Acam, yoxsa sadəcə darıxıram? Fiziki və psixoloji aclıq nədir?

Qida qəbulu insan bədəninin öz funksiyalarını yerinə yetirməsi üçün vacibdir. Lakin ehtiyacdan artıq qəbul edilən kalorilər çəki artımına və nəticədə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Həddindən artıq kalori qəbulu adətən stress, sıxıntı, həddindən artıq iş yükü, ailə təzyiqi və ya travmatik hadisədən qaçmaq istəyi kimi emosional aclıq səbəblərindən qaynaqlana bilər. Yazıda aclıq sözünün nə demək olduğunu, növlərini, çəki artımının əsas səbəblərini və tövsiyələri araşdıracağıq.
Aclıq nədir?
Aclıq hormonları, biokimyəvi prosesləri və fiziki reaksiyaları əhatə edən mürəkkəb prosesdir. Ümumilikdə aclıq fiziki və psixoloji olmaqla iki yerə ayrılır. Fiziki aclıq bədənin həyatda qalmaq üçün yemək istəyi kimi təsvir edilə bilər, psixoloji aclıq isə daha çox arzuya əsaslanan yemək istəyidir. Fiziki və psixoloji aclığı daha ətraflı nəzərdən keçirək:
Fiziki aclıq
Fiziki aclığın həqiqi aclıq olduğunu deyə bilərik. Başqa sözlə, bu, bədənin enerji istehsalı üçün qidaya ehtiyac duyduğu aclıq növüdür. Buna görə fiziki aclıq zamanı mədədə boşluq hiss edilir və bəzən qurultu səsləri eşidilir. Uzunmüddətli fiziki aclıq zamanı isə qanda şəkər azala, diqqəti cəmləməkdə problemlər yarana və yorğunluq hiss edilə bilər.
Psixoloji aclıq
Psixoloji aclıq bədənin qida qəbuluna ehtiyacı olduğuna dair heç bir fiziki siqnal vermədiyi, lakin yenə də yemək istəyinin olduğu aclıqdır. Məsələn, əsas yeməkdən sonra tox hiss etsəniz də şirniyyat istəməyiniz və ya darıxdığınız üçün vaxt keçirmək məqsədilə qida qəbul etməyiniz tamamilə psixoloji aclığın göstəricisidir.
Psixoloji aclıq çəki artımına səbəb olan mühüm amildir və bir çox müxtəlif səbəblə tətiklənə bilər.
Psixoloji aclıq nə üçün yaranır?
Darıxmaq
Darıxmaq səbəbindən yemək psixoloji aclığın ən geniş yayılmış səbəblərindəndir. İnsanlar yeməyi vaxt keçirən məşğuliyyət kimi görür və adətən asan əldə edilən, kalorisi yüksək, qida dəyəri aşağı məhsullara üstünlük verirlər. Bu hal tez-tez baş verdikdə çəki artımına səbəb olur.
Stress
Xroniki psixoloji stress aclıq hormonlarının səviyyəsini dəyişə və nəticədə yemək istəyini tətikləyə bilər. Stress nəticəsində yemək istəyi artan insanlar meditasiya kimi stress səviyyəsinə nəzarət edə biləcək başqa üsullar tapmadıqda, stresslə əlaqəli çəki artımı problemi ilə üzləşə bilərlər.
Sosiallaşma
Ətrafınızdakı insanlar nəsə yeyib-içdikdə, ac olmasanız belə eyni davranışı göstərməyə meyilli olursunuz. Məsələn:
65 yuxarı sinif şagirdi ilə aparılan kiçik tədqiqatda ikinci boşqabı götürən dostları ilə yemək yeyən şagirdlərin ikinci boşqabı götürməyə %65 daha meyilli olduğu müşahidə edildi.
Reklamlar və sosial media
Sağlam olmayan, yüksək kalorili qidaların reklamları yeməyi təşviq etməkdə mühüm rol oynayır. Televiziya reklamında və ya sosial mediada gördüyünüz qida psixoloji aclığınızı tətikləyə bilər. Nəticədə ac olmasanız belə özünüzü yemək yeyərkən tapa bilərsiniz.
Həmçinin ekranda yemək yeyən birini görməyin psixoloji aclığı tətikləməkdə daha təsirli olduğu düşünülür. Bəzi tədqiqatlar satışa çıxarılmaq istənən məhsulun yeyildiyini göstərən reklamların yalnız məhsulu göstərən reklamlardan daha çox psixoloji aclıq yaratdığını irəli sürür.
Keyfiyyətsiz yuxu
Nizamsız və az yuxu müddətinin qidalanma vərdişlərində mühüm rol oynadığı düşünülür.
Daha az yatan insanların daha çox kalori qəbul etdiyi, daha sağlam olmayan seçimlər etdiyi və buna görə çəki artımına daha meyilli olduğu düşünülür.
Hyperpalatable — “həddindən artıq dadlı” qidalar
Hyperpalatable qidalar dadlı olmaq və beyni stimullaşdıran təsir yaratmaq üçün hazırlanmış qidalardır. Buna görə bir çox insan fiziki olaraq ac olmasa belə bu qidaların qəbulunu məhdudlaşdırmaqda çətinlik çəkir.
Həqiqətən ac olub-olmadığınızı necə anlaya bilərsiniz?
Həqiqi aclıq və susuzluq hissi psixoloji aclıqdan fərqlidir.
Sağlam bədənə sahib olmaq üçün bədən müəyyən fasilələrlə sağlam qidalarla bəslənməlidir. Bəzi insanlar arıqlamağa çalışarkən yemək vaxtlarını ötürürlər və bu, adətən əks təsir göstərir. Yeməklər arasında çox uzun gözləmək həddindən artıq aclıq hissi yaratdığı üçün yüksək kalori qəbuluna səbəb ola bilər. Buna görə fiziki aclıq hiss etdiyiniz vaxt yemək ən düzgün seçim olacaq.
Həqiqi aclıq və susuzluğun əlamətləri hansılardır?
Həqiqi aclığın erkən əlamətləri arasında mədədə yüngül aclıq sancısı, boşluq hissi və qurultu ola bilər. Lakin bu əlamətlər insandan insana dəyişə bilər.
Həqiqi fiziki susuzluq zamanı isə ağız quruluğu və boğazda yüngül qaşınma yarana bilər. Su da daxil olmaqla istənilən maye susuzluğun keçməsini təmin edə bilər. Digər tərəfdən, psixoloji susuzluq qazlı içki kimi müəyyən içkini içmək istəyi şəklində ortaya çıxa bilər.
Həqiqətən ac olub-olmadığınızı anlamaq üçün aşağıdakı üsulları tətbiq etməyi sınaya bilərsiniz:
Özünüzə sual verin: Bədəninizin və zehninizin verdiyi əlamətləri izləmək faydalı olacaq. Bunu asanlaşdırmaq üçün özünüzə aşağıdakı sualları verməyi sınaya bilərsiniz.
- Hansı duyğuları hiss edirəm?
- Darıxıram, narahatam, yoxsa kədərliyəm?
- Ən son nə vaxt yemək və ya qəlyanaltı yedim?
- Həqiqi aclıq əlamətləri yaşayırammı?
Su için: Bəzən susuzluq hissi fiziki aclıqla qarışdırıla bilər. Buna görə ac olduğunuzdan tam əmin deyilsinizsə, əvvəlcə bir stəkan su içməyi sınaya bilərsiniz. Sonra aclıq hissi keçməyibsə və əlamətlər davam edirsə, həmin vaxt yemək yeyə bilərsiniz.
Darıxmaqdan qurtulmaq və lazımsız yeməyin qarşısını almaq üçün nə etməli?

Hər kəs bəzən ac olmadan yemək yeyə bilər. Bu, normal haldır. Lakin tez-tez baş verdikdə artıq kalori qəbuluna səbəb olacaq. Nəticədə çəki artımı ilə yanaşı müxtəlif sağlamlıq problemləri yarana bilər. Bunun qarşısını almaq üçün tətbiq edə biləcəyiniz məsləhətlərə birlikdə nəzər salaq:
Yemək istəyinizi tətikləyən amilləri müəyyən edin
Psixoloji aclıq zamanı insanlar adətən təzə meyvə və tərəvəz kimi sağlam qidalar istəmirlər. Əvəzində şəkərli, yüksək kalorili və ya yüksək dərəcədə emal olunmuş məhsullar istəyirlər. Çips, dondurma, vafli və konfet kimi qidaları arabir qəbul etmək zərərli olmasa da, davamlı qəbul etmək olduqca zərərli olacaq. Buna görə qablaşdırılmış qidaları evdən uzaq tutmaq və ərzaq alış-verişində meyvə və tərəvəz kimi qidalara üstünlük vermək darıxma hissinizi sağlam olmayan qidalarla yatırmağınızın qarşısını almağa kömək edəcək.
Yeməyinizi yavaş və fərqində olaraq yeyin
Yeməyinizin dadına və quruluşuna diqqət yetirərək yavaş-yavaş yedikdə beyninizə doyduğunuzu qavramaq üçün vaxt vermiş olacaqsınız.
Gün ərzindəki fəaliyyətlərinizi planlaşdırın
Nizamlı və planlı həyat tərzi darıxmağınızın qarşısını ala bilər. Hər səhər gündəlik fəaliyyətlərinizi planlaşdırmağı sınayın. Yeməklə bağlı darıxma hissindən qurtulmağınıza kömək edəcəksə, yeməklər və qəlyanaltılar üçün də müəyyən vaxt ayırmağı sınaya bilərsiniz.
Darıxdığınız zaman edə biləcəyiniz məşğuliyyətlər tapın
Darıxdığınızda psixoloji aclıq nəticəsində yemək əvəzinə gəzinti, kitab oxumaq, film izləmək kimi sevdiyiniz məşğuliyyətləri etməyi sınayın.
Yemək istədiyinizdə 30 dəqiqə gözləyin
Yemək istəyirsiniz, lakin özünüzü ac hiss etmirsinizsə, 30 dəqiqə gözləyin və güclü yemək istəyinin keçib-keçmədiyinə baxın. Bu müddətdə özünüzü məşğul tutmağa çalışın. Əgər bu, həqiqi aclıqdırsa, 30 dəqiqənin sonunda aclıq əlamətləri hiss ediləcək.
Peşəkar kömək almaqdan çəkinməyin
Emosional yeməyi öz üsullarınızla nəzarətdə saxlaya bilmirsinizsə, psixoloq və ya dietoloqdan kömək almaq olduqca faydalı olacaq. Çünki uzun müddət və tez-tez davam edən emosional yemə pozuntusu “tutma şəklində həddindən artıq yemə pozuntusu” kimi daha təhlükəli nəticələrin xəbərçisi ola bilər. Tutma şəklində həddindən artıq yemə pozuntusu qısa vaxtda rahatlamaq üçün böyük miqdarda yağlı və şəkərli qidaların qəbul edildiyi psixoloji pozuntudur.
Buna görə yemək yeyərkən tez-tez nəzarəti itirdiyinizi hiss edirsinizsə və ac olmasanız belə tez-tez böyük miqdarda sağlam olmayan qidalar yeyirsinizsə, mütləq mütəxəssisdən dəstək almalısınız.
Yazımızda həqiqi aclıq olmadan, psixoloji aclıq nəticəsində qəbul edilən qidaların yarada biləcəyi sağlamlıq problemlərindən və bunun öhdəsindən necə gələcəyinizdən danışdıq. Lakin bunun tam əksinə, həqiqətən ac olduğu halda yemək yeməyə fürsət tapmayan insanların da olduğunu unutmamalıyıq. Nahar fasiləsində uzun iş toplantısında iştirak etməli ola və ya yemək vaxtı tıxacda qala bilərsiniz.
Yemək yeməyə fürsət tapmayan, tələsən insanlar nə etməlidir?

Əvvəlcədən planlaşdırın
Yemək yeməyə fürsət tapmayacağınız bir gün keçirəcəyinizi əvvəlcədən bilirsinizsə, gərginlik başlamazdan əvvəl bol protein və lif ehtiva edən sağlam və balanslı yemək yeyin.
Saqqız çeynəməyi sınayın
Planlaşdırılmamış gərginlik içindəsinizsə və yemək yeməyə fürsət tapmağınız mümkün deyilsə, həmin vaxt aclığınızı yatırmaq üçün saqqız çeynəməyi sınayın. Lakin bunun qısamüddətli və müvəqqəti üsul olduğunu unutmamalısınız. Aclıq səviyyəniz qarın ağrısı və qurultu kimi əlamətlər hiss etdiyiniz həddədirsə, saqqız çeynəmək kömək etməyəcək.
Yemək yeyə biləcəyiniz vaxt gələndə nəzarəti itirməyin
Yemək yeyə bildiyinizdə bunu yavaş və diqqətlə edin. Həddindən artıq yeməmək üçün tox hiss etdiyinizdə yeməyi dayandırın.
Şərh və xülasə
Psixoloji aclıq çəki artımında mühüm rol oynayır. Buna görə həqiqi aclıq olmadan, istər darıxmaq, istərsə də başqa səbəblərlə tez-tez yemək yediyinizi düşünürsünüzsə, bunu nəzarət altına almağa çalışmalısınız. Öz üsullarınız və yazımızdakı məsləhətlərlə bunu məhdudlaşdırmaqda çətinlik çəkirsinizsə, mütləq mütəxəssisdən kömək almalı olduğunuzu unutmamalısınız.
Mənbələr
Am I Hungry or Bored?
healthline.com/nutrition/am-i-hungry
2. Amanda C Crockett, Samantha K Myhre, Paul D Rokke et al.
Boredom proneness and emotion regulation predict emotional eating.
J Health Psychol, May 2015.
3. Afton M Koball, Molly R Meers, Amy Storfer-Isser, Sarah E Domoff, Dara R Musher-Eizenman.
Eating when bored: revision of the emotional eating scale with a focus on boredom.
Health Psychol, Jul 2012.
4. Rajita Sinha, Peihua Gu, Rachel Hart, J B Guarnaccia.
Food craving, cortisol and ghrelin responses in modeling highly palatable snack intake in the laboratory.
Physiol Behav, Sep 2019.
5. Jon Davis.
Hunger, ghrelin and the gut.
Brain Res, Aug 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.