Nordic pəhrizi nədir? Necə tətbiq edilir, sağlamlığa faydaları nələrdir?

Nordic pəhrizi Skandinaviya ölkələrində son 20 ildə inkişafını davam etdirən qidalanma formasıdır. “Nordic Council of Ministers” tərəfindən 2005-ci ildə qəbul edilib. Nordic pəhrizi qidaların sağlam olmasını, tətbiq edilə bilməsini, davamlılığını və eyni zamanda dad zövqünə uyğunluğunu ön plana çəkir. Nordic pəhrizində məqsəd yalnız artıq çəkidən qurtulmaq deyil, zehni və fiziki performansı artırmaqdır. Buna görə Nordic pəhrizindəki hər qida sağlamlıq, dad, NORDIC (Norveç, Danimarka, İsveç, Finlandiya, İslandiya) kimliyi və pəhrizdə davamlılıq kimi komponentləri birləşdirir; həmçinin pəhrizin Nordic pəhrizi olması üçün qidaların həmin bölgələrdə yetişə bilməsi, bölgənin yemək-içmək mədəniyyətini əks etdirməsi lazımdır.
Nordic pəhrizi qidaların yerli istehsalını dəstəkləyir
Çünki qida daşınmasının vitamin dəyərlərini azaltdığı və qidalara zərər verdiyi düşünülür. Hansı mövsümdürsə, həmin mövsümün tərəvəz və meyvələrinin istehlakını tövsiyə edir və dəstəkləyir.
Kənd bölgələrində yabanı halda yetişən bitkilərin istehlakı Nordic pəhrizində əhəmiyyətlidir. Nordic pəhrizində kartof, quru paxlalılar, balıq, çərəzlər və qabıqlı dəniz heyvanları əsas qida mənbələridir.
Nordic pəhrizində qida növləri
1. Meyvə və tərəvəzlər
Skandinaviya ölkələrində yetişən və mövsümündə istehlakı tövsiyə edilən dağ çiyələyi, qaragilə, zoğal, gəndalaş meyvəsi, qırmızı və qara qarağat pəhrizin ayrılmaz hissəsidir. Bu meyvələr tək istehlak edildiyi kimi, bölgənin yemək mədəniyyətinə görə ət və balıq yeməklərinə də əlavə edilə bilər. Tərkiblərindəki antioksidant və polifenollara (antosianin) görə faydalı olduqları görülüb. Gündəlik istehlak miqdarı 50-100 gr olaraq müəyyən edilib. Nordic pəhrizindəki kök tərəvəzlər (yerkökü, turp, kərəviz, sarımsaq, soğan və s.), kələm növü tərəvəzlər də gündəlik istehlakı tövsiyə edilən qidalar arasındadır. Gündəlik istehlak miqdarı 29-150 gr olaraq müəyyən edilib. Kök tərəvəzlər və kələm növü qidalar A, B, C, Ca, K və Fe vitamin və minerallarının mühüm mənbələridir. Məqsəd tərəvəz və meyvədən alınan kalorinin artırılması, ətdən gələn kalorinin azaldılmasıdır.
2. Kartof və kənd bölgəsində yetişən qidalar
Kartof tərkibindəki qida lifi, B6 vitamini, folat, Fe, K və Mg səbəbindən pəhrizin dəyişməz hissələrindəndir. Gündəlik qəbul miqdarı orta hesabla 140 gr kimi göstərilib. Digər tərəfdən, təbiətdə sərbəst yetişən yabanı bitkilər və göbələklər daha yüksək vitamin tərkibinə görə üstün tutulur. Lakin bəzən sağlamlıq üçün risk yarada bildiklərindən ehtiyatla istehlak edilməlidirlər. Həmçinin biomüxtəlifliyi artırdığı və kənd təsərrüfatı dərmanlarının istifadəsini azaltdığı üçün təbiətdə yetişən otlara üstünlük verilir. Gündəlik qəbul miqdarı orta hesabla 5 gr ilə məhdudlaşdırılıb.
3. Ət
Nordic pəhrizində təbiətdə sərbəst qidalanan, ov yolu ilə əldə edilən heyvanların ətinə daha az doymuş yağ və sağlam yağ turşuları ehtiva etdiyinə görə üstünlük verilir. Emal olunmuş ət istehlakına üstünlük verilmir.
4. Süd və süd məhsulları
Pəhrizdə gündəlik süd və süd məhsulları (az yağlı) istehlakının miqdarı 500 mg olaraq müəyyən edilib.
5. Taxıllar və quru paxlalılar
Tam dənli taxıllar və quru paxlalılar pəhrizdə tez-tez istehlak edilməli qidalar arasındadır. Tədqiqatlarda quru paxlalı istehlakının ürək xəstəlikləri risklərini əhəmiyyətli dərəcədə azaltdığı görülüb. Çörək istehlakında isə çovdarın qlisemik indeksi aşağı olduğu üçün tövsiyə edilir.
6. Balıq istehlakı
Skandinaviya ölkələri dənizlərlə əhatə olunduğundan balıq tez-tez istehlak edilir. Daha çox omega-3 nisbəti yüksək olan qızılbalıq, skumbriya və siyənək bölgəyə görə pəhrizdə üstünlük verilən balıq növləridir.
7. Kanola yağı
Nordic pəhrizində pəhriz yağı əsasən kanola yağından ibarətdir.
8. Çərəzlər
Tərkiblərindəki sağlam yağlar (MUFA), lif, zülal, E və B vitaminlərinin sağlamlığı qoruyan və immun sistemini dəstəkləyən xüsusiyyətlərinə görə gündəlik 30 gr qəbulu tövsiyə edilir. İstehlak edilən çərəzlərin emal olunmamış olması böyük əhəmiyyət daşıyır. Aralıq dənizi pəhrizində olduğu kimi salatlarda da çərəzlərdən istifadə edilir.
Xülasə olaraq Nordic pəhrizi 3 əsas qaydada birləşir;
- Tərəvəzlərdən gələn kalori yüksək saxlanılaraq ətdən gələn kalori azaldılır.
- Heyvani mənşəli zülal ehtiyacı adətən balıq istehlakı və qabıqlı dəniz heyvanları vasitəsilə qarşılanır. Balıq istehlakının çəki idarəetməsinə kömək etdiyi və yaşa bağlı əzələ itkisini azaltdığı görülüb.
- Təbiətdə yetişən bitki və göbələklərin uyğun miqdarda istehlakına, antioksidant tərkibi yüksək qırmızı rəngli meyvələrin istehlakına, təbiətdə sərbəst böyüyən heyvanların ətinə vitamin tərkibinin yüksəkliyinə görə üstünlük verilir.
Nordic pəhrizində gündəlik qəbul edilməli orta zülal miqdarı % 17, gündəlik orta karbohidrat miqdarı %51 və gündəlik orta yağ miqdarı % 32 olaraq müəyyən edilib. Rafinə şəkər istehlakı isə %4 ilə məhdudlaşdırılıb.
Səhifəmizdə sizin üçün sağlam pəhriz tövsiyələrinə yer veririk. Sizin də gördüyünüz kimi sağlam pəhrizlərin ortaq xüsusiyyəti balanslı (karbohidrat, yağ və zülal balansı), mövsümünə və bölgəsinə uyğun qidalar istehlak etməkdir. Karbohidrat, yağ və ya zülaldan hər hansı birinin tam azaldıldığı və ya ön plana çəkildiyi pəhrizlərin nə sağlam, nə də davamlı olduğu iddia edilə bilər. Dünyada qidalanma/pəhrizin ən çox danışılan və haqqında yazılan mövzu olduğunu desək, yanılmarıq. Halbuki sağlam həyatın açarı az qida istehlak edilən fəal həyat tərziolmasıdır.
Mənbələr
2. The Nordic Diet Review. authoritynutrition.com
3. Mithril, C. ve ark. (2012). Dietary Composition and Nutrient Content of The New Nordic Diet. Public Health Nutrition. 16(5), 777-785.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.