Hodgkin limfomasının müalicəsi üçün immunoterapiya dərmanı Pembrolizumab FDA təsdiqi aldı

14 mart 2017-ci ildə FDA əvvəllər ən azı üç müalicə xətti almış və sonradan təkrarlanmış və ya rezistent klassik Hodgkin limfomalı həm yetkin, həm də pediatrik xəstələr üçün pembrolizumaba (bazar adı Keytruda®) sürətləndirilmiş prosedurla təsdiq verdi.
FDA təsdiqi, klassik Hodgkin limfomalı 210 yetkin xəstədən əldə edilən məlumatlara əsaslanmışdır. Tədqiqata əvvəllər autoloji kök hüceyrə transplantasiyasından və/və ya brentuksimab vedotindən və orta hesabla dörd sistemli müalicə xəttindən sonra təkrarlanan və ya rezistent xəstəliyi olan Hodgkin limfomalı xəstələr daxil edilmişdir. 9.4 aylıq orta izləmə müddətində ümumi cavab göstəricisi % 69 bildirilmişdir. Müalicəyə cavab göstəricilərinin %47-si qismən cavab və % 22-si tam cavab olmuş, təxmini orta cavab müddəti isə 11.1 ay müəyyən edilmişdir. Pediatrik (uşaq) xəstələrdə effektivlik yetkinlərdə müşahidə olunan nəticələrdən çıxarılmışdır.
Yeni nəsil immunoterapiya dərmanlarının təsir mexanizmləri

Yetkinlərdə ən çox görülən (xəstələrin ən azı % 20-sində görülən) əlavə təsirlər yorğunluq, qızdırma, öskürək, əzələ-skelet sistemi ağrısı, ishal, səpgi və qaraciyər fermentlərinin yüksəlməsi kimi bildirilmişdir. Geniş yayılan (xəstələrin ən azı % 10-unda görülən) əlavə təsirlər başgicəllənmə, oynaq ağrısı, qusma, ürəkbulanma, qaşınma, hipotireoz, yuxarı tənəffüs yolu infeksiyaları, baş ağrısı, periferik neyropatiya, hiperbilirubinemiya və kreatinin artımı olmuşdur. Xəstələrin % 0.5-9-unda görülən immun vasitəli əlavə təsirlər isə infuziya reaksiyaları, hipertireoz, pnevmoniya, uveit, miozit, mielit və miokarditdir.
Dərmanın təhlükəsizliyi irəliləmiş melanoma, PD-L1 müsbət solid şişləri və ya limfoması olan 40 uşaq xəstədə də qiymətləndirilmişdir. Pediatrik xəstələrdə təhlükəsizlik profili yetkinlərdə müşahidə olunanlara bənzər olmuşdur. Uşaqlarda yetkinlərdən daha yüksək nisbətdə (% 15 və ya daha çox) yaranan əlavə təsirlər yorğunluq, qusma, qarın ağrısı, qaraciyər fermentlərinin yüksəlməsi və hiponatremiya kimi bildirilmişdir.
FDA pembrolizumabdan sonra allogen hematopoetik kök hüceyrə transplantasiyasının ağırlaşmaları üçün də yeni “Xəbərdarlıq və ehtiyat tədbiri” əlavə etdi. Transplantasiyalarla əlaqəli ölümlər baş verdiyi üçün səhiyyə mütəxəssislərinin transplantasiyadan sonra yarana bilən hiperakut graft versus host xəstəliyi (GVHD), dərəcə 3 və 4 kəskin GVHD, steroid tələb edən qızdırma sindromu, hepatik venooklüziv xəstəlik (VOD) və digər immun vasitəli arzuolunmaz reaksiyaların erkən sübutları üçün xəstələri yaxından izləməli olduğu bildirildi.
Klassik Hodgkin limfoması üçün pembrolizumabın tövsiyə olunan dozası yetkinlərdə hər üç həftədən bir 200 mg, pediatrik xəstələrdə isə hər üç həftədən bir 2 mg / kg-dır (200 mg-a qədər).
FDA pembrolizumabın yetkinlik yaşına çatmamış uşaqlarda istifadəsi və pembrolizumabdan sonra allogen hematopoetik kök hüceyrə transplantasiyasının təhlükəsizlik təhlili tədqiqatlarının aparılmasına ehtiyac olduğunu bildirmişdir.
Mənbələr
fda - gov
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.