İmmunoterapiya dərmanı Nivolumab Hodgkin limfomasının müalicəsi üçün FDA təsdiqi aldı

Melanoma (dəri xərçəngi), böyrək xərçəngi və qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin müalicəsində effektivliyi sübut edilmiş immunoterapiya dərmanlarının Hodgkin limfomasının nodulyar sklerozlaşdırıcı alt tipinin müalicəsində fayda verə biləcəyi düşünülür.
Hippokratın dövründən sonra bütün xərçəng növləri yalnız xərçəng sayılırdı və 19-cu əsrə qədər bir-birindən ayrılmamışdı. 1919-cu ildə dərc edilmiş Dr. James Ewing-in xərçəng haqqında 1000 səhifəlik kitabında hər orqan şişi üçün ətraflı bölmələr vardı. Dr. Ewing 20-ci əsrin “əvvəllər bir-biri ilə bağlı olduğu düşünülən bir çox xərçəngin ayrı-ayrılıqda araşdırılması ilə xəstəlikdən qorunma və uğurlu müalicələrin hazırlanmasında dönüş yaradıla biləcəyi barədə ümid verdiyini” öncədən görmüşdü.
Proqnozu doğru çıxdı
Şişin yerləşdiyi sahələr ayrıldıqda bəzi uğurlar və profilaktika haqqında məlumatlar əldə edildi, lakin bunlar yetərli deyildi.
Bununla yanaşı, Dr. Ewing bu əsrdə diqqət yönəldilən müalicənin orqan sahəsinin təsnifatından yenidən “bir-biri ilə əlaqəli” xərçəng konsepsiyasına qayıdacağını proqnozlaşdıra bilmədi.
İndi isə xərçəngi tanımaqda və müalicə etməkdə immun sisteminin mühüm rolu olduğu anlaşılmışdır. Artıq yeganə hədəf şiş deyil, həm də şişin ətrafı və immun sistemidir. Şişlərin müxtəlif mexanizmlərdən (CTLA-4 və PD1 / PD-L1) istifadə edərək immun nəzarətindən yayına bildiyi tapılmışdır. Bu mexanizmlər immun sisteminin nəzarət nöqtələri, onlara təsir edən dərmanlar isə immunoterapiyalar və ya immun sisteminin nəzarət nöqtəsi inhibitorları (immune checkpoint inhibitors) adlanır.
- Əlaqəli mövzu: İmmunoterapiya və xərçəng peyvəndi
İmmunoterapiyaları daha ətraflı izah etmədən yazımızın əsas mövzusu olan tədqiqata qayıdaq. Hodgkin limfoması xəstələrində olan Reed-Sternberg hüceyrələrinin immun sistemindən yayınmaq üçün PD-1 yolundan istifadə etdiyi məlumdur. Bu məlumat əsasında PD-1-i bloklayan anticisimlərin Hodgkin limfomasında işə yaraya biləcəyi düşünülmüşdür. Ən nüfuzlu tibb və elm jurnallarından New England Journal of Medicine-də dərc edilmiş və həyəcan doğuran tədqiqata görə PD-1 bloklayıcı immunoterapiya dərmanı Nivolumab Hodgkin limfomasının nodulyar sklerozlaşdırıcı alt tipində fayda göstərə bilər. Araşdırmaya müalicəyə davamlı (residiv və ya refrakter) Hodgkin limfoması olan 23 xəstə qatılmışdır. 20 xəstədən (% 87) cavab alınmış, bunların 4-ü tam cavab vermiş, yəni xəstəlik tapıntıları tam yox olmuşdur. Bundan əlavə, 6 aylıq xəstəliksiz sağqalma uğuru xəstələrin %86-sında əldə edilmişdir.
Bu uğurlu tədqiqatlardan sonra 17 may 2016 tarixində FDA təsdiqi alan Nivolumab (Opdivo®) təkrarlanmış və ya autoloji hematopoetik kök hüceyrə transplantasiyasından (şəxsin öz qanyaradıcı hüceyrələrinin yenidən özünə köçürülməsi) sonra irəliləmiş klassik Hodgkin limfoması olan xəstələrdə istifadə edilməyə başlanmışdır.
İnanırıq ki, alimlər xərçəng haqqında daha çox məlumat qazandıqca gələcək xərçəng araşdırmaları daha parlaq və təsirli olacaqdır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.