Akupressur masajı və ya iynəsiz akupunktur nədir? Xroniki yorğunluqda istifadə edilə bilərmi?

Süd vəzi xərçəngi müalicəsindən sonra bəzi xəstələr fiziki və mənəvi çətinlik yaşayır. İştahasızlıq, halsızlıq, çəki itkisi, davamlı başağrıları, başgicəllənmə və s. müalicə bitdikdən sonra yarana bilər. Ən çox görülən uzunmüddətli əlavə təsirlərdən biri xroniki yorğunluqdur. Hər 3 qadından 1-ində müalicə bitdikdən sonrakı 10 ilə qədər orta və ya ağır xroniki yorğunluq yaşanır. Xroniki / davamlı yorğunluq pis yuxu, həyat keyfiyyətinin azalması və depressiyanın artması ilə əlaqəlidir. Yorğunluq xərçəngə qalib gəlmiş xəstələrə yük olmaqla yanaşı, sonrakı əlavə müalicələri də məhdudlaşdırır və tətbiqi çətinləşdirir. Məsələn, fiziki fəaliyyətə başlamağa və davam etməyə mane olur, xəstə psixoloji müalicə proqramlarına qatıla bilməyəcək qədər halsız ola bilər. Buna görə süd vəzi xərçəngini yenmiş, davamlı yorğunluğu olan xəstələr üçün asan öyrənilən, özünün edə biləcəyi ucuz və asan tətbiq olunan müalicələr lazımdır. 7 iyulda JAMA Oncology-də yayımlanan tədqiqat akupressur masajının bu mövzuda kömək edə bildiyini göstərir.
Akupressur masajı orqanizmimizdəki xüsusi nöqtələrə (akupunktur nöqtələri = akupoint) barmaq və ya xüsusi hazırlanmış vasitələrlə (toplar, bilək bantları kimi) təzyiq tətbiq edərək stimullaşdırılan akupunktur üsuludur. Təzyiq göstərilən nahiyədə enerji sıxlığını dağıtmaq və ağrını azaltmaq hədəflənir. Hər akupointə uyğun orqan – nahiyə vardır. Akupointlər funksiyalarına görə rahatlaşdırıcı və stimullaşdırıcı kimi də ayrılır. Rahatlaşdırıcı akupointlər Çin təbabətində yuxusuzluq müalicəsində də tətbiq edilir. Stimullaşdırıcı akupointlər enerjini artırmaq üçün istifadə olunur. Əvvəlki tədqiqatlarda masajın yaxşılaşma göstəricisini %45-dən %70-ə artırdığı göstərilmişdir. Bu qədər ümidverici məlumatlara baxmayaraq, akupressurla xərçəngdə yorğunluğun aradan qaldırılması barədə çox az tədqiqat aparılmışdır. Yazımızın mövzusu olan tədqiqat akupressurun uğurlu tərəflərini və süd vəzi xərçəngini yenmiş xəstələrdə yorğunluq-halsızlıq müalicəsində istifadəsini araşdırır.
Tədqiqat
1 mart 2011 – 31 oktyabr 2014 tarixləri arasında aparılan tədqiqatın məqsədi süd vəzi xərçəngini yenmiş xəstələrdə davam edən halsızlığı azaltmaq, yuxunu yaxşılaşdırmaq və həyat keyfiyyətini yüksəltməkdir. Bu məqsədlə 1 – 3-cü mərhələlərdə müalicə almış 270 süd vəzi xərçəngli qadın seçilmişdir. Müalicələri ən azı 12 ay əvvəl tamamlanmışdır. Tədqiqat hər qadın üçün 10 həftə planlaşdırılmışdır. Bərabər xüsusiyyətli (yaş, etnik mənşə, din və s.) 270 xəstə 3 qrupa ayrılmışdır: rahatlaşdırıcı akupressur edənlər, stimullaşdırıcı akupressur edənlər və adi qulluğunu davam etdirənlər (hər hansı səhiyyə mütəxəssisindən yardım almayanlar).
Akupressur təlimçiləri ilk iki qrupa akupointlərin yerini, bu nöqtələri necə stimullaşdırmağı və hansı şiddətdə basmağı özlərinin etməsi üçün öyrətmişlər. Xəstələrə 6 həftə gündə bir dəfə hər nöqtəyə dairəvi şəkildə 3 dəqiqə təzyiq tətbiq etmək deyilmişdir. 3-cü və 6-cı həftələrdə xəstələrin hərəkətləri düzgün edib-etmədiyi və nə qədər düzgün etdiyi yoxlanılmışdır.
Nəticələr
Yorğunluq
6-cı həftəyə çatdıqda özləri rahatlaşdırıcı və stimullaşdırıcı akupressur masajı edən qadınlar adi qulluğuna davam edən qadınlardan yorğunluğu aradan qaldırmaqda daha uğurlu olmuşlar. Sonrakı 4 həftə dəyişikliklərin davamlılığını anlamaq üçün masaj dayandırılmışdır. 10-cu həftənin sonunda da adi qulluğu davam etdirənlərin yaxşılaşma göstəricisi digər qruplardan xeyli aşağı olmuşdur.
Uzunmüddətli həyat keyfiyyəti
Rahatlaşdırıcı akupressur masajı həm 6-cı, həm də 10-cu həftədə digər qruplardan daha uğurlu tapılmışdır. Rahatlaşdırıcı akupressur masajının həyat keyfiyyətini artırdığı açıq görünür.
Xəstələr 6 həftə hər gün bu masajı özləri tətbiq etmişlər. 2 akupressur növü də yorğunluğu əhəmiyyətli dərəcədə azaltsa da, yalnız rahatlaşdırıcı növ adi qulluqla müqayisədə həm həyat, həm də yuxu keyfiyyətinə əhəmiyyətli təsir edə bilmişdir.
Bəs iki masaj növü yorğunluğu niyə eyni dərəcədə yaxşılaşdıra bilir? Bunu saxta və həqiqi akupunkturun simptomları eyni dərəcədə yaxşılaşdırmasına bənzədə bilərik. Cavab: müxtəlif mexanizmlərlə təsir edirlər. Rahatlaşdırıcı akupointlər halsızlığı aradan qaldırıb canlandırıcı yuxu təmin edərək yuxusuzluğu (imnomsia) müalicə etmək üçün seçilmişdir. Eyni şəkildə stimullaşdırıcı akupointlər gün ərzində fəaliyyətimizi artırmaq üçün seçilmişdir.
Digər sual masajın mexanizmi haqqındadır. Halsızlığın səbəbi tam bilinməsə də, bu barədə hipotezlər vardır. Son tədqiqatlar yorğunluğun səbəbinin mərkəzi sinir sistemində funksiya itkisi, beyin hüceyrələrinin ifraz etdiyi müəyyən kimyəvi maddələrin (neyrotransmitterlərin) və metabolitlərin miqdarının artması olduğunu irəli sürür. Neyrotransmitter qlutamatın beyində və kreatin metabolitinin beynin insulyar payında artmasının bu vəziyyətə səbəb olduğu düşünülür. Akupunktur tədqiqatları akupoint nöqtələrinin stimullaşdırılması ilə beyin fiziologiyası, kimyası və funksiyalarının dəyişə biləcəyini göstərir. Özünün tətbiq etdiyi akupressur masajının da belə təsir yarada biləcəyi fərz edilir.
Nəticə olaraq, həm rahatlaşdırıcı, həm də stimullaşdırıcı masajlar yorğunluğu yaxşılaşdırır, lakin yalnız rahatlaşdırıcı akupressur masajı həyat və yuxu keyfiyyətində effektiv tapılmışdır. Masaj dayandırıldıqdan 4 həftə sonra belə təsirlər böyük ölçüdə davam edir. Bu üsul azxərcli, insanın özünün edə biləcəyi və asan öyrənilən olduğundan süd vəzi xərçəngini yenmiş xəstələrdə müalicədən sonra davam edə biləcək şikayətlərin yaxşılaşdırılmasında effektiv yoldur.
Mənbələr
Investigation of 2 Types of Self-administered Acupressure for Persistent Cancer-Related Fatigue in Breast Cancer Survivors.
JAMA Oncol. 2016 Jul 7 doi: 10.1001/jamaoncol.2016.1867.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.