Böyrəklərə və sidik kisəsinə təsirlər

Orqanizmimiz sidik, nəcis, karbon qazı və tər kimi tullantılar yaradır. Bu tullantılar müxtəlif yollarla orqanizmdən xaric edilir. Tər dərimizdəki məsamələr vasitəsilə, su buxarı və karbon qazı isə ağciyərlərin köməyi ilə xaric olunur. Həzm edilməmiş qida qalıqlarını xaric etmək vəzifəsi isə bağırsaqlara aiddir.
Böyrəklərin istehsal etdiyi sidik metabolizmdə iştirak edən duz, toksin və su ehtiva edən tullantı maddələrdən ibarətdir. Daha sonra qana qarışan bu tullantı maddələr böyrəklər və sidik yolları (böyrəklər, sidik axarları, sidik kisəsi və uretra daxil olmaqla) vasitəsilə süzülərək orqanizmdən xaric edilir. Böyrəklər olmadan tullantı maddələr və toksinlər orqanizmimizdə artaraq təhlükəli səviyyəyə çata bilər.
Bunlardan əlavə, böyrəklərin və sidik yollarının orqanizm funksiyalarını tənzimləmək kimi başqa mühüm vəzifəsi də vardır. Məsələn, böyrəklər orqanizmdə tarazlığı təmin edən su miqdarını izləyir və tənzimləyir. Həmçinin toxumalara kifayət qədər su getməsini təmin edərək onların düzgün və sağlam işləməsinə kömək edir.
Xərçəng müalicəsinin orqanizmdə mühüm funksiyaları olan böyrəklərə və sidik yollarına təsir edən bəzi əlavə təsirləri vardır.
Kimyaterapiyanın böyrəklərə və sidik kisəsinə təsirləri nələrdir?
Bəzi kimyaterapiya dərmanları sidik kisəsini qıcıqlandırır və ya böyrəklərə müvəqqəti, yaxud daimi zərər verə bilər. Bu da funksional pozuntulara səbəb ola bilər.
Sidik kisəsi və böyrək təsirləri ilə necə mübarizə aparmaq olar?
Gündə ən azı 8 stəkan maye qəbul edərək sidiyin durulaşmasını təmin etmək yarana biləcək problemlərin qarşısını alır; istifadə etdiyiniz dərman böyrəklərə və sidik kisəsinə təsir edənlərdəndirsə, maye qəbul etmək vacibdir.
Həkiminizə müraciət edin
- Çoxlu maye qəbul etdiyiniz halda az sidiyə çıxırsınızsa
- Sidiyə çıxarkən ağrı və yanma hissi varsa
- Daim sidiyə çıxma hissi varsa
- Qızdırmanız varsa
- Sidik qırmızımtıl və ya qanlıdırsa
- Titrəmə varsa
Vaxt itirmədən həkiminizə müraciət etməlisiniz. Həkiminizdən xəbərsiz heç vaxt özbaşına eşitdiyiniz tövsiyələri tətbiq etməyin. Həkiminiz lazımi müayinələri apararaq zəruri müalicə tədbirlərini görəcəkdir.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.