Facebookun qurucusu Zuckerberg hüceyrələrinin xəritəsini çıxarmaq üçün qollarını çırmaladı

Facebookun qurucusu Mark Zuckerberg və pediatr həyat yoldaşı Priscilla Chanın yatırdığı 3 milyard dollarla alimlər insan bədənindəki bütün hüceyrələrin xəritəsini çıxarmağı hədəfləyirlər.
Chan Zuckerberg Təşəbbüsü şirkətinin elm rəhbəri və eyni zamanda neyroalim Cori Bargmanna görə, İnsan Hüceyrə Atlası Layihəsi, İnsan Genomu Layihəsi qədər genişmiqyaslı layihədir.
Bu layihədə insan bədənində olan 200-dən çox müxtəlif növdə ümumilikdə 30 trilyon hüceyrə araşdırılacaq. Bununla hüceyrələrin xüsusiyyətləri, necə işlədikləri, bir-biri ilə necə ünsiyyət qurduqları və bədənin müxtəlif nahiyələrindəki hüceyrələrin fərqlərinin təsiri müşahidə ediləcək. Beləliklə, normal hüceyrələrdən çıxış edərək xərçəngli hüceyrələrin quruluşları daha yaxşı anlaşılacaq.
Alimlər hələ nə qədər hüceyrənin xüsusi vəzifəsi ola biləcəyini bilmirlər. Bu sualın cavabı sağlam bədənin fəaliyyətini və xəstəlikləri anlamaqda böyük əhəmiyyət daşıyır.
Kaliforniyada keçirilən 2017 Big Data in Biomedicine Konqresində açıqlama verən Dr. Bargmann bu araşdırmanın tibb və biologiya elmlərini bir addım irəli aparacağını söyləyib.
Hüceyrə Atlası Layihəsi, Biohub adlı qurumun bir hissəsidir. Özünü müstəqil, mənfəət məqsədi daşımayan təşkilat kimi təqdim edən Biohub San-Fransisko Körfəz Bölgəsindəki alimləri birləşdirmək məqsədilə qurulub.
Chan Zuckerberg Təşəbbüsü (Chan Zuckerberg Initiative) bu əsrin sonunadək bütün xəstəlikləri müalicə etməyi, qarşısını almağı və ya nəzarətə almağı hədəfləyir.
Tədqiqatçılar bu məqsədin qulağa çılğın gəldiyini qəbul edir və belə deyirlər: “İnsan bədənindəki hər hüceyrənin xəritələnməsi iddialı hədəfdir və beynəlxalq elm ictimaiyyəti bu çətinliyə hazırdır. Bu iş komanda şəklində çalışan bioloqlar, mühəndislər və texnoloqlar tələb edir. Chan Zuckerberg Biohub bu böyük hədəfin bir hissəsi olmaqdan qürur duyur.”
Bu hədəf nə qədər uzaq görünsə də, əsrin bitməsinə hələ 83 il var. 1934-cü ildə antibiotiklər, kimyaterapiya və təzyiq dərmanları yox idi. Xərçənglə siqaret istifadəsi arasındakı əlaqə də bilinmirdi. Bütün bunlar bu günədək keçən cəmi 83 il ərzində kəşf edilib.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.