İmmun sistemini gücləndirən yeni immunoterapiya yanaşmaları: qan xərçəngləri üçün T-hüceyrə müalicəsi

Alimlər klassik immunoterapiya adlandırdığımız immun nəzarət nöqtəsi inhibitorlarına əlavə olaraq T hüceyrə mərkəzli immunoterapiya yanaşmalarını da intensiv araşdırmağa başlamışlar. T hüceyrələr immun sistemimizin ən mühüm elementlərindəndir və ixtisaslaşmış T hüceyrələr xərçəngli hüceyrələrlə fəal mübarizə aparır.
Yeni immunoterapiya dərmanı olan Blinatumomab adlı anticisim ağ qan hüceyrələrində iki fərqli zülala bağlanır: B hüceyrələrinin üzərində CD19 və T hüceyrələrinin üzərində CD3. Beləcə anticisim xərçəngi məhv edən T hüceyrələrinin bədxassəli B hüceyrəli leykemiya hüceyrələri ilə təmasını təmin edir.
Erkən nəticələri açıqlanan yeni tədqiqatda ALL (kəskin limfositik leykemiya) standart müalicələrinə davamlılıq göstərən və ya xərçəngi təkrarlayan xəstələrin təxminən 1/3-də Blinatumomab müalicəsindən sonra xərçəng tapıntılarının tam yox olduğu (tam remissiya) görülmüşdür. Cavab bir çox xəstədə uzunmüddətli olmuşdur (6 aydan çox). İştirakçılardakı ALL sümük iliyinin çoxlu immatur (yetişməmiş) ağ qan hüceyrəsi istehsal etdiyi, sürətli inkişaf edən və Filadelfiya xromosomu-neqativ prekursor B hüceyrəli ALL kimi tanınan nadir, lakin aqressiv növdür. Nəticələrə əsasən dekabr 2014 tarixində Amerika Dərman İdarəsi (FDA) Blinatumomabı bu çətin xəstəliyin müalicəsi üçün təsdiqləmişdir.
Standart kimyaterapiya ilə müqayisədə Blinatumomabın sağqalma müddətini uzada biləcəyinə dair başqa tədqiqatlar lazımdır. Yenə də immunoterapiyanın ALL müalicəsində rol oynayacağı aydındır. Gələcək tədqiqatlarda Blinatumomabın digər müalicələrlə birlikdə və xəstəliyin başlanğıcında istifadəsinin təsiri araşdırılacaqdır.
Başqa bir yeni strategiya ximerik antigen reseptorlu (CAR) T hüceyrə müalicəsidir. Bu müalicədə xəstənin T hüceyrələri toplanır, laboratoriyada yenidən proqramlaşdırılır və xəstəyə qaytarılır. Yenidən proqramlaşdırılmış T hüceyrələr bədəndəki xərçəng hüceyrələrini asanlıqla tapan və onlara hücum edən müəyyən zülallar istehsal edir. İlk nəticələr çətin müalicə olunan müxtəlif qan xərçənglərinin (leykemiya) CAR T hüceyrə müalicəsindən fayda görə biləcəyini göstərir. Məsələn, CD-19-a yönəlmiş CAR T hüceyrələri səthində CD19 molekulları olan bədxassəli (maliqn) B hüceyrələrinə hücum etmək üçün proqramlaşdırılır.
ALL təkrarlamış yetkin və uşaqlarla aparılan tədqiqatda 30 xəstənin 27-də bu yeni müalicədən sonra tam remissiya (xəstəlik tapıntılarının tam yox olması) əldə edildiyi, remissiyanın uzunmüddətli olduğu və 2 il davam etdiyi görülmüşdür. Ümumilikdə CAR T hüceyrələri alan xəstələrin 78%-i 6 ay yaşamışdır.
Başqa araşdırmada kimyaterapiyaya davamlı diffuz böyük B hüceyrəli limfoması (DLBCL) və digər qan xərçəngi növləri olan 15 xəstənin 12-si CD-19-a yönəlmiş CART T hüceyrələrinə cavab vermiş və 8 xəstədə xərçəng tam yox olmuşdur.
Bu tapıntılar ümidverici olsa da, nəticələri dəstəkləyəcək daha çox araşdırmaya ehtiyac var. Aparılan tədqiqatlar kiçikmiqyaslı, müalicəsi çətin olan az sayda könüllü xərçəng xəstəsinin qatıldığı işlərdir. Buna görə CAR T hüceyrə müalicəsinin gələcəkdə geniş istifadəsi sual altındadır. Əlavə olaraq CAR T hüceyrə müalicəsində qızdırma, aşağı təzyiq, delirium (qavrayış və şüurun itməsi, dalğınlıq) kimi yan təsirlərlə qarşılaşılmışdır.
Mənbələr
2. US Food and Drug Administration: FDA approves Blincyto to treat a rare form of acute lymphoblastic leukemia. https://www.fda.gov/NewsEvents/Newsroom/PressAnnouncements/ucm425549.htm
3. Maude SL, Frey N, Shaw PA, et al: Chimeric antigen receptor T cells for sustained remissions in leukemia. N Engl J Med 371:1507-1517, 2014
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.