Xərçəng əlamətləri və müalicəsi

Ağciyər xərçənginin əlamətləri nələrdir?
Ağciyər xərçəngi ilk növbədə ağciyərə gedən havanın giriş və çıxışını idarə edən nəfəs borusunda başlayır. Onlarla fərqli ağciyər xərçəngi növü olsa da, %90-dan çoxu kiçik hüceyrəli olmayan və kiçik hüceyrəli ağciyər xərçəngləri olaraq iki qrupda təsnif edilir.
- Kiçik hüceyrəli olmayan ağciyər xərçəngləri adenoxərçəng, yastı hüceyrəli xərçəng, böyük hüceyrəli xərçəng və qarışıq növ kimi dörd qrupa ayrılır və ağciyər xərçənglərinin %75-ni təşkil edir.
- Kiçik hüceyrəli ağciyər xərçəngi bütün ağciyər xərçənglərinin %20-25-ni təmsil edir.
Aşağıdakı tapıntılar ağciyər xərçəngindən və ya daha yüngül gedən başqa xəstəliklərdən qaynaqlana bilər. Buna görə vaxt itirmədən həkimə müraciət edib mütəxəssis rəyi almağınız yerində qərar olacaqdır.
- Bitməyən və zamanla daha da pisləşən öskürək
- Davamlı döş qəfəsi ağrısı
- Qan tüpürmək
- Nəfəs darlığı
- Xırıltılı nəfəs alıb-vermək
- Tez-tez pnevmoniya və ya bronxit xəstəliyinə tutulmamaq və müalicəyə cavab almamaq
- Boyunda və üzdə şişkinlik
- İştahasızlıq və çəki itkisi
- Yorğunluq
Süd vəzi xərçənginin əlamətləri nələrdir?
Süd vəzi xərçəngi süd vəzi toxumasındakı hüceyrələrdə başlayan xərçəng növüdür. Qadınlarda süd vəzi toxuması yalnız süd vəzinin tutduğu sahədən daha geniş yer tutur. Süd vəzi toxuması körpücük sümüyünə, qoltuqaltından sinənin ortasındakı döş sümüyünə qədər sahəyə yayılmışdır. Ölkəmizdə qadınlarda ən çox rast gəlinən xərçəng növü olan süd vəzi xərçəngi nadir də olsa kişilərdə də görülür. Bu xərçəng növü istənilən yaşda görülə bilər, lakin ən çox 50 yaşdan sonra qarşımıza çıxır. Bu gün inkişaf edən texnologiya və erkən diaqnozla sürətlə başlanılan müalicələr sayəsində bir çox qadın sağ qalır və sağlam şəkildə həyatını davam etdirir. Bəzi qadınlarda süd vəzi xərçəngi riski digərlərindən daha çoxdur.
Bu halda fərdi test planı hazırlanmalıdır. Skrininq testlərinin daha erkən yaşda və daha tez-tez aparılmasını tələb edən halları belə sadalaya bilərik:
- Əvvəllər süd vəzi xərçəngi keçirmiş və müalicə alaraq sağalmış olmağınız,
- Süd vəzi biopsiyası nəticəsində xərçəng olmayan, lakin çoxalan anormal hüceyrələrə (atipik hiperplaziya) bağlı süd vəzində dəyişikliklərin müəyyən edilməsi,
- Ailədə süd vəzi xərçəngi tarixçəsi (xüsusilə menopauzadan əvvəl və ya BRCA1 yaxud BRCA2 kimi bəzi genlərdəki mutasiyaya bağlı anada, bacıda və ya qız övladında inkişaf edən süd vəzi xərçəngi).
İrsi süd vəzi xərçənginin ən çox rast gəlinən səbəbi BRCA1 və BRCA2 genlərində yaranan genetik mutasiyadır. Normal hüceyrələrdə bu genlər zülal istehsal edir və hüceyrənin anormal inkişafını əngəlləyərək xərçəngin qarşısını alır. Lakin bu iki gendən birinin genetik mutasiyaya uğramış nüsxəsi ailədən keçibsə, insanın həyatı boyunca süd vəzi xərçənginə tutulma riski yüksək deməkdir. BRCA mutasiyası olan ailə üzvləri üçün risk %80-dir. Genetik mutasiyası olan qadınların xərçəngə tutulma yaşı genetik mutasiya daşımayan qadınların yaşından daha gəncdir və xərçəng çox vaxt hər iki süd vəzinə təsir edir.
Genetik mutasiyası olan qadınlar yumurtalıq xərçəngi kimi başqa xərçənglərin inkişaf riskini də daşıyırlar. Digər gen mutasiyaları da irsi süd vəzi xərçəngi ilə əlaqəli ola bilər. Lakin bu gen mutasiyaları daha nadir görülür və BRCA geninin süd vəzi xərçəngi riskini artırması qədər təsirli deyil. Müntəzəm skrininq testləri etdirsəniz belə, süd vəzinizin normal görünüşünə bələd olmağınız hər hansı dəyişikliyi tez və asan hiss etməyinizi təmin edəcəkdir. Menstruasiya dövrlərinizdə süd vəzinizdə bəzi dəyişikliklər ola bilər. Məsələn, menstruasiyadan dərhal əvvəl süd vəzinizdə əllə hiss olunan düyünlər ola bilər. Menstruasiyadan sonra normal quruluşuna qayıdan süd vəzinin yoxlanması daha sağlam olacaqdır. Buna görə menstruasiya dövrünün 15 gün əvvəlində və sonrasında aparılan fiziki süd vəzi müayinəsi daha düzgün nəticə verəcəkdir. Süd vəzi toxumaları yaş artdıqca dəyişir.
Sizin üçün nəyin normal olduğunu öyrənmək süd vəzinizdə hansı dəyişiklik olduqda həkiminizə müraciət etməli olduğunuzu anladacaqdır. Yaşınız neçə olursa-olsun, süd vəzi sağlamlığı onun quruluşunu öyrənməklə başlayır. Əksər qadınlar üçün süd vəzində düyün və ya şişkinlik hiss etmək süd vəzi xərçənginin ən çox rast gəlinən əlamətidir. Bu şişkinlik həmçinin ağrı verirsə, xoşxassəli kütlədən danışmaq mümkündür. Lakin yenə də bu halın həkim tərəfindən yoxlanması yerində davranış olacaqdır. Hiss edilən, başqa sözlə əllə aşkar edilən kütlə həmişə xərçəng demək deyil. Belə əlamətlər süd vəzi xərçənginə bağlı ola və ya süd vəzində yaranan başqa problemdən qaynaqlana bilər.
Bəs süd vəzinizdə hansı dəyişiklik olduqda həkimə müraciət etməlisiniz?
- Qoltuqaltında düyün və ya şişkinlik
- Süd vəzinin formasında və ölçüsündə dəyişiklik
- Süd vəzi dərisində çökəklik və ya büzüşmə yaranması — bəzən portağal qabığı dərisi də adlandırıla bilər
- Süd vəzində qızartı, şişkinlik və temperatur artımı
- Süd vəzi giləsinin içəri çəkilməsi
- Süd vəzi giləsinin pul-pul olması və ya qabıqlanması
Belə əlamətlərlə qarşılaşdıqda vaxt itirmədən mütəxəssis həkimə müraciət edərək mümkün süd vəzi xərçənginin erkən diaqnozuna, sürətli və effektiv müalicənin tətbiqinə kömək edin.
Prostat xərçənginin əlamətləri nələrdir?
Prostat yalnız kişilərdə olan ifrazat vəzisidir. Bu vəz düz bağırsağın qarşısında, sidik kisəsinin altında yerləşir. Prostatın ölçüləri yaşa görə dəyişir. Gənc kişilərdə qoz böyüklüyündə olan prostat irəli yaşlı kişilərdə daha böyük ölçülərdə ola bilər.
Prostatın vəzifəsi spermada olan və sperma mayesini təmin edən hüceyrələri qidalandıran və qoruyan mayelər istehsal etməkdir. Prostatın dərhal arxasındakı ifrazat vəzilərinə sperma mayesinin çoxunu istehsal edən toxum kisəciyi deyilir. Uretra prostatın mərkəzindən keçən, penisdən xaric edilən sidik və spermanı daşıyan borudur.
Prostatda bir neçə fərqli hüceyrə növü var. Lakin prostat xərçənglərinin demək olar hamısı vəz hüceyrələrindən inkişaf edir. Vəz hüceyrələri spermaya əlavə olunan prostat mayesini istehsal edir. Vəz hüceyrələrində başlayan xərçəng adenokarsinoma adlandırılır.
Prostatın digər xərçəng növləri də (sarkoma, kiçik hüceyrəli karsinoma və keçid hüceyrəli karsinoma) prostat vəzisində başlaya bilər. Lakin bu prostat xərçəngi növləri olduqca nadir görülür. Bəzi prostat xərçəngləri sürətlə inkişaf edib yayıla bilər, lakin əksəriyyəti yavaş inkişaf edir.
Prostat xərçəngi qanda prostata spesifik antigen (PSA) nisbəti ölçülərək erkən diaqnoz edilə bilər. Prostat xərçənginin erkən diaqnozu üçün tətbiq olunan başqa üsul barmaqla rektal müayinədir. Bu testlərdən birinin nəticələrində anormal tapıntılar olarsa, xərçəngin mövcudluğunu araşdırmaq üçün başqa testlər də lazım ola bilər. Prostata spesifik antigen testi və ya barmaqla rektal müayinədən sonra prostat xərçəngi aşkar edilərsə, xəstəlik yəqin ki, müalicə edilə bilən erkən mərhələdə müəyyən edilmiş deməkdir.
Skrininq testləri bir çox prostat xərçəngini erkən mərhələdə müəyyən etməyə kömək edə bilər. Lakin nə PSA testinin, nə də barmaqla rektal müayinənin %100 qəti nəticə vermədiyi bilinməli mühüm mövzudur. Yalançı müsbət nəticələr xərçəng olmadığı halda şəxsə növbəti mərhələdə lazımsız prostat biopsiyası tətbiqinə səbəb ola bilər. Buna görə PSA testi və ya barmaqla rektal müayinə bu mövzuda mütəxəssis həkim tərəfindən aparılmalı, növbəti mərhələdə izlənəcək yol yenə həmin mütəxəssis həkim tərəfindən müəyyən edilməlidir.
Erkən mərhələli prostat xərçəngi adətən əlamət göstərmir. İrəliləmiş mərhələli prostat xərçəngi isə bəzi əlamətlərə səbəb ola bilər:
- Sidik ifrazı zamanı problemlər; az və ya yavaş sidik ifrazı, xüsusilə axşamlar tez-tez sidiyə getmək istəyi
- Sidikdə qan (hematuriya)
- Ereksiya problemi (impotensiya)
- Xərçəngin sümüklərə yayılmasına bağlı bud-çanaq, bel (onurğa), sinə və ya bədənin digər nahiyələrində ağrı
- Ayaqlarda və ya pəncələrdə zəiflik və ya keylik, yaxud xərçəngin onurğa beyninə təzyiqi səbəbindən sidik və ya nəcis saxlaya bilməmə
Eyni əlamətlər başqa xəstəliklərdə də görülə bilər. Məsələn, sidik ifrazında çətinlik xərçəngdən çox xoşxassəli prostat hiperplaziyasının yaratdığı əlamət ola bilər. Yenə də belə əlamətlərlə qarşılaşdıqda vaxt itirmədən mütəxəssis həkimə müraciət edərək lazımi diaqnozun erkən qoyulmasına və müalicəyə sürətlə başlanmasına imkan yaradılmalıdır.
Kolorektal xərçəngin əlamətləri nələrdir?
Kolorektal xərçənglərin çoxu kolon və düz bağırsaq daxilindəki hüceyrələrdə başlayır. Kişilərdə ağciyər və prostat xərçənglərindən sonra ən çox görülən xərçəng növlərindən biridir. Kolorektal xərçəng adətən yavaş inkişaf edir. Qarnın aşağı hissəsində şişin inkişaf edib böyüməsi üçün çox yer olduğundan erkən mərhələdə əlamət göstərməyə bilər.
Skrininq testləri əlamət vermədən əvvəl kolorektal xərçəngin diaqnozuna kömək etdiyindən vacibdir. Bu testlər (görüntüləmə, qan testləri və s.) prekanseroz polipləri (kolon və ya düz bağırsaq daxilində anormal böyümələri) müəyyən edə və xərçəngə çevrilmədən çıxarılmasını təmin edə bilər. Görüntüləmə və digər skrininq testləri ilə erkən diaqnoz edilən xəstəliyin müalicə şansı artacaqdır. Bəzi şəxslərdə kolorektal xərçəng riski digərlərinə nisbətən daha yüksəkdir. Yüksək risk daşıyanlar nə vaxt və hansı tezliklə test etdirməli olduqlarını həkimlə məsləhətləşməlidirlər.
Kolorektal xərçəng riskini artıran amilləri belə sadalaya bilərik:
- Kolorektal xərçəngi olan ailə üzvü, qardaşınız, bacınız və ya uşağınız
- Kolorektal xərçəng tarixçəsi
- Əvvəllər iltihabi bağırsaq xəstəlikləri və ya polip diaqnozu qoyulması
- Ailədə irsi yoğun bağırsaq adenomatoz polipləri və ya polipsiz bağırsaq xərçənginin görülməsi
Aşağıda sadalanan əlamətlər kolorektal xərçəngdən və ya başqa sağlamlıq problemindən qaynaqlana bilər. Kolorektal xərçəngin inkişafını izləmək, erkən diaqnoz və müalicə imkanı yaratmaq üçün sözügedən bəzi əlamətlərə diqqət edilməlidir:
- Qarında narahatlıq (qarında sancılar, şişkinlik, toxluq hissi) • Müəyyən səbəb olmadan bağırsaq vərdişlərində yaranan dəyişiklik (ishal, qəbizlik kimi)
- Nəcisdə qan (parlaq qırmızı və ya olduqca tünd rəng)
- Normaldan nazik görünüşlü nəcis
- Tez-tez nəcis ifrazı istəyi
- Nəcis ifrazının yarımçıq qalması hissi
- Ürəkbulanma və ya qusma
- Halsızlıq
- Səbəbsiz çəki itkisi
Belə əlamətlərlə qarşılaşdıqda vaxt itirmədən həkimə müraciət edərək mümkün kolorektal xərçəngin erkən diaqnozuna, sürətli və effektiv müalicənin tətbiqinə kömək edin.
Dəri xərçənginin əlamətləri nələrdir?
Dəridəki müxtəlif hüceyrə növlərində başlayan fərqli dəri xərçəngləri (bazal hüceyrəli, skuamoz hüceyrəli və melanoma) var. Bazal hüceyrəli və skuamoz hüceyrəli dəri xərçəngləri melanoma dəri xərçənginə nisbətən asanlıqla və uğurla müalicə edilə bilən dəri xərçəngi növləridir.
Bədəninizdə aşağıda sadalanan dəyişikliklərlə qarşılaşdıqda vaxt itirmədən tibbi onkoloqa və ya dermatoloqa müraciət etməyiniz mümkün dəri xərçənginin erkən diaqnozuna, sürətli və effektiv müalicənin tətbiqinə kömək edəcəkdir.
- Bədəninizdə hər hansı xalın və ya ləkənin formasında, rəngində və ölçüsündə dəyişiklik
- Bədəninizdə sağalmayan yaralar
- Bədəninizdəki ləkədə və ya xalda qanaxma, qaşınma, yaxud qızartı və şişkinlik
Bədəninizdə yaranan şübhəli dəyişikliklə qarşılaşdıqda vaxt itirmədən tibbi onkoloqa müraciət edərək mümkün dəri xərçənginin erkən diaqnozuna, sürətli və effektiv müalicənin tətbiqinə kömək edin. Adi sağlamlıq yoxlamalarında və ya mümkün şübhəli hallarda dəri xərçənginin erkən diaqnozu üçün fiziki müayinə və zəruri görüldükdə dəri biopsiyası aparılmalıdır.
Yumurtalıq (over) xərçənginin əlamətləri nələrdir?
Qadınlarda geniş rast gəlinən ginekoloji xərçənglərdən biri yumurtalıq xərçəngidir. İnsan genləri arasında olan BRCA1 və BRCA2 genləri şişin qarşısını alan rol daşıyır. Normal hüceyrələrdəki BRCA1 və BRCA2 genləri hüceyrənin genetik materialını, yəni DNA-sını tarazlıqda saxlayır və nəzarətsiz hüceyrə inkişafının qarşısını alır. Bu genlərin mutasiyaya uğraması isə genetik olaraq inkişaf edən süd vəzi və yumurtalıq xərçəngləri ilə əlaqəlidir.
Bir çox xərçəng növü üçün aparılan skrininq və müalicə tədqiqatları böyük irəliləyiş əldə etmiş və bu da xərçəngin erkən diaqnozuna imkan yaratmışdır. Yumurtalıq (over) xərçənginə xüsusi olaraq, ailəvi keçən BRCA1-2 genini daşıyanlar xaricində sağlam şəxslər üçün bugünkü şəraitdə xüsusi skrininq üsulu hələ hazırlanmamışdır. Keçmiş illərdə yumurtalıq xərçəngində görülən əlamətlərin başqa xəstəliklərdəki əlamətlərlə oxşarlığı xəstəliyin gec fərq edilməsinə səbəb olmuşdur. Lakin sonrakı illərdə aparılan tədqiqatlar bəzi əlamətlərin yumurtalıq xərçəngində də görüldüyünü sübut etmişdir. Bunun sayəsində erkən diaqnoz edilə bilən xəstəlik yumurtalıq xərçəngi olan qadın xəstələrin sağalma şansını artırmışdır.
Bu əlamətlərə diqqət edilməlidir. Yumurtalıq xərçəngində barədə razılıq olan bəzi əlamətlər belədir:
- Qarın nahiyəsində şişkinlik
- Çanaq və ya qarın ağrısı
- Yemək yeməkdə çətinlik və ya dərhal doyma hissi
- Sidiklə bağlı əlamətlər (təzyiq və ya tez-tez sidiyə getmək)
Bir neçə həftədən artıq hər gün belə əlamətlərlə qarşılaşsanız, vaxt itirmədən ginekoloqunuza müraciət edin.
Uşaqlıq (endometrium) xərçənginin əlamətləri nələrdir?
Endometrial, yəni uşaqlıq xərçəngləri uşaqlığı örtən hüceyrələrdə başlayır və karsinoma adlandırılan xərçənglər qrupundandır. Endometrial karsinomalar əsasən endometriumdakı ifrazat vəzilərini təşkil edən hüceyrələrdə inkişaf edirsə, bu xərçənglərə adenokarsinoma deyilir. Ən çox rast gəlinən endometrial xərçəng növü endometrioid adenokarsinomadır. Daha nadir rast gəlinən endometrial karsinoma növlərinə isə skuamoz hüceyrəli və differensiasiya olunmamış (başqalaşma göstərməmiş) xərçənglər daxildir.
Aşağıda qeyd edilən əlamətlər olduqda vaxt itirmədən ginekoloqa müraciət etməlisiniz.
- İki menstruasiya dövrü arasında və ya menopauzadan sonra qeyri-adi qanaxma, ləkələnmə və ya ifrazat
- Çanaqda ağrı
- Səbəbsiz çəki itkisi
Uşaqlıq boynu (serviks) xərçənginin əlamətləri nələrdir?
Uşaqlıq boynu xərçəngi uşaqlıq boynundakı hüceyrələrdə başlayır və adətən yavaş inkişaf edir. Uşaqlıq boynu xərçəngi inkişaf etmədən əvvəl uşaqlıq boynundakı (serviks) hüceyrələr dəyişməyə və anormallaşmağa başlayır. Bu anormal hüceyrələr prekanserozdur, yəni xərçəng deyil.
Prekanseroz müalicə edilməzsə xərçəngə çevriləcək toxuma deməkdir. Bu növ prekanseroz hüceyrələr uşaqlıq boynunu servikal displaziyaya çevirir. Servikal displaziyanın və uşaqlıq boynu (serviks) xərçənginin erkən mərhələlərində heç bir əlamət görülmür. Müntəzəm skrininq testləri əlamətlər inkişaf etmədən displaziyanın və ya uşaqlıq boynu xərçənginin diaqnozuna kömək edə bilər. Həm displaziya, həm də uşaqlıq boynu xərçəngi erkən diaqnoz edildikdə uğurla müalicə oluna bilər.
Uşaqlıq boynu xərçənginə və ya başqa sağlamlıq problemlərinə yol açan bəzi əlamətlər müşahidə edildikdə həkimə müraciət olunmalıdır. Məsələn:
- Menstruasiya dövründən kənar vaginada anormal qanaxma və ya qan ləkəsi
- Qeyri-adi uzun və ya ağır keçən menstruasiya dövrləri
- Cinsi əlaqədən sonra qanaxma
- Cinsi əlaqədən sonra ağrı
- Vaginadan gələn sulu ifrazat
- Vaginadan gələn çox miqdarda ifrazat
- Menopauzadan sonra vaginadan gələn qanaxma
Belə əlamətlərlə qarşılaşdıqda vaxt itirmədən mama-ginekoloqa müraciət edərək mümkün uşaqlıq boynu xərçənginin erkən diaqnozuna, sürətli və effektiv müalicənin tətbiqinə kömək edin.
Xaya xərçənginin əlamətləri nələrdir?
Xaya xərçəngi adətən gənc kişilərdə bir və ya hər iki xayada inkişaf edir. Mütəxəssis həkimlər tərəfindən müalicə edilməli və düzgün strategiyalarla müalicə edildikdə çox vaxt sağaldıla bilən xərçəng növüdür. Qasıqda və ya xayalıqda şişkinlik, düyün və ya ağrı yaranan kişilərdə xaya xərçənginin mövcudluğundan şübhələnmək olar.
Xaya xərçəngi ehtimalını artıran ən mühüm əlamətləri aşağıdakı kimi sadalamaq olar:
- Xayada və ya qasıqda düyün
- Xayada və ya qasıqda şişkinlik
- Xayada və ya qasıqda ağrı
Həmçinin şəxs özündə ağırlıq hiss edə və ya qarnın aşağı hissəsində, yaxud xayalıqda (skrotumda) ağrıdan şikayət edə bilər, hətta ürəkbulanma və qusma kimi əlamətlər görülə bilər. Nadir hallarda süd vəzində böyümə və həssaslıq görülə bilər. Həmçinin estrogen (qadınlıq hormonu) istehsal edən bəzi xaya şişləri süd vəzində böyüməyə və cinsi istəksizliyə səbəb ola bilər.
Androgen (kişilik hormonu) istehsal edən xaya şişləri isə kişilərdə aydın əlamət göstərməyə bilər. Lakin oğlan uşaqlarında üzdə və bədəndə anormal tüklənməyə səbəb ola bilər. Xaya xərçəngi olan bəzi kişi xəstələrdə heç bir əlamət görülməyə bilər.
Başqa sağlamlıq yoxlaması və ya sonsuzluq testləri zamanı xərçəngin diaqnozu mümkündür. Xayada yaranan əlamətlərin mümkün səbəbi xərçəng ola bilər, lakin çox vaxt bu əlamətlər infeksiya, zədə və ya başqa səbəblərdən qaynaqlana bilər. Buna görə belə əlamətlərlə qarşılaşdıqda vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Xərçəng olmasa belə, dərhal müdaxilə edilməli başqa sağlamlıq probleminin erkən müalicəsi təmin oluna bilər.
Böyrək xərçənginin əlamətləri nələrdir?
Böyrəklərdə xoşxassəli və bədxassəli adlandırılan bir çox fərqli xərçəng növü inkişaf edə bilər. Böyrəkdə kista inkişafı tez-tez görülən haldır və xoşxassəli olduğundan xərçəng sayılmır.
Adətən həyati risk daşımayan böyrək kistalarının çox vaxt müalicəsinə belə ehtiyac olmur və yalnız müşahidə ilə izlənilir. Bununla yanaşı, böyrək xərçəngi bədxassəlidir və hər xərçəng növündə olduğu kimi həyati risk daşıyır. Böyrək xərçəngi adətən irəli yaşlarda (60 yaşdan yuxarı) meydana çıxır, lakin ailəvi keçən növləri daha erkən yaşlarda görülə bilər. Daha çox kişilərdə rast gəlinən bu xərçəng növünün bir çox digər xərçəng növündə olduğu kimi erkən diaqnozdan sonra tətbiq olunan effektiv müalicə üsulları ilə tam sağaldılması mümkündür.
Böyrək xərçəngində tez-tez rast gəlinən bəzi əlamətlər;
- Sidikdə qan (hematuriya)
- Səbəbsiz yaranan bel ağrısı
- Beldə şişkinlik
- Halsızlıq
- İştahasızlıq
- Səbəbsiz çəki itkisi
- Səbəbsiz və davam edən qızdırma
- Qanazlığı
Lakin bu əlamətlərin birbaşa böyrək xərçəngi ilə əlaqələndirilməsi düzgün deyil. Mövcud infeksiya, böyrək daşı və ya xoşxassəli şişlər də belə əlamətlərə səbəb ola bilər. Bu halda sizə düşən vaxt itirmədən mütəxəssis həkimə müraciət etməkdir. Bunun sayəsində erkən müəyyən edilən sağlamlıq probleminə sürətlə həll tapmaq mümkün olacaqdır.
Uşaq xərçənglərinin mümkün əlamətləri nələrdir?
Uşaqlardakı bir çox xərçəng uşağın həkimi və ya ailəsi tərəfindən erkən diaqnoz edilir. Lakin uşaqlarda tez-tez rast gəlinən xəstəliklərə və zədələrə oxşadığından uşaqlarda inkişaf edən xərçənglərin dərhal anlaşılması çətin ola bilər. Uşaqlar tez-tez xəstələnir və ya bədənlərində göyərmələr və şişkinliklər görülə bilər. Bu da erkən mərhələli xərçəng əlamətini gizlədə bilər. Ailələr uşaqlarına müntəzəm tibbi yoxlama etdirməli, düzəlməyən qeyri-adi əlamətləri və ya işarələri yoxlamalıdır.
Qeyri-adi sayıla biləcək əlamətlər və ya işarələr bunlardır:
- Qeyri-adi düyün və ya şişkinlik
- İzah olunmayan solğunluq və halsızlıq
- Bədəndə asan yaranan göyərmələr və qançırlar
- Bədənin müəyyən yerində davam edən ağrı
- Axsaqlıq
- İzah olunmayan qızdırma və ya müalicə tətbiq olunsa da sağalmayan xəstəlik
- Çox vaxt qusma ilə nəticələnən tez-tez baş ağrıları
- Görmədə qəfil dəyişikliklər
- İzah olunmayan qəfil çəki itkisi. Xərçəngin növünə görə başqa əlamətlərin görülməsi də mümkündür.
Bu əlamətlərin çoxu xərçəngdən çox zədə və ya infeksiyaya bağlı səbəblərdən yarana bilər. Yenə də uşağınızda bu əlamətlərdən hər hansı biri varsa, vaxt itirmədən pediatrınıza müraciət edərək lazımi müalicəni almasını təmin etməlisiniz. Həkiminiz əvvəlcə əlamətlər barədə suallar verəcəkdir. Sonra uşağınızı müayinə edər. Müayinənin sonunda xərçəng mümkün səbəbdirsə, bəzi görüntüləmə testləri və ya digər testlər istəyə bilər. Bəzi hallarda anormal şişkinlik və ya şiş müəyyən edilərsə, şişin bir hissəsinin və ya hamısının çıxarılması lazım ola bilər. Bunun sayəsində mümkün xərçəng hüceyrələri mikroskop altında araşdırılır. Bu prosedur biopsiya adlanır.
Uşaq xərçənglərində erkən diaqnoz
Aşağı və orta gəlirli ölkələrdə hər il təxminən 175.000 uşağa xərçəng diaqnozu qoyulur. Pediatrik onkologiya şöbəsi olmayan bir çox ölkə olduğu və qeydə alınmayan hallar nəzərə alınmadığından bu rəqəm olduğundan az qiymətləndirilir.
Uşaqlarda görülən xərçəng halları böyüklərdən daha az olsa da, təxminən 90.000 uşaq xəstənin həyat itkisinə səbəb olur. Yüksək gəlirli ölkələrdə xərçəng qəza və zədələrdən sonra 5-14 yaş arasındakı uşaqlarda ikinci həyat itkisi səbəbi kimi görülür. Türk Pediatrik Onkologiya və Türk Pediatrik Hematologiya Cəmiyyəti'nin 2002-ci ildən bəri apardığı xərçəng qeydiyyat sisteminə görə Türkiyədə hər il təxminən 3.000, dünyada isə təxminən 175.000 uşaq xərçəngə tutulur.
Dünya üzrə uşaqlarda ən çox görülən xərçəng növləri leykemiya, beyin şişləri, limfoma, neyroblastoma (sinir hüceyrələrində inkişaf edən şiş) və böyrək xərçəngləridir. Xərçəngin növünə və paylanmasına baxdıqda Qərb ölkələrindən fərqli olaraq Türkiyədə birinci yerdə leykemiya, ikinci yerdə limfoma, üçüncü yerdə isə beyin şişləri görülür. Ayrı-ayrı şiş növlərinə baxıldıqda Wilms şişi, Hodgkin xəstəliyi, retinoblastoma kimi şişlərdə müalicə uğurunun təxminən yüzdə 90 olduğu deyilir.
Qan xərçəngi növü olan leykemiyalarda müalicə uğurunun yüzdə 80-i aşdığı bildirilmişdir. Digər uşaq xərçəngləri də erkən mərhələdə müəyyən edildikdə müalicə uğuru olduqca yaxşıdır. Son illərdə uşaq xərçənglərinin müalicəsindəki inkişafla sağalma nisbətlərinin %10-dan %80-ə çıxdığı ifadə edilmişdir. Lakin sağalma nisbətləri ölkənin səviyyəsinə görə dəyişə bilər.
İnkişaf etmiş ölkələrdə uşaq xərçənglərində sağalma nisbəti %80 səviyyəsindəykən bu nisbət az inkişaf etmiş ölkələrdə təxminən %10-40-dır. Türkiyədə isə uşaq xərçənglərində sağalma nisbəti %65-70-dir.
Müalicə şansının artmasında ailələrin uşaq xərçənglərinin əlamətləri barədə məlumatlandırılması çox vacibdir. Xərçəngdə erkən diaqnoz sayəsində erkən başlanılan müalicədən daha sürətli və daha müsbət cavab alınır. Uşaqlarda ömür daha uzun olduğundan uşaq xərçənglərinin müalicə uğurunun daha yüksək olduğunu demək olar. Ölkəmizdə uşaq xərçənglərinin müalicəsindəki uğur nisbətlərinə baxdıqda bu sahədə böyük yol qət edildiyi görünür. Bu da biz onkoloqlar üçün çox sevindirici və qürurverici mənzərədir.
Erkən diaqnoz ən uğurlu müalicənin ilk addımıdır.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.