Avropa Onkologiya Konqresi ESMO 2016-da təqdim olunan yeniliklər

Avropa Tibbi Onkologiya Cəmiyyəti (European Society for Medical Oncology = ESMO) dünyanın aparıcı iki peşəkar xərçəng təşkilatından biridir. 130 ölkədən 13 mindən çox onkologiya mütəxəssisi üzvü vardır. Yarandığı 1975 ilindən bəri başda Avropa olmaqla dünyanın hər yerindən xərçəng tədqiqatlarını, müxtəlif ixtisas və təcrübəyə malik onkologiya mütəxəssislərini dəstəkləmək missiyasını həyata keçirir.
Dünyada orta ömür müddətləri artır. Əsasən artan ömür müddətlərinə, həmçinin tütünə nəzarətin təmin edilməməsinə və piylənmənin artmasına bağlı olaraq xərçəngin rastgəlmə tezliyi artır. Belə ki, bu ildən etibarən Avropanın 12 ölkəsində xərçənglə bağlı həyat itkilərinin sayı ürək-damar xəstəlikləri ilə bağlı həyat itkilərini keçmişdir. Xərçəngin rastgəlmə tezliyindəki bu diqqətçəkən artım və elmdəki irəliləyişlərin töhfəsi ilə xərçəngi müalicə etmək istəyimiz tarixin hər hansı dövründəkindən çox daha böyükdür.
Həm elmi, həm də ictimai məlumatlılıq xərçəng tədqiqatlarının ən mühüm hərəkətverici amilidir. Onkologiya mütəxəssislərini bir araya gətirən beynəlxalq illik toplantılar sərhəd və sinif tanımayan bu xəstəliklə mübarizədə elmin sərhədlərinin aradan qaldırılması üçün atılan ən mühüm addımlardan biridir. Bu illik konqreslər məlumatın, təhsilin, tədqiqatların və yeni müalicə üsullarının paylaşıldığı, həkimlər arasında körpü rolunu oynayan platforma yaradır.
Hər il oktyabr ayında Avropa Xərçəng Konqresi (ESMO Congress) keçirilir. Bu il 7-11 oktyabr tarixlərində Kopenhagendə keçirilən ESMO 2016 Konqresi yalnız iştirakçı rekordları qırmaqla qalmadı, eyni zamanda təqdim olunan elmi tədqiqatlar onkologiya praktikasına böyük töhfələr verdi. Konqresdə dünya üzrə 30 ölkədən onkologiya ilə maraqlanan 20 mindən çox həkim bir araya gəldi.
Dünyanın ən aparıcı xərçəng təşkilatı isə Amerika Klinik Onkologiya Cəmiyyəti ASCO-dur (American Society of Clinical Oncology). Hər il iyun ayının ilk həftəsində Çikaqoda keçirilən ASCO konqreslərində təqdim olunan tədqiqatlara əvvəlki yazılarımızda tez-tez toxunmuşduq. Onkologiya sahəsindəki tədqiqatlarda ESMO və ASCO bir növ yarış içindədir. Builki ESMO toplantısı ASCO prezidenti Dr. Daniel Hayes tərəfindən bu sözlərlə təriflənmişdir: “Bu, inanılmaz bir toplantı oldu. ASCO prezidenti kimi buradakı möhtəşəm elm miqdarına görə həqiqətən qısqanc deyiləm. Burada onkologiya praktikasını dəyişdirəcək çox sayda tədqiqat təqdim edildi – belə ki, 5 gün ərzində 6 tədqiqat NEJM-də (dünyanın ən nüfuzlu tibb jurnalı) dərc edildi; bu, görünməmiş bir vəziyyətdir. Burada həqiqətən vurğulanmalı olan ESMO-nun və ya ASCO-nun əla iş görməsi deyil, xəstələrimiz üçün daha yaxşı iş görməyimizdir və bu həftə burada gördüyümüz əsas məsələ budur…”
Biz də veb saytımız vasitəsilə bütün xalqımız üçün xərçəng sahəsindəki mühüm inkişafları anlaşılan dillə və diqqətlə 4 ildən çoxdur paylaşırıq. Bu münasibətlə ESMO konqresində təqdim olunan mühüm tədqiqatları qarşıdakı günlərdə sizinlə paylaşacağıq və ilk olaraq sabah “ağciyər xərçəngi” ilə başlayacağıq.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.