Yüksək sürətli 3D kameralarla daha yaxşı biopsiya imkanı

Biopsiyalar tibbi istifadəyə daxil olduqları vaxtdan bəri, xüsusilə son 100 il ərzində dəfələrlə dəyişikliyə uğrayıb: bədəndən toxuma (hüceyrə toplusu) kəsilir/çıxarılır, muma bənzər bloka yerləşdirilir, nazik kəsiklər hazırlanır, əşya şüşəsinə qoyulur və boya ilə boyanır. Daha sonra patoloq nümunəni mikroskop altında müayinə edir. Xəstə və ailəsinin gərgin gözləntisi zamanı nəticələr 2 ilə 10 gün ərzində gəlir.
Columbia Universitetinin mühəndisləri biopsiya anlayışımızı inkişaf etdirəcək və tətbiqi asanlaşdıracaq daha üstün bir model hazırlamaq üçün çalışırlar. Nature Biomedical Engineering jurnalında 28 mart 2022-ci ildə nəşr olunan tədqiqatında Elizabeth Hillman və komandası bədəndən cərrahi və ya müdaxilə radioloji üsullarla hüceyrə götürməyə ehtiyac olmadan canlı hüceyrələrin şəklini sürətlə çəkə bilən yüksək sürətli 3D mikroskop hazırlayır.
Məqsəd diaqnozun daha sürətlə qoyulduğu qeyri-invaziv (müdaxilə tələb etməyən) yanaşmadır.
- Əlaqəli mövzu: Biopsiya nədir, növləri hansılardır, kimlərə və necə edilir?
Tibbi görüntüləmə Matrix ilə görüşür
Artıq bəzi əməliyyatlarda mikroskoplar istifadə olunur, lakin əksəriyyəti mühüm detalların görüntülərinin məhdud olduğu yalnız kiçik 2D şəkillər təqdim edir.
Hillman, “Toxuma müxtəlif dərinliklərdə fərqli görünür. Toxumanın 3D görüntüsünə sahibsinizsə, ona müxtəlif səviyyələrdə baxa bilərsiniz – bunlar 2D görüntülərlə edə bilməyəcəyimiz şeylərdir.” deyir.
İndiyədək bu dərinlikləri araşdırmaq üçün minimal cərrahi kəsiklər lazım idi. Lakin MediSCAPE adlandırılan, Hillman və komandasının hazırladığı texnologiyanın adının açılışı belədir: SCAPE= Swept Confocally Aligned Planar Excitation. Bu prosesdə kiçik mikroskop zondu canlı toxumanın üzərində tutulur. Zond çox sürətlə canlı hüceyrənin çoxlu şəklini çəkir və toxumanın kiçik xüsusiyyətlərinin genişmiqyaslı 3D görüntüsünü yaradır.

2D skanlama ilə 3D versiya arasındakı fərq düz Polaroid şəkli ilə “Matrix” filmindəki “Bullet Time” səhnəsini müqayisə etməyə bənzəyir. Çox müxtəlif bucaqlardan yüksək sürətlə əldə edilən görüntülər detalların bir səviyyəsini və 2D şəkillərin təmin edə bilmədiyi dəqiqliyi verir.
Bu daha aydın şəkillər cərrahlara sağlam toxumaları qeyri-sağlam toxumalardan daha yaxşı ayırmağa və şişi necə daha yaxşı çıxara biləcəklərinə qərar verməyə imkan verir. Beləliklə, xəstə olmayan toxumalara toxunmurlar. Ən yaxşısı isə görüntü normal görünürsə, toxuma xəstənin bədənində olduğu yerdə qalır.
Hillman texnologiyanın yalnız şişi aşkar etməkdə deyil, eyni zamanda “sinir, piy, əzələ, qığırdaq, çapıq toxuması kimi müxtəlif toxuma növlərini sürətlə müəyyənləşdirməklə cərrahlara istiqamət verməkdə” də faydalı ola biləcəyini söyləyir.
- Marağınızı çəkə bilər: Elektron mikroskopu nədir? Qısa tarixi və 2017 Nobel Kimya Mükafatı
Daha yaxşı və təhlükəsiz biopsiyalar yaxın gələcəkdəmi?
Hillman yüksək sürətli 3D görüntüləmənin bütün biopsiyaları əvəz edəcəyi kimi bir düşüncənin olmadığını vurğulayır. Lakin MediSCAPE xüsusilə şişkinlik, qıcolma və ya iflic kimi funksiya itkisinə səbəb ola biləcək beyin kimi həssas nahiyələrin müayinəsində faydalı ola bilər.
Bundan əlavə, o, bu texnologiyanın ilk tətbiqlərinin ehtimal ki, xəstənin toxumasının açıq olduğu açıq əməliyyatlarda – beyin, qarın, serviks (uşaqlıq boynu), qulaq-burun-boğaz kimi – olacağını və mürəkkəb robotik cərrahiyyəyə də istiqamət verəcəyini söyləyir.
Hillman bildirir ki, bu tədqiqat texnikanın mümkün olacağını sübut etsə də, texnologiyanın geniş yayılmasından əvvəl beş il və ya daha çox müddət keçə bilər. Bizi hələ çoxlu klinik tədqiqatlar gözləyir.
Mənbələr
2. Better Biopsies? High-Speed 3D Cameras Could Be the Future - Medscape - May 24, 2022.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.