Fasiləli oruc pəhrizi düşünüldüyü kimi arıqlatmırmı?!

Fasiləli oruc pəhrizi nədir?
Fasiləli oruc (intermittent fasting) son vaxtlar olduqca populyarlaşmış və arıqlamaq üçün istifadə olunan pəhrizdir. Adından da göründüyü kimi, fasiləli oruc günün müəyyən saatlarında heç bir qida qəbul edilməyən və ya həftənin müəyyən günlərində kalori qəbulunun ciddi məhdudlaşdırıldığı pəhriz modelidir. Fasiləli oruc müxtəlif formalarda tətbiq edilə bilir. Lakin ən çox tətbiq olunan fasiləli oruc pəhrizi 16:8 və 5:2 pəhrizidir.
16:8 fasiləli oruc pəhrizi: günün 16 saatında oruc tutmaq, yəni heç nə yeməmək deməkdir. Yemək yeyilə bilən 8 saatlıq aralıq üçün adətən günorta 12 ilə axşam 8 arasına üstünlük verilir.
5:2 fasiləli oruc pəhrizi: 5/2 pəhrizində həftənin ardıcıl olmayan iki günündə gündəlik qəbul edilməli kalorinin yalnız 25 faizi qəbul edilir.
Ən çox tətbiq olunan fasiləli oruc pəhrizi 16/8 modelidir. Səbəbi bu modelin 5:2 modelindən daha asan tətbiq edilməsidir. 16:8 modelində qida qəbulunun 12:00-20:00 saatları arasında olması insanların səhər yeməyini ötürməyə daha meyilli olması ilə bağlıdır. Bununla yanaşı, 20:00-da qida qəbulunu dayandırmağın çəki itkisinə müsbət təsir edəcəyi düşünülür.
Fasiləli oruc populyar pəhriz modelinə yeni çevrilsə də, onun metabolik təsirlərini araşdıran tədqiqatlar var. Fasiləli oruc və metabolik təsirləri üçün əlaqəli yazımızı ziyarət edə bilərsiniz. Fasiləli oruc pəhrizi ilə çəki itkisi əlaqəsini araşdıran tədqiqatların nəticələri isə bir-birinə ziddir.
Fasiləli oruc pəhrizi arıqladırmı?
Fasiləli aclıq pəhrizinin çəki itkisinə təsirini araşdıran diqqətçəkən tədqiqat 28 sentyabr 2020-ci ildə JAMA International Medicine jurnalında dərc edildi. Tədqiqat müəlliflərindən Ethan J. Weiss açıqlamasında nəticələrin hətta onları təəccübləndirdiyini deyir. Weiss tədqiqatı aparmalarının əsas səbəbinin illərdir fasiləli oruc pəhrizi ilə qidalanmaları, hətta bu pəhriz modelini təsirli arıqlama üsulu hesab edib dostlarına və xəstələrinə tövsiyə etmələri olduğunu bildirir. Ethan J. Weiss bu açıqlamasında fasiləli oruc pəhrizinin qlükoza tolerantlığı kimi metabolik təsirlərini araşdıran tədqiqatların olduğunu, lakin çəki itkisi ilə əlaqəsini araşdıran tədqiqatların az iştirakçı ilə aparıldığını və nəzarət qruplarının olmadığını da qeyd etdi. Bu tədqiqatın isə fasiləli oruc ilə çəki itkisi arasındakı əlaqəni araşdıran ən əhatəli tədqiqat olduğunu bildirdi.
Tədqiqatın təfərrüatları
Bu tədqiqatda ümumilikdə 116 nəfər iştirak etdi və iştirakçılar 2 qrupa ayrıldı. Nəzarət qrupundakılar 3 əsas yemək və aralarda qəlyanaltı qəbul etdilər. Fasiləli oruc pəhrizinə uyğun qidalanan qrupda isə qida qəbulu yalnız 12:00 və 20:00 saatları arasında idi. 12:00-20:00 saatlarından kənarda yalnız kalorisiz içkilərə icazə verildi. İştirakçıların %60.3-ü kişi idi. Orta yaşları 46.5 və orta çəkiləri 99.2 olaraq hesablandı. İştirakçılar ABŞ-nin müxtəlif yerlərindən seçildi və təsadüfi şəkildə nəzarət və ya fasiləli oruc qruplarına yerləşdirildi. Eureka Tədqiqat Platformasındakı xüsusi mobil tətbiq vasitəsilə sorğularda iştirak edən iştirakçılar çəki qeydlərini tətbiqə bluetooth ilə qoşulan tərəzilər vasitəsilə apardılar. İştirakçılara 12 həftə ərzində tətbiq edəcəkləri pəhrizlərin saatları barədə məlumat verildi, lakin kalori hesablamaları ilə bağlı heç bir məlumat verilmədi. Nəzarət qrupunda pəhrizə uyğunluq göstəricisi % 92.1 olduğu halda, fasiləli oruc pəhrizi tətbiq edən qrupda % 83.5 idi.
Fasiləli oruc pəhrizinin çəki itkisinə və metabolik göstəricilərə təsiri necə idi?
12 həftənin sonunda iştirakçıların çəki itkisi müqayisə edildikdə:
- Fasiləli orucla qidalanan iştirakçıların çəkisində %1.17 (orta hesabla 0.94 kg),
- Gündə 3 əsas yemək və qəlyanaltılarla qidalanan iştirakçıların çəkisində %0.75 (orta hesabla 0.68) azalma müəyyən edildi.
Bu məlumatlara baxdıqda fasiləli oruc pəhrizi ilə nəzarət qrupundakı pəhriz modelinin çəki itkisinə nəzərəçarpacaq dərəcədə fərqli təsir göstərmədiyini görürük.
Pəhrizlərin metabolik təsirlərinə baxdıqda isə:
- Aclıq insulin, qlükoza, HbA1c və qan lipidi göstəricilərində heç bir fərq tapılmamışdır.
Əksinə, fasiləli oruc pəhrizi ilə qidalanan qrupda yağsız bədən kütləsinin daha çox azaldığı müşahidə edilmişdir. Başqa sözlə, fasiləli oruc pəhrizi ilə qidalanan qrupda çəki itkisinin %65-ini yağsız kütlə təşkil edirdi. Sağlam arıqlama zamanı bu göstəricinin %20-30 aralığında olması uyğun hesab edilir. Nəzarət qrupunda isə yağsız kütlədə nəzərəçarpacaq itki müşahidə edilmədi. Yağsız kütlə, yəni əzələ kütləsi sağlam bədənə sahib olmaq üçün əhəmiyyətlidir. Əzələ kütləsi az olan insanlarda halsızlıq, gücsüzlük kimi şikayətlər yarana və həyat keyfiyyəti təsirlənə bilər. Bununla yanaşı, tədqiqatlar pəhriz nəticəsində böyük əzələ kütləsi itkisinin itirilən ümumi çəkinin geri alınması ilə əlaqəli olduğunu irəli sürür. Buna görə əzələ kütləsinin çox itirildiyi pəhriz modellərində itirilən çəki asanlıqla geri alına bilir.
Bu tədqiqatın əsas məhdudiyyəti iştirakçıların enerji, protein, karbohidrat və yağ qəbulunu özlərinin tənzimləməsi idi. Müəlliflər iştirakçıların hansı qidaları, nə qədər qəbul etdiklərini dəqiq bilmədiklərini və fasiləli oruc pəhrizi tətbiq edənlərin az protein qəbulu nəticəsində əzələ kütləsi itirmiş ola biləcəklərini bildirirlər.
Xülasə və şərh
Yazımızda bəhs edilən tədqiqat fasiləli oruc pəhrizinin və 3 əsas yeməklə qəlyanaltıları əhatə edən pəhrizin çəki itkisinə təsirini araşdırdı. Nəticədə fasiləli oruc pəhrizi ilə nəzarət qrupundakı pəhriz modelinin çəki itkisinə nəzərəçarpacaq dərəcədə fərqli təsir göstərmədiyini görürük. Lakin bu tədqiqatda iştirakçılara kalori qəbulu barədə heç bir məlumat verilmədi. Buna görə qəti nəticəyə gəlmək üçün daha əhatəli tədqiqatlara ehtiyac olduğunu deyə bilərik. Bununla yanaşı, itirilən hər çəkinin sağlam olmadığını unutmamalısınız. Ən sağlam çəki itkisi yağ kütləsindən verilən çəkidir. Buna görə arıqlamaq istəyirsinizsə, yeganə məqsədiniz tərəzidə itirilən ümumi çəki olmamalıdır. Eyni zamanda yağ faizinizin də azaldığından əmin olmağınız faydalıdır. Bizim tövsiyəmiz saat məhdudiyyəti tələb edən qidalanma modelləri əvəzinə günə sağlam səhər yeməyi ilə başlayacağınız və axşam yeməyini erkən yeyəcəyiniz pəhrizlərlə arıqlamağınızdır. Məsələn, Aralıq dənizi pəhriz modeli kimi bütün qidaları sağlam və balanslı şəkildə əhatə edən pəhriz modeli ilə də arıqlaya bilərsiniz. Beləliklə, səhərlər günə daha gümrah başlayacaq və davam etdirilə bilən pəhriz modeli tətbiq etmiş olacaqsınız.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.