Qırmızı qaragilə — Cranberry xərçəng müalicəsində istifadə edilə bilərmi?

Elmi adı: Vaccinium macrocarpon
Qırmızı qaragilə şirəsi və ya ekstraktlarının indiyədək xərçəngin qarşısını aldığı və ya onu müalicə etdiyi göstərilməyib. Bu meyvənin adının ən çox çəkildiyi xəstəlik sidik yolu infeksiyalarıdır. Tərkibindəki təsiredici maddələr sidik yolu infeksiyalarına (SYİ) səbəb olan bakteriyaların sidik yollarına yapışmasını azaldan təsirə malikdir.
Qırmızı qaragilə bakteriyaların sidik kisəsi divarına yapışmasının qarşısını aldığı göstərilmiş proantosianidin kimi tanınan birləşmələr ehtiva edir. Buna görə tez-tez SYİ keçirmə riski olan prostat xərçəngli xəstələrdə sınanıb və bu şəxslərdə SYİ sıxlığını azaldıb, lakin sınaqdan keçirildiyi bütün yüksək SYİ riskli xəstə qruplarında eyni nəticələri verməyib. Qırmızı qaragilə həmçinin bakteriyaların mədəyə və yuxarı həzm sisteminə yapışmasının qarşısını ala bilər. Laboratoriya tədqiqatları bir neçə xərçəng hüceyrəsi növündə təsir göstərsə də, insan tədqiqatlarında faydası hələ təsdiqlənməyib.
Böyrək daşlarına meyilli xəstələrdə ən geniş yayılmış böyrək daşı formasında olan birləşmə — oksalat ehtiva etdiyindən qırmızı qaragilənin müntəzəm istifadəsi məhdud olmalıdır. Yəni oksalat daşınız varsa, istifadə etməməlisiniz.
Hansı tibbi vəziyyətlər üçün sınaqdan keçirilir?
- Sidik yolu infeksiyalarının qarşısının alınması və müalicəsi (SYİ):
Ehtimal ki, ən təsirli olduğu vəziyyətdir, lakin SYİ riski yüksək bəzi xəstə qruplarında işə yaramır. - Xərçəngəleyhinə təsirləri:
Laboratoriya tədqiqatları qırmızı qaragilə şirəsinin ekstraktının və təcrid edilmiş birləşmələrin müxtəlif xərçəng hüceyrələrini əngəlləyə biləcəyini göstərir, lakin bu, klinik tədqiqatlarla təsdiqlənməyib. - Mədə xoralarının qarşısının alınması:
Qırmızı qaragilə şirəsi mədə xorasının ən mühüm səbəbi olan H. pylori infeksiyasının qarşısını almağa və ya onu basdırmağa kömək edə bilər. - Aterosklerozun (arteriya daralmasının) qarşısının alınması:
Sağlam könüllülərdə aparılmış tədqiqatda fayda görülməsə də, diabetli insanlarda başqa tədqiqatda qırmızı qaragilə şirəsinin ürək xəstəliyi risk amillərini azaltmağa kömək edə biləcəyi düşünülür. - Diş əti xəstəliklərindən qorunma:
Laboratoriyada qırmızı qaragilə şirəsi bakteriyaların bir-birinə yapışmasının qarşısını alaraq bakterial ərpin yaranmasını ləngidir. Bakterial ərp diş və diş əti xəstəliklərinin mühüm səbəblərindən biridir.
Xəbərdarlıq: Qan durulaşdırıcı warfarin (Coumadin) istifadə edənlər qanaxma müddəti uzana biləcəyindən qırmızı qaragilə istifadə etməməlidir. Yüksək miqdarda oksalat ehtiva etdiyindən böyrək daşı tarixçəsi olanlara da tövsiyə edilmir. Şirəsini gündə 3 stəkan və ya daha çox istehlak edənlərdə ürəkbulanma, qusma və ishal bildirilib.
Nəticə
Müxtəlif klinikayaqədər məlumatlara görə qırmızı qaragilə ekstraktı və təcrid edilmiş fraksiyaların xərçəngəleyhinə təsirə malik ola biləcəyi düşünülür. Lakin bu xərçəngəleyhinə təsir hələ insanlarda sınanmayıb. Qırmızı qaragilənin xərçəngəleyhinə təsiri barədə dəqiq fikir söyləmək üçün insanlarda aparılmış tədqiqata ehtiyac var. Tez-tez sidik yolu infeksiyası tarixçəsi olan şəxslərdə isə bu infeksiyalardan qorunmaq məqsədilə sınaqdan keçirilə bilər. Meyvə, meyvə şirəsi, sous və ya digər formalarda da təhlükəsiz istifadə edilə bilər; yuxarıda sadalanan hallardan başqa ciddi yan təsiri yoxdur.
Mənbələr
Integrative Medicine | Memorial Sloan Kettering Cancer Center | mskcc.org
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.