Yumurtalıq xərçənginin müalicəsində mühüm bir sual cavabını tapdı!

Over (yumurtalıq) xərçəngi qadınlarda süd vəzi xərçəngindən sonra ən çox rast gəlinən xərçəng növüdür. Qadınlarda görülən ginekoloji xərçənglər arasında ən çox həyat itkisinə səbəb olan növdür. Yumurtalıq borularının xərçəngi də bioloji oxşarlığa görə eyni müalicə strategiyası ilə müalicə olunur. Yumurtalıq xərçəngləri qarın pərdəsi və limfa düyünləri vasitəsilə yayıldığı üçün xəstələrdə erkən dövrdə əksər hallarda əlamət vermir və gec mərhələdə diaqnoz qoyulur. Xəstələrin demək olar ki, %75-i diaqnoz zamanı 3C mərhələsində (qarın pərdəsində 2 cm və daha böyük metastazlar, qasıqlarda limfa düyünü metastazı, retroperiton adlandırılan qarın bölgəsində şişin yayılması) və ya 4. mərhələdədir (xəstəliyin qarından kənara yayılması).
Yumurtalıq xərçəngi diaqnozu qoyulan xəstədə iki mühüm həyatqurtarıcı müalicə vardır. Bunlardan birincisi şiş yükünü azaldan əməliyyat (sitoreduktiv cərrahiyyə), digəri isə kimyaterapiya-dır. Kimyaterapiya illər ərzində standart yanaşmaya çevrilmiş, doza və dərman növü müzakirəyə ehtiyac qalmayacaq şəkildə dəqiqləşmişdir. Cərrahiyyədə məqsəd qarın daxilində mümkünsə yalnız mikroskopik səviyyədə qalacaq şəkildə görünən bütün şişlərin təmizlənməsi və ya görünən şişlərin 1 cm-dən kiçik qalması olmalıdır. Bundan kənar aparılan əməliyyatların xəstəyə faydasının minimal olacağı və qısalmış ömür müddətinin ən mühüm müəyyənedicisi olduğu sübut edilmişdir.
Əməliyyat və kimyaterapiyanın ardıcıllığı son 10 ildə müzakirə mövzusu olmuşdur. İlk müalicəyə əməliyyatla başlanmalıdır, yoxsa əvvəl kimyaterapiya verilib sonra cərrahiyyə aparılmalıdır?
Bu müddətdə aparılan müqayisəli, yaxşı planlaşdırılmış tədqiqatların nəticələri təhlil edilərək oktyabr 2016-da Journal of Clinical Oncology jurnalında mübahisəli mövzu ilə bağlı müalicə təlimatı dərc edildi. Bu təlimata görə, yeni diaqnoz qoyulmuş yumurtalıq xərçəngli xəstədə xəstəliyin yayılmasını müəyyən etmək üçün yetərli səviyyədə görüntüləmə müayinələri aparılaraq xəstəliyin yayılması tam müəyyən edilməlidir.
Bu müayinələr Ca 125 səviyyəsini, bütün qarın və döş qəfəsi bölgəsinin tomoqrafiyasını əhatə etməli, lazım olan hallarda əlavə PET Tomoqrafiya və/və ya MR aparılmalıdır.
Az sayılmayacaq qədər xəstənin yetərsiz görüntüləmə müayinələri ilə əməliyyat olunduğunu müşahidə edirik
Görüntüləmə üsullarından sonra xəstəliyin yayılması 3C və 4. mərhələdə olan xəstələr üçün əməliyyatdan əvvəl kimyaterapiya tətbiqi mütləq nəzərdən keçirilməlidir. Bu qrup xəstələrdə (yeni diaqnoz qoyulan xəstələrin %75-i) əməliyyatdan əvvəl kimyaterapiya tətbiqi cərrahi müalicə ilə bağlı arzuolunmaz halları və həyat itkisi riskini nəzərəçarpacaq dərəcədə azaldır.
Təlimatda ümumi vəziyyəti çox yaxşı olan, yanaşı xəstəliyi olmayan və ətraflı mərhələləndirmə müayinələrindən sonra ginekoloq-onkoloqun optimal şişkiçildici əməliyyatın mümkün ola biləcəyini düşündüyü xəstələrdə cərrahiyyə ilə başlana biləcəyi bildirilmişdir.
Yumurtalıq xərçənginin izlənməsi və müalicəsi mütləq ginekoloq-onkoloq və tibbi onkoloqun daxil olduğu komandalar tərəfindən aparılmalıdır. Unudulmamalıdır ki, bütün xərçəng növlərində uğuru müəyyən edən ən mühüm amil xəstəyə onun üçün mövcud olan, elmi cəhətdən sübut edilmiş müalicə strategiyalarının tam təqdim edilməsidir. Yumurtalıq xərçəngindəki bu inkişaf bizə şahmat oyununda işlədilən bir deyimi xatırladır: “ən mühüm gediş ilk gedişdir”.
Mənbələr
Neoadjuvant Chemotherapy for Newly Diagnosed, Advanced Ovarian Cancer.
Society of Gynecologic Oncology and American Society of Clinical Oncology Clinical Practice Guideline. JCO October 2, 2016.
2. Vergote I et all.
Neoadjuvant chemotherapy or primary surgery in stage IIIC or IV ovarian cancer.
N Engl J Med. 2010;363(10):943.
3. Kehoe S et all.
Primary chemotherapy versus primary surgery for newly diagnosed advanced ovarian cancer (CHORUS): an open-label, randomised, controlled, non-inferiority trial.
Lancet. 2015;386(9990):249.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.