İrəli mərhələli melanomada Nivolumab əvvəllər müalicə almamış xəstələrdə də təsirli olurmu?

Ötən günlərdə Britaniya Tibb Jurnalında dərc edilmiş bir tədqiqatın nəticəsinə görə ipilimumaba davamlı xəstələrdə təsirli olduğu məlum olan nivolumab BRAF testi mənfi olan irəli mərhələli melanoma xəstələrində ilk müalicə kimi istifadə edildikdə də təsirli olur.
Melanoma dəriyə rəng verən melanosit adlanan hüceyrələrdə başlayan dəri xərçəngi növüdür. Melanoma digər dəri xərçənglərinə nisbətən daha nadir görülür, lakin daha ciddi gedişlidir. Belə ki, dəri xərçənglərinin təxminən %5-ni təşkil etməsinə baxmayaraq, ən mənfi nəticələrin alındığı dəri xərçəngi növüdür.
Melanoma erkən mərhələdə aşkar edildikdə adətən cərrahiyyə ilə müalicə edilə bilir. Lakin irəli mərhələli, uzaq toxumalara yayılmış (metastatik) melanomada çox vaxt görüntüləmə üsulları ilə aşkar edə bilmədiyimiz metastazlar olduğundan cərrahiyyə aparılsa belə, kifayət qədər təsirli olmur. Bu xəstələrdə cərrahiyyə adətən müalicə etməkdən çox xərçəngin yayılmasını azaltmaq və ya xəstəyə əziyyət verən əlamətləri minimuma endirmək üçün istifadə edilir. Buna görə bu xəstələrdə əsas müalicə kimyaterapiya və/və ya immunoterapiya (bioloji müalicə) üsullarıdır. İmmunoterapiya immun sistemini gücləndirib xərçəng hüceyrələrinə qarşı stimullaşdıraraq bədənin xərçənglə mübarizə aparmasını təmin edən üsuldur.
İrəli mərhələli melanomada tətbiq ediləcək müalicə agentinin seçimində BRAF gen testləri vacibdir. Çünki bütün melanomaların təxminən yarısında BRAF genində dəyişiklik (mutasiya) mövcuddur. BRAF gen mutasiyası müsbət aşkar edilən xəstələrdə bu genin məhsulunu əngəlləyən dərmanlar istifadə olunur. Mənfi aşkar edilən xəstələrdə isə tez-tez immunoterapiya dərmanı ipilimumab (yervoy) istifadə edilir. İpilimimuba davamlılıq göstərən xəstələrdə isə nivolumabın (opdivo) ciddi faydalar verdiyi klinik tədqiqatlarla göstərilmişdir. Lakin ötən günlərdə Britaniya Tibb Jurnalında dərc edilmiş bir tədqiqatda irəli mərhələli melanomada İpilimumaba davamlılıq inkişaf etdikdə deyil, ilk müalicə kimi nivolumaba üstünlük verildikdə fayda əldə edilib-edilə bilməyəcəyi araşdırılmışdır.
Bu tədqiqatda əvvəllər müalicə almamış, BRAF testi mənfi olan 418 irəli mərhələli melanoma xəstəsi iki qrupa ayrılmışdır. Qruplardan birinə melanomanın klassik kimyaterapiya dərmanı dakarbazin verildiyi halda, digərinə nivolumab müalicəsi tətbiq edilmiş və izlənmişdir. Nəticədə Nivolumab tətbiq olunan qrupda 1 illik sağqalım göstəricisi daha yüksək tapılmışdır. Bu göstərici nivolumab tətbiq olunan qrupda %73, dakarbazin tətbiq olunan qrupda isə %42 olmuşdur. Həmçinin xəstəlik pisləşmədən keçirilən müddətlərin də (proqressiyasız sağqalım müddəti) nivolumab tətbiq olunan qrupda daha uzun olduğu görülmüşdür. (5 aya qarşı 2 ay) Bununla yanaşı, ağır dərəcəli yan təsirlər də nivolumab tətbiq olunan xəstələrdə daha az görülmüşdür.
Nəticə olaraq, bu tədqiqata görə ipilimumaba davamlı xəstələrdə təsirli olduğu məlum olan nivolumab BRAF testi mənfi olan irəli mərhələli melanoma xəstələrində ilk müalicə kimi istifadə edildikdə də təsirli olur. Lakin, əlbəttə, bu dərmana ilk müalicə kimi İpilimumabdan üstünlük verilə bilməsi və ya alternativ ola bilməsi üçün dərmanın İpilimumabla müqayisə edildiyi bir neçə tədqiqata ehtiyac var.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.