Birincili ocağı bilinməyən şişlərin epigenetik testlə diaqnostikası

Xərçəng tədqiqatlarında genetika elminin də töhfəsi ilə hədəfə yönəlmiş dərmanlar hazırlanmışdır. Son illərdə genetika ilə yanaşı gen və ətraf mühit əlaqəsini araşdıran epigenetika elminin töhfələrini görürük. Bu məqsədlə hazırlanmış ilk epigenetik testlə “birincili ocağı bilinməyən şişlər” diaqnoz edilə biləcək.
Xərçəng xəstələrində ilkin diaqnoz adətən birincili / əsas şişin müəyyən edilməsini və sonra digər toxuma və orqanlara yayılıb-yayılmadığının araşdırılmasını əhatə edir. Lakin xəstələrin yüzdə 5 ilə 10-unda metastazlar müəyyən olunur, birincili şiş isə müxtəlif testlərə baxmayaraq aşkar edilə bilmir. Bu xərçənglərə Birincili ocağı bilinməyən xərçəng (cancer unknown primary) adı verilir. Birincili ocağı bilinməyən xərçəngli xəstələrin ömrünün daha qısa olduğu məlumdur.
Nüfuzlu tibb jurnalı Lancet Oncology-də yayımlanan tədqiqata görə bu sahədə yeni istifadə olunan üsulla birincili ocağı bilinməyən xərçəngli xəstələrin yüzdə 87-sində şişin mənşəyi uğurla müəyyən edilə bilmişdir. Tədqiqatda 10.000 şiş nümunəsi analiz edilərək epigenetik mexanizmlərdən biri olan DNA metilləşməsi fərqləri müəyyən xərçəng növləri üçün müəyyən edilmişdir. Əvvəlki yazılarımızda epigenetik mexanizmlərin xərçəngin yaranmasında və xərçəngə qarşı effektiv müalicələrin hazırlanmasında əhəmiyyətindən danışmışdıq. DNA metilləşmələri genlərin aktiv olub-olmayacağını müəyyən edir. Başqa sözlə, süd vəzi xərçənginə səbəb olan gendəki metilləşmə bölgələri mədə xərçəngindəkindən fərqlidir. Tədqiqatçılar bu fərqi hədəfləyərək xərçəng növlərini müəyyən etməyə çalışmışlar. Tədqiqatda birincili ocağı bilinməyən xərçəngi olan 216 xəstənin şiş nümunələrindəki DNA metilləşmə bölgələri analiz edilmiş və şişlərin mənşəyi müəyyənləşdirilməyə çalışılmışdır. Nəticələrin doğruluğunu yoxlamaq üçün immunohistokimyəvi testlər tətbiq edilmişdir. Tədqiqat nəticələrinə görə 188 xəstənin şişinin mənşəyi uğurla müəyyən edilmişdir. Bununla yanaşı, epigenetik testlə şiş mənşəyi müəyyən edilən xəstələrin ömründə artım müşahidə olunmuşdur.
Nəticə olaraq epigenetik mexanizmlər geri dönə bilən xüsusiyyətləri ilə xərçəng müalicəsində böyük ümid vəd etməklə yanaşı, toxumalar arasında fərqlənməsi də xərçəng diaqnozunda mühüm rol oynamasını təmin edir. Yaxın gələcəkdə “yeni nəsil epigenetik testlər” sayəsində birincili ocağı bilinməyən xərçəng xəstələrinin şişlərinin mənşəyinin müəyyən edilə və şiş növünə uyğun müalicə tətbiq oluna biləcəyini düşünürük.
Mənbələr
Epigenetic profiling to classify cancer of unknown primary: a multicentre, retrospective analysis.
The Lancet Oncology, August 2016.
2. Varadhachary GR.
Carcinoma of Unknown Primary Origin.
Gastrointestinal Cancer Research: GCR. 2007;1(6):229-235.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.