Həyatın hər anı çox dəyərlidir, hətta boş vaxtımızı necə keçirdiyimiz də!

Hərəkətsiz həyatın xərçəngə tutulma riskini artırdığı, fiziki fəaliyyətin isə azaltdığı əvvəlki bir çox tədqiqatda göstərilmişdir. Lakin yaxın günlərdə yayımlanan tədqiqat bunlara yeni tapıntı əlavə etmişdir. Həm gündəlik oturma müddəti ilə xərçəng riski birbaşa araşdırılmış, həm də yalnız məşqin yetərli olmadığı, vaxtı fiziki fəal keçirməyin lazım olduğu vurğulanmışdır.
Tədqiqatda boş vaxtını daha çox oturaraq keçirən qadınlarda xərçəng riski yüksək tapılmış, vaxtının çoxunu oturmaq kimi hərəkətsiz fəaliyyətlə keçirənlərdə gündəlik müntəzəm fiziki fəaliyyət etsələr belə risk artmışdır. Həmçinin çoxsaylı mieloma (sümük iliyində plazma hüceyrələrinin xərçəngi), süd vəzi və yumurtalıq xərçəngi riskində daha çox artım görülmüşdür. Araşdırma xüsusilə son 10 ildə televizor, kompüter və videooyunlar səbəbindən getdikcə artan oturma müddətlərimizin mənfi nəticələrini araşdırmışdır.
Amerika Xərçəng Cəmiyyətinin xərçəngdən qorunma araşdırmaları qrupuna qeydiyyatlı, əvvəllər xərçəng diaqnozu almamış təxminən 70 min kişi və 77 min qadınla tədqiqatda iştirakçılar 1992 və 2009-cu illər arasında izlənmişdir. Nəticədə gündəlik boş vaxtının 6 saatını və daha çoxunu oturaraq keçirən qadınlarda 3 saatdan az oturanlarla müqayisədə bütün xərçənglərin riski yüzdə 10, çoxsaylı mieloma yüzdə 65, yumurtalıq xərçəngi yüzdə 43, süd vəzi xərçəngi yüzdə 10 artmışdır. Kişilərdə isə oturma müddəti ilə risk arasında əlaqə tapılmamışdır. Bu, kişilərdə hərəkətsiz vaxtın xərçəng riskini artırmadığı kimi yozulmamalıdır. Çünki əksi çox tədqiqatda göstərilmişdir. Kişilərdə nəticə alınmaması iştirakçı kişilərin çoxunun onsuz da fəal işlərdə çalışması ilə əlaqələndirilmişdir.
Nəticə olaraq xərçəng və digər bir çox xəstəlikdən qorunmaq üçün həftədə ən azı 3 gün, gündə ən azı bir saat məşq tövsiyə edilir. Həmçinin tədqiqatlara görə məşq saatlarından kənarda da ümumilikdə fəal həyat tərzi seçilməlidir. Biz də daha sağlam və keyfiyyətli həyat üçün məşq, siqaretsiz və spirtsiz həyatla yanaşı oturma müddətini azaltmağı və ümumilikdə daha fəal həyat tərzini tövsiyə edirik.
İstəsəniz saytımızın qidalanma və məşq bölməsinə baxıb daha çox məlumat əldə edə bilərsiniz.
Mənbələr
Leisure-time spent sitting and site-specific cancer incidence in a large US cohort.
Cancer Epidemiol Biomarkers Prev. 2015 Jun 30. doi: 10.1158/1055-9965.EPI-15-0237.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.