GVAX və CRS-207 adlı iki vaksin metastatik mədəaltı vəzi xərçəngində sağqalma müddətini uzadır

San-Fransiskoda, Kaliforniyada keçirilən 2014 Mədə-bağırsaq Xərçəngi Simpoziumunda nəticələri ictimaiyyətə açıqlanan araşdırmaya görə, metastatik mədəaltı vəzi xərçəngi olan xəstələrə ardıcıl olaraq tətbiq edilən GVAX və CRS-207 adlı iki vaksin sağqalma müddətini uzadır.
Bütün dünyada mədəaltı vəzi xərçənginə bağlı ölüm %5 və ya daha aşağıdır. Bu göstərici ölkəmizdə %5-10 arasındadır. Həmçinin ölkəmizdə bu xəstəliyin rastgəlmə tezliyi %20-25 təşkil edir. Mədəaltı vəzi xərçəngi ilk mərhələlərində əlamət vermədiyinə görə “səssiz” xəstəlik kimi tanınır. Əlamətlər ortaya çıxmağa başladıqda, təəssüf ki, əksər hallarda şişin mədəaltı vəzidən kənara yayıldığı müəyyən edilir və uğurlu müalicə üçün gecikilmiş olur. Bu səbəbdən mədəaltı vəzi xərçəngi ən ölümcül xərçəng növləri arasında yer alır. Buna baxmayaraq, xəstəliyin xəbərçisi ola biləcək bəzi xəbərdaredici əlamətlər mövcuddur. Səbəbsiz çəki itkisi, yeməkdən sonra və ya uzanmış vəziyyətə keçdikdə artan qarın ağrısı, ishal, qəbizlik, qaz sancıları, köp, ürəkbulanma, qusma və iştahsızlıq kimi əlamətlərlə qarşılaşdıqda vaxt itirmədən həkimə müraciət edilməlidir.
Aqressiv xərçəng növlərindən biri olan mədəaltı vəzi xərçənginin müalicəsində əldə edilən hər müsbət nəticə əhəmiyyətlidir. Bu səbəbdən aparılan onlarla araşdırmadan biri GVAX və CRS-207 adlı iki vaksin vasitəsilə mədəaltı vəzi xərçəngi hüceyrələrinə qarşı immun sistemini aktivləşdirməyə nail olmuşdur. GVAX şişlə əlaqəli bir çox müxtəlif hüceyrəyə qarşı cavab yaradır. CRS-207 isə mədəaltı vəzi xərçəngi hüceyrələrində olduqca yüksək miqdarda olan mezotelinə qarşı təsir göstərir.
Baltimordakı Cons Hopkins Universitetinin Sidney Kimmel Xərçəng Mərkəzinin tədqiqatçıları bu vaksinlərin təsirlərini araşdırmaq üçün bir hissəsi kimyaterapiya almış 90 xəstənin iştirak etdiyi bir araşdırma aparmışlar. 3 həftədə bir dəfə xəstələrin bir hissəsinə 4 doza CRS-207, ardınca 2 doza GVAX verilərkən, digər xəstələrə yalnız 6 doza GVAX vaksini tətbiq edilmişdir.
Orta hesabla 7.8 aylıq müşahidədən sonra ardıcıl olaraq iki vaksin tətbiq edilən xəstələrdə orta sağqalma müddəti 6.1 ay, yalnız bir vaksin müalicəsi alan xəstələrdə isə 3.9 ay müəyyən edilmişdir. Ümumi sağqalma müddəti iki vaksinlə müalicə alan xəstələrdə 9.7 ay olduğu halda, bu göstərici yalnız bir vaksinlə müalicə alan xəstələrdə 4.6 ay olmuşdur. Başqa sözlə, iki vaksinlə müalicə ən azı 3 doza alan xəstələr arasında ümumi sağqalma müddətinə 5 aydan çox fayda vermişdir.
Kifayət qədər məlumat əldə edildikdən sonra araşdırma vaxtından əvvəl dayandırılmış və yalnız bir vaksinlə müalicə alan xəstələrdə də iki vaksinlə müalicəyə başlanmışdır. Hər iki vaksin xəstələr tərəfindən yaxşı tolere edilmişdir. Ciddi yan təsirlə qarşılaşılmayan GVAX və CRS-207 adlı vaksinlərlə aparılan müalicə mədəaltı vəzi xərçəngində müsbət nəticə vermişdir. Tədqiqatçılar tərəfindən təhlükəsiz olduğu müəyyən edilən vaksinlərin metastatik mədəaltı vəzi xərçənginin müalicəsində xəstələrin sağqalma müddətini uzatdığı qənaətinə gəlinmişdir.
Hazırda sınaq mərhələsində olan bu vaksinlərin təsiri çoxsaylı araşdırmalarla təsdiqlənməli və daha dəqiq nəticələr əldə edilməlidir. Gələcəkdə mədəaltı vəzi xərçəngində müalicə üsulu olmaq baxımından ümidverici olan bu tədqiqatın əldə ediləcək müsbət nəticələrini biz də yaxından izləyəcəyik.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.