Genlər üçün də təhsil şərtdir! Xərçəngdə epigenetik müalicələr

Xərçəng hüceyrə səviyyəsində genetik xəstəlikdir. Hüceyrə çoxalmasını və hüceyrələrarası ünsiyyəti idarə edən genlərdə DNA zədələrinin (mutasiyaların) toplanması nəticəsində hüceyrə nəzarətsiz çoxalmağa başlayır. Son illərin tədqiqatlarında hüceyrənin genetik quruluşu ilə yanaşı gen və ətraf mühit əlaqəsini araşdıran epigenetik amillərin də xərçəngləşmədə təsirli olduğu müşahidə edilmişdir.
Mövzu ilə bağlı əvvəlki yazımızda epigenetik amillərin xərçəngləşmədə necə rol oynadığından danışmışdıq. Bu yazıda genləri xərçəngə qarşı necə öyrədəcəyimizi öyrənəcəyik.
Epigenetik mexanizmlər gen quruluşunu dəyişdirmir, lakin genin aktiv olub-olmayacağını müəyyən edir.
Başqa sözlə, bütün genetik məlumatımızı kitab kimi düşünək. Kitabın hər səhifəsinin bir gen funksiyası daşıdığını fərz edək. Bir səhifəni lentlə bağladıqda həmin səhifəni dəyişmədən yalnız oxunmasının qarşısını alırıq. Epigenetik mexanizmlərin genlərə təsiri də məhz budur.
Xərçəngdə geniş görülən epigenetik mexanizmlər DNA metilləşmələri və histon modifikasiyalarıdır.
- DNA metilləşməsi: DNA-ya metil adlı kimyəvi qruplar əlavə edilir. Metil qrupu əlavə edilmiş gen bölgəsi qeyri-aktiv qalır və gen funksiyasını yerinə yetirə bilmir.
- Histon modifikasiyaları: Histon modifikasiyaları sayəsində genlərin aktiv olub-olmayacağı müəyyən edilir. Məlum olduğu kimi, DNA hüceyrədə sapabənzər quruluşa malikdir. Histon zülalları DNA-nı sarıyaraq sıx quruluşa gətirir. Sarğının daxili hissəsində qalan genlər oxuna bilmir və qeyri-aktiv qalır.
Tədqiqatlarda xərçəngdə ən çox görülən mutasiyaların DNA metilləşmə mexanizmlərində yarandığı müşahidə edilmişdir. Lakin DNA metilləşməsinin çoxluğu və ya azlığı gen növünə görə dəyişir.
Məsələn, xərçəng hüceyrələrində şişi basqılayan genlərin metilləşmə göstəricisi çox yüksək tapılmışdır. Aktivliyini itirmiş şişi basqılayan gen səbəbindən hüceyrə nəzarətsiz çoxalmağa başlamışdır. Eyni zamanda hüceyrə bölünməsini artıran genlərdə metilləşmə aşağı olmuşdur. Bu da onkogenlərin (anormal böyüməni təmin edən genlərin) aktivliyinin normaldan daha yüksək olmasına səbəb olur.
Epigenetik xərçəng müalicəsində əsas məqsəd epigenetik mexanizmləri həyata keçirən fermentlərin / molekulların fəaliyyətini əngəlləməkdir. Təsdiqlənmiş epigenetik müalicələrin əksəriyyəti qan və limfa xərçənglərində (leykozlar və limfomalar) istifadə olunur. Bu məqsədlə hazırlanmış, FDA (Amerika Qida və Dərman İdarəsi) təsdiqi almış dərmanlar bunlardır.
- Azacitidine: 2004-cü ildə təsdiq almışdır. Metilləşməni həyata keçirən fermentlərin fəaliyyətini əngəlləyir. Mielodisplastik sindromun alt növlərinin müalicəsində istifadə olunur.
- Decitabine: 2006-cı ildə təsdiq almışdır. Metilləşməni həyata keçirən fermentlərin fəaliyyətini əngəlləyir. Mielodisplastik sindromun müalicəsində istifadə olunur.
- Vorinostat: 2006-cı ildə təsdiq almışdır. Histon modifikasiyalarını həyata keçirən fermentləri / molekulları hədəfləyir. Dəri T-hüceyrəli limfomasının müalicəsində istifadə olunur.
- Romidepsin: 2009-cu ildə təsdiq almışdır. Histon modifikasiyalarını həyata keçirən fermentləri / molekulları hədəfləyir. Dəri T-hüceyrəli limfomasının müalicəsində istifadə olunur.
- Ruxolitinib: 2011-ci ildə təsdiq almışdır. İmmun sisteminin basqılanmasına və hüceyrə bölünməsinə səbəb olan zülalların fəaliyyətini hədəfləyir. Mielofibroz müalicəsində istifadə olunur.
Epigenetik müalicələrin solid şişlər (leykoz və limfomalardan başqa bütün xərçənglər) üçün də hazırlanmasına çalışılır. Əsas problem epigenetik dərmanların solid şişlərə effektiv çatdırıla bilməməsidir. Eyni zamanda epigenetik müalicələrin digər müalicələrlə birlikdə istifadəsinə dair klinik tədqiqatlar hələ davam edir. Başqa çətinlik epigenetik mexanizmlərin hələ tam anlaşılmamasıdır. Bildiyimiz kimi, bütün genetik məlumatımız İnsan Genomu Layihəsi ilə ortaya çıxarıldı. Lakin epigenomumuz (bütün epigenetik məlumatımız) hələ analiz edilmədiyinə görə effektiv dərmanlar hazırlana bilmir. Bütün bunlarla yanaşı epigenetik müalicələr gələcək üçün böyük ümid vəd edir. Genlərdə yaranan zədələr geri dönməz olur, lakin epigenetik mexanizmlər geri dönə bilər (məsələn, çəki alıb-verdikdə). Bu da xərçəngə qarşı effektiv müalicələrin yolunun açılmasına imkan yaradır.
Mənbələr
Cancer Epigenetics: From Mechanism to Therapy
Volume 150, Issue 1, p12–27, 6 July 2012.
2. Dawson MA, Kouzarides T, Huntly BJP.
Targeting epigenetic readers in cancer.
N Engl J Med. 2012;367(7):647-657
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.