FDA-dan mədə-bağırsaq sistemi xərçəngləri üçün təbii öldürücü hüceyrə müalicəsinə dəstək

Yeni dərmanların hazırlanması, təsirli və təhlükəsiz olub-olmadığının müəyyən edilməsində dünyada aparıcı qurum FDA (ABŞ Qida və Dərman İdarəsi) irəliləmiş mərhələ HER2 müsbət mədə və qastroezofageal (mədə-qida borusu) birləşmə xərçənglərinin müalicəsi üçün təbii öldürücü (natural killer= NK) hüceyrə əsaslı CYNK-101 müalicəsini dəstəklədiyini açıqladı.
Canlı dərman CYNK-101-in təsir mexanizmi necədir?
Hüceyrə müalicələrində çoxsaylı müalicələr hazırlamağa çalışan Celularity biotexnologiya şirkətinin hazırladığı CYNK-101 gen mühəndisliyi ilə dəyişdirilmiş NK hüceyrələridir.
Bu canlı hüceyrəvi immunoterapiya müalicəsini yaratmaq üçün allogen (başqa fərdə aid) insan plasentası hematopoetik kök hüceyrələri yüksək affinlikli və hüceyrə membranından ayrılmağa davamlı CD16 (FCGRIIIA) variantını ekspressiya edəcək şəkildə genetik redaktə edilib (aşağıdakı şəklə baxın).
Bu dəyişdirilmiş NK hüceyrə müalicəsi HER2 müsbət mədə xərçənglərində monoklonal anticisim növündə immunoterapiya olan pembrolizumab (Keytruda, Merck) ilə birlikdə istifadə edilir.
FDA-nın bu müalicənin sürətli irəliləməsi üçün verdiyi dəstək ciddi və ya həyatı təhdid edən xəstəliklər üçün müalicələrin hazırlanmasının, nəzərdən keçirilməsinin və potensial təsdiqlərinin sürətləndirilməsinə kömək edir.
Qurum əvvəllər residivli (təkrarlayan) və ya müalicəyə rezistent kəskin mieloid leykozu və aqressiv beyin şişi glioblastomaları müalicə etmək üçün hazırlanmış Celularitynin digər iki NK hüceyrə müalicəsi məhsulunun da sürətli irəliləməsini dəstəkləmişdi.
Celularitynin qurucusu və baş icraçı direktoru Robert J. Hariri: “Araşdırmamızla bağlı genetik redaktəli NK hüceyrə müalicəsi üçün FDA-dan sürətli yol dəstəyi almaqdan çox həyəcanlanırıq. Gen mühəndisliyinin yenilikləri ilə əldə etdiyimiz CYNK-101 hüceyrələri və digər təsdiqli anticisim quruluşlu immunoterapiyalar birlikdə sinergetik, müalicə müqavimətini aşa bilən xərçəng əleyhinə təsir təmin edə bilər.” dedi.
Celularity CYNK-101-in açıq etiketli, randomizə edilməmiş faza 1 / 2A klinik tədqiqatına xəstə qəbul edir. Tədqiqat standart kimyaterapiya, trastuzumab (Herceptin) və pembrolizumab kombinasiyasının lokal irəliləmiş, cərrahi çıxarıla bilməyən və ya metastatik HER2 müsbət mədə və qastroezofageal birləşmə adenokarsinomalı xəstələrdə birinci xətt müalicəsi kimi təhlükəsizliyini və ilkin təsirini qiymətləndirəcək.
*
Əlavə oxu: CYNK-101 necə hazırlanır?
Celularity şirkətinin CYNK-101 (genetik dəyişdirilmiş NK hüceyrələri) barədə açıqlaması belədir:
Təbii öldürücü (NK) hüceyrələr anadangəlmə immun sisteminin hissəsidir və virusla yoluxmuş, şiş hüceyrələri kimi stresli hüceyrələrə qarşı sitotoksik (hüceyrə öldürücü) və sitokin başladıcı cavablar yaradır. NK funksiyasının fərqləndirici xüsusiyyəti xərçəngli və ya viruslu hüceyrələri tanıma, aktivləşmə və sonra onları məhv etmə təbii mexanizmləridir. Müxtəlif genetik modifikasiya yanaşmaları ilə NK hüceyrələrinin xərçəng əleyhinə funksiyalarını gücləndirməyə həsr edilmiş hüceyrə seriyaları hazırlayırıq.
CYNK-101 insan plasentası hematopoetik kök hüceyrələrindən alınmış və yüksək affinlikli, ayrılmağa davamlı CD16 (FCGRIIIA) variantını ekspressiya etmək üçün geni dəyişdirilmiş allogen, istifadəyə hazır NK hüceyrə məhsuludur.
CYNK-101-i müxtəlif xərçəng növləri üçün kombinə müalicə kimi hazırlayırıq. CYNK-101 üçün NK hüceyrələrini doğuşdan sonrakı plasentalardan çıxarırıq.
Preklinik tədqiqatlar CYNK-101 və terapevtik anticismin birlikdə in vitro limfoma hüceyrələrinə qarşı öldürücü aktivliyini göstərir. CYNK-101-in anticisimdən asılı sitotoksikliyi və artıq təsdiqlənmiş anticisim immunoterapiyalarının təsirini artıraraq xərçəng xəstələrində təsirli olmasını gözləyirik.
CYNK-101 monoklonal anticisimlərlə kombinasiyada şiş hədəflərinə qarşı ADCC-ni gücləndirir

NK effektor funksiyasının əsas mexanizmlərindən biri CD16 reseptorlarının yönəltdiyi Anticisimdən Asılı Hüceyrəvi Sitotoksiklikdir. Lakin təbii CD16 reseptorları ilə cavabın affinliyi və davamlılığı polimorfizm və aktivləşməyə bağlı reseptor tökülməsi ilə tənzimlənir. Anticisimdən asılı hüceyrəvi sitotoksik cavabları artırıb davam etdirmək üçün şiş hədəfli monoklonal anticisimlərlə kombinasiya məqsədilə CYNK-101 hüceyrə xəttini hazırladıq.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.