin yumru payları ola bilər.
MR və ya ultrasəs görüntüləmə üsulları ilə döş toxumasının daha ətraflı təsviri əldə ediləcək.
Biopsiya
Biopsiya test etmək üçün toxuma nümunəsi götürülməsini əhatə edən prosedurdur və yalnız döş biopsiyası kütlənin filloid şiş olub-olmadığını təsdiqləyə bilər.
Bu məqsədlə adətən qalın iynə biopsiyasını (Trucut) tövsiyə edirik. Qalın iynə biopsiyası içiboş iynə ilə dəridən nümunə götürülməsini əhatə edir.
Şiş tipini təsdiqləməklə yanaşı biopsiya şişin benign (xoşxassəli) və ya bədxassəli (xərçəng) olub-olmadığını və sərhədlərinin olub-olmadığını müəyyən etməyə kömək edə bilər.
Şişin təsviri
Xoşxassəli şişin xüsusiyyətləri;
- Kənarları aydındır
- Sürətlə bölünməyən hüceyrələrdir
- Normal görünməyən birləşdirici toxuma hüceyrələri
- Birləşdirici toxuma hüceyrələrində həddindən artıq böyümə olmur
Bədxassəli şişin xüsusiyyətləri;
- Qeyri-müntəzəm kənarlar
- Sürətlə bölünən hüceyrələr
- Normal olmayan görünüşlə birləşdirici toxuma hüceyrələrinin həddindən artıq böyüməsi
Xüsusən çoxlu birləşdirici toxumanın həddindən artıq böyüməsi ilə yaranan bədxassəli şişlər sürətlə böyüyür və döşdən kənara yayılır.
Filloid şişlər necə müalicə edilir?
Filloid şişlərin yeganə müalicəsi böyüyən törəmənin tam çıxarılmasıdır. Bu, əlavə şişlərin yaranmasının qarşısını alacaq və şişin mövcudluğundan doğan fəsadları dayandıracaq. Bu prosesdə şiş və ətrafından ən azı 1 cm toxuma cərrahi əməliyyatla çıxarılır.
İnsanın filloid şişi bədxassəlidirsə, xoşxassəli şiş kimi yenə əməliyyatla çıxarılacaq. Çünki bu şişlər hormon müalicəsinə, radioterapiyaya və kimyaterapiyaya təəssüf ki, cavab vermirlər.
Filloid şişlər residiv verdikdə (təkrarlandıqda) mastektomiya tövsiyə edilə bilər. Mastektomiya döşün hamısının və ya bir hissəsinin çıxarıldığı cərrahi əməliyyatdır.
Xoşxassəli filloid şiş döşdən kənara yayılmasa da, daha geniş böyüməsinin qarşısını almaq üçün müalicə edilməlidir. Əks halda düyün görünən ola və dəri qatına zərər verə bilər. Bu da ağrıya və vəziyyətdən narahat olmağınıza səbəb ola bilər.
Filloid şiş çıxarıldıqdan sonra insan əməliyyat nahiyəsində ağrı hiss edə bilər. Bundan başqa fəsadlar nadir görülür.
Xoşxassəli filloid şişlər bədxassəlilərlə müqayisədə daha az təkrarlanır. Bu prosesdə əməliyyatdan sonra hər hansı residivin olub-olmadığı yoxlanılacaq.
Xoşxassəli şişləri olan insanlar üçün gedişat daha müsbətdir. Bədxassəli şişi olan insanlar üçün isə 10 illik sağqalma göstəricisi %87-dir. 2019 tarixində dərc edilmiş və filloid şişi olanları 1957 ilə 2017 illəri arasında qiymətləndirən tədqiqata görə, pis xüsusiyyətli olmayan şişi olanlar üçün 10 illik xəstəliyə xas sağqalma təxminən %100 idi.
Müalicə edilməyən şişlər hətta xoşxassəli olsa belə bəzi fəsadlara səbəb ola bilər. Buna görə döşündə hər hansı dəyişiklik hiss edənlərin mütləq mütəxəssisə müraciəti tövsiyə edilir.
Filloid şişlər xərçəng riskini artırırmı?
Bədxassəli filloid şiş təkrarlanarsa, bu tip şişin döşdən kənara yayılma riski azdır. Bütün filloid şişlərin %5-dən azı başqa yerdə təkrarlanır.
Xoşxassəli filloid şişin olması isə insanın döş xərçəngi kimi başqa xərçəngə tutulma riskini artırmır.
Xülasə
Filloid şişlər döş şişlərinin nadir formasıdır və əksəriyyəti xoşxassəlidir. Nadir görüldüklərindən bu şişlərin yaranmasına nəyin səbəb olduğu hələ bilinməsə də, hormonların rol oynadığı düşünülür. Filloid şişlərin müalicəsi şişin əməliyyatla çıxarılmasını və təkrarlanmadığına əmin olmaq üçün müntəzəm izlənməsini əhatə edir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.