İnkişaf edən və dəyişən dövrdə TİBB TƏHSİLİ

Bugünkü tibb fakültəsi tələbələri elmi biliyə inamsızlığın artdığı, məlumatın sosial şəbəkələrdən alındığı, saxtakarların etibarlı, narahatedici həqiqətlərin isə “saxta xəbər” sayıldığı və xalqın bu meylinə görə həqiqi bilginin insanlar arasında aşındığı dövrdə təhsil alırlar. Bu dəyişikliklərin tibb təhsilinə təsiri də sürətlə baş verir və tələbələri çətin proses gözləyir.
Bu çətin prosesdə klinisistlər/müəllimlər olaraq vəzifələrimiz arasında;
- gələcəyin həkimlərinə xəstəlikləri anlaşılan şəkildə çatdırmaq,
- xəstəliklərin qarşısının alınması və sağaldılması prosesində düzgün biliyə necə çatacaqlarını göstərmək,
- randomizə edilmiş tədqiqatlar və icmallar kimi elmi araşdırmaların əhəmiyyətini anlatmaq və onlara necə çatacaqları barədə yol göstərmək,
- elmi saxtakarlıqları fərq etmək və onlarla mübarizədə həssaslıqlarını artırmaq,
- yeni fikirlər irəli sürməyə cəsarətləndirmək və
- tənqidi düşüncənin əhəmiyyətini vurğulamaq ön plandadır.
Lakin bu prosesdə bəzi çətinliklərlə üzləşdiyimiz unudulmamalıdır. Bu yazıda tibb tələbələrini və onlara mentorluq edəcək müəllimlərini gözləyən çətinliklər, imkanlar və tövsiyələr ümumiləşdirilməyə çalışılmışdır.
Çətinliklər
Yeni fikirlər mövqelərini itirmək qorxusu ilə dövrün qabaqcıl həkimləri tərəfindən rədd edilə bilər. Digər tərəfdən, bəzi tədqiqatçılar fikirlərinin geniş kütlə tərəfindən qəbul edildiyini görəcək qədər uzun yaşamırlar. Bütün bu çətinliklərə baxmayaraq uğur qazananlar əlbəttə vardır, lakin tələbələrdən daha çox uğur gözləmək üçün onları düşünməyə və tənqid etməyə sövq edən ciddi kurikulum yeniliyinə ehtiyac vardır.
İmkanlar
Ümidverici tərəfdən baxsaq, tələbələrin biliyə çatmaq üçün ehtiyac duyduğu yeganə şey sorğulayıcı intellektual maraqdır və məlumat tarixdə heç vaxt olmadığı qədər əlçatandır. Lakin düzgün məlumat daha çox olan yanlış məlumatdan ayırd edilməlidir. Bugünkü tələbələr/tədqiqatçılar düzgün suallar verdikdə hər yerdən asanlıqla məlumat əldə edə bilirlər. Tibb tələbələri bilməlidirlər ki, universitetdən əvvəlki təhsildə suallara cavablarına görə qiymətləndirildikləri halda, tibb fakültəsində suallarına görə qiymətləndirilirlər. Bu şüurla maraq və sorğulama yolu ilə oxuduqları mövzularda məntiqli şübhə və suallarla qarşımıza gəldikdə bizim tərəfimizdən təqdir edilməyə ehtiyac duyurlar.
Dərs zamanı bütün məlumatı adi şəkildə tələbəyə ötürmək əvəzinə fikir müzakirələri, mənbə araşdırması kimi məlumat alma kanallarını genişləndirmək üçün mühit yaradılmalıdır. William Buttler-in də dediyi kimi: Təhsil vedrənin doldurulması deyil, alovun yandırılmasıdır. İşimiz qığılcımı təmin etməkdir.
Həqiqətlər
Realist baxsaq, ixtira və ya kəşf etmək üçün yalnız maraq yetərli deyil; həm də bitməz-tükənməz həvəs və əzm lazımdır. Tələbələrə anladılmalı başqa həqiqət isə budur: fürsət arabir, çox vaxt görünüşünü dəyişərək xəbərsiz gələn qonaqdır. Onu tanıyıb dərhal maraqlanmasaq, qəbulda gözlədilən utancaq qonaq kimi səssiz çıxıb gedər. Belə fürsəti tutmaq üçün də Pasteur-un hazır beyin tərifinə malik olmaq lazımdır: şans yalnız hazır zehinlərə gülür.
Elmi həqiqətin bəzən çətin və adətən dəyişkən təbiəti nəzərə alınaraq kitablarımızın natamamlığı, mövcud anlayışların əsas bütövlüyü anlamaqda yalnız vasitə olması, aktual və düzgün bilik üçün davamlı sorğulama və yenilənmənin zəruriliyi vurğulanmalıdır. Bertolt Brecht-in “Galilei-nin həyatı” əsərinə görə: Elmin məqsədi qapıları sonsuz müdrikliyə açmaq deyil, sonsuz cəhalət qapılarını bağlamaqdır.
Nəticə
Qısaca, klinisistlər və müəllimlər yeni xəstəlik diaqnozu qoymaq, həmkarlarla sosial ünsiyyət qurmaq, xəstələrlə danışmaq, qısa vaxtda çox xəstəyə baxmaq kimi çətinliklərlə üzləşirlər. Lakin buna baxmayaraq tələbələrin intizamlı, həvəsli, maraqlı və əzmli olması üçün tibbi biliyi təsirli və fəal təqdim etmək, həkimlik peşəsinin dəyərlərini tələbələrə anlatmaq, nümunə olmaq, kurikulumda çatışmazlıq gördükdə düzəlişə və dəyişikliklərə açıq olmaq, ədəbiyyat araşdırmasını tibb fakültəsində təsirli tətbiq etmək və etdirmək kimi digər əsas vəzifələrini də bacardıqları qədər diqqətlə və səbirlə yerinə yetirməlidirlər. Tibb müəllimləri getdikcə çətinləşən yolu aşmağa diqqətlə yönəlməli və tələbələrin dərsdəki nəzəri biliklərini xəstə üzərində praktik biliyə təsirli çevirməsini təmin etmək üçün əllərindən gələni etməlidirlər.
Marağınızı çəkə bilər:
Mənbələr
Medical Education in the Era of Alternative Facts.
NEJM. August 17, 2017.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.