Özünüzü bir də sənət yaradarkən dinləyin! Sənət necə kömək edir

Art-terapiya bir növ ifadəedici terapiya texnikasıdır. Fiziki, zehni və emosional baxımdan yaxşı hiss etmək üçün yaradıcılığınızdan istifadə edərək hazırladığınız sənət işləri olaraq təsvir edilə bilər. Sənət işləri yaradaraq və bu prosesdə özünüzü əks etdirməyə çalışaraq hissləriniz barədə fərqindəlik əldə edə bilərsiniz; ağır xəstəliyiniz varsa simptomlarla başa çıxmağa kömək edə bilər, koqnitiv bacarıqları inkişaf etdirmək və həyatdan zövq almaq üçün istifadə edə biləcəyiniz üsuldur.
Həm özünüzlə, həm başqaları ilə dialoq qurmağın ən yaxşı yollarından biri: SƏNƏT
Bədii ifadənin adi ünsiyyət formalarından ən mühüm fərqi, ünsiyyət yollarının çoxunun sözlərə və dilə ehtiyacı olduğu halda sənətlə yaradılan əsərin həm özünüzə, həm başqalarına sözsüz və bəlkə daha dərin nələrsə deyə bilməsidir. Məsələn, beyin şişi və ya baş-boyun xərçəngi müalicəsi kimi çətin müalicə prosesində dildən istifadə və ya danışma çətinliklərində köməkçi vasitə ola bilər. Yaxud psixoterapiya zamanı ifadə etməkdə çətinlik çəkdiyiniz mövzularda, mürəkkəb hisslərdə və ya mübarizə apardığınız başqa vəziyyətlərdə faydalı ola bilər.
Bütün bu kimi hallarda art-terapiyada boyama, rəsm çəkmə, foto çəkmə, heykəltəraşlıq və digər təsviri sənətlər istifadə olunur. Art-terapevtiniz yaratdığınız təsvirlərdən yola çıxaraq içinizdə gizli qalan hiss və təcrübələri anlamağa çalışaraq sizinlə ünsiyyət qurur. Hələ özünüzlə bağlı tam əmin olmadığınız hissləri kəşf etməyinizə də kömək edə bilər.
Sənət müalicələri sizin üçün uyğundurmu?
Bəlkə sənət işləri yaratmaq və yeni nələrsə hazırlamaq üçün kifayət qədər istedadlı olmadığınızı düşünürsünüz. Bir çox insan rəsm çəkmək və ya boyamaq deyildikdə, “Mən çöp adam belə çəkə bilmirəm” deyir. Halbuki art-terapiyadan faydalanmaq üçün Abidin Dino və ya Picasso olmağa ehtiyac yoxdur. Proses adətən belə inkişaf edir: əvvəl sizə heç təbii gəlməyə və özünüzü rahat hiss etməyə bilərsiniz. Lakin ikinci cəhddən etibarən sizi təəccübləndirəcək qədər rahat ola bilərsiniz və təbii axında proses daha rahat inkişaf edir. Əlbəttə, bu, art-terapevtinizin dəstəyi ilə tədricən irəliləyə biləcəyiniz vəziyyətdir. Bəlkə də bu yeni ifadə formasına sürətlə uyğunlaşa bilərsiniz.

Art-terapiya seansından nə gözləməlisiniz?
- Boyama, heykəltəraşlıq, rəsm çəkmə və bəlkə yüngül hərəkətlər daxil olan sənət fəaliyyətləri üçün uyğun sənət önlüyünüzü və ya geyiminizi geyinirsiniz.
- Fərdi və ya qrup şəklində işləyirsiniz
- Art-terapevtiniz ehtimal ki, bəzi rahatlama məşqləri ilə başlayır
- Gözləntiniz və seans haqqında birlikdə danışırsınız
- Tətbiqə başlamazdan əvvəl və zamanı art-terapevtiniz sizi təşviq edir, narahatlıqlarınızı azaltmağa kömək edir
- Seans zamanı və sonra yaratdığınız təsvirlər və istifadə etdiyiniz rənglər kimi mövzulara, onların mənalarına diqqət yetirilir.
Art-terapiya seansından nə Gözləməməlisiniz?
- Tək seansla həyatınızın dəyişməsini
- Foto kimi rəsm çəkməyi
- Akademik rəsm təlimi və texnikalarını
- Gördüyünüzü olduğu kimi çəkməyi
- Mənzərə rəsmləri yaratmağı
- Yaranan işlərlə divarlarınızı bəzəməyi
- Sərgi açmağı
Məsələn, bir seansda bu mövzulardan biri üzərində işləyə bilərsiniz:
1- Avtoportret: Özünüzü necə gördüyünüzü və əslində necə hiss etdiyinizi həm özünüzün, həm terapevtinizin fərq etməsi üçün vacib işdir. Başlamazdan əvvəl art-terapevtiniz sizə belə suallar verə bilər: “Sizcə başqaları sizi necə görür?” və ya “Ən çox sevdiyiniz xarakter xüsusiyyətləriniz nələrdir”
2- Abstrakt sənət: İstədiyiniz rəngləri, formaları, kölgələri və fakturaları tətbiq edə bilərsiniz. Konkret nəyəsə bənzətmək narahatlığı hiss etmədən içinizdən gəldiyi kimi sərbəst, içinizdən gəldiyi kimi çəkib boyaya, qurub dağıda bilərsiniz.
3- Kollaj: Həyatınızın hər hansı xatirəsinə aid seçdiyiniz fotoşəkli əhatə edə bilər, jurnal və ya qəzetlərdən seçdiyiniz bəzi detal təsvirləri, rəngli kağızlar daxil edilə və ya bunlara əlavə boyama və rəsmlər ola bilər. Əvvəlcə istifadə edəcəyiniz təsvirlərin sizin üçün nə ifadə etdiyini düşünməyiniz istənilə bilər.
Nəticə olaraq; ölkəmizdə son illərdə adı daha çox eşidilməyə başlayan art-terapiyalar, yalnız hisslərimizə yaxşı təsir etməklə kifayətlənmir, fiziki sağlamlığımıza və həyat keyfiyyətimizə də olduqca müsbət təsir etməyə nail olur. Sənətlə məşğul olmaq üçün ehtiyacınız olan yeganə şey təxəyyülünüzə vaxt ayırmaqdır.
Mənbələr
Edited By Marian Liebmann and Sally Weston, Jessica Kingsley Publishers London and Philedelphia, (2015)
2. JAMA Intern Med. 2013; Creative Arts Therapies Defined: Comment on "Effects of Creative Arts Therapies on Psychological Symptoms and Quality of Life in Patients with Cancer" 173
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.