Müalicədən sonra erkən mərhələli süd vəzi xərçənginin izlənməsində çox müayinə etdirmək daha çox təminat verirmi?

Erkən mərhələli süd vəzi xərçənginin ilk müalicəsi aparıldıqdan sonra xəstəliyin gedişinin uzunmüddətli müşahidəsi vacibdir. Bu mövzuda aparılmış bir çox tədqiqatda bu cür xəstələr uzun müddət izlənildikdə xəstəliyin tarixçəsinin, fiziki müayinənin və ildə bir dəfə aparılan mammoqrafiyanın kifayət etdiyi bildirilmişdir.
Etibarlı onkologiya cəmiyyətləri, jurnalları və tədqiqat komandaları erkən mərhələli süd vəzi xərçəngi xəstələrində ardıcıl qan testləri, radioloji görüntüləmə testləri istifadəsinin lazım olmadığını bildirirlər. Bu istiqamətdə aparılmış bir çox tədqiqatda xəstələr yalnız xəstəliyin tarixçəsi (limfa vəzi tutulması, aparılan cərrahiyyə və varsa digər müalicələrdən alınan cavab və s.), fiziki müayinə və ildə bir dəfə mammoqrafiya ilə izlənənlər və bunlara əlavə olaraq ardıcıl qan testləri, radioloji görüntüləmə testləri ilə izlənənlər olmaqla iki qrupa ayrılmışdır. Əldə edilən nəticələrdə qruplar arasında əhəmiyyətli fərq tapılmamışdır. Həmçinin ən etibarlı tibb jurnallarından biri olan Britaniya Tibb Jurnalında bahalı olmaqla yanaşı, fayda verdiyinə dair kifayət qədər sübut olmayan və həkimlər tərəfindən geniş istifadə olunan diaqnostik testlər və müalicələrdən ibarət ilk 5 siyahısı dərc edilmişdir. Bu siyahıda ilk müalicədən sonra erkən mərhələli süd vəzi xərçənginin uzunmüddətli müşahidəsində istifadə olunan ardıcıl qan testləri və radioloji görüntüləmə testləri də yer almışdır. Lakin bütün bunlara baxmayaraq, bir çox həkim bu xəstələrdə sözügedən üsulları istifadə edir.
Lazımsız yerə tətbiq edilən müayinə və müalicələr həm xəstə, həm də milli iqtisadiyyat baxımından bir çox mənfi təsirə malikdir. Məsələn, lazımsız radioloji müayinələr xəstələrin ehtiyac olmadan həddindən artıq radiasiyaya məruz qalmasına səbəb olur. Britaniya Tibb İnstitutu tərəfindən ortaya qoyulan məlumatlara görə radiasiya süd vəzi xərçənginin inkişafına ən çox səbəb olan 2 ətraf mühit amilindən biridir. Buna görə təkbaşına radiasiyanın belə xərçəng inkişafına səbəb ola bildiyi düşünüldükdə radioloji müayinələrin lazım olduğu qədər istifadəsi vacibdir. Bununla yanaşı, aparılan lazımsız müayinələr yanlış-müsbət nəticələrə də səbəb ola bilər. Bunun mənası xərçəng inkişaf etmədiyi halda xərçəng diaqnozu qoyulmasına səbəb ola bilər deməkdir. Qan analizlərində şiş göstəricilərindəki yüksəlmə hallarının %3-nün yanlış-müsbət nəticələr olduğu bildirilmişdir. Bu yanlış nəticələr də xəstələrə lazımsız müayinə və müalicələr aparılmasına, yanlış diaqnozların qoyulmasına səbəb olur. Bu da həm xəstənin fiziki və ruhi sağlamlığına, həm də milli iqtisadiyyata mənfi təsir edir. Həmçinin bəzi tədqiqatlar bu şiş göstəricilərinin təkrarlayan xərçəngi aşkar etməkdə 4-6 ay gecikdiyini göstərir. Yəni göstərdiyi nəticələr doğru olsa belə, bu testlərin faydalılığı və həssaslığı mübahisəlidir.
Lakin bütün bunlara baxmayaraq, aparılan sorğu tədqiqatlarına görə xəstələrin %80-i xəstəliyin izlənməsində intensiv müayinələrin (qan testləri, radioloji testlər kimi) aparılmasını istəyir və bu şəkildə özlərini daha təhlükəsiz hiss etdiklərini söyləyirlər. Bu vəziyyətin yaranmasında, şübhəsiz, ictimai qavrayışın və həkimin mövqeyinin böyük təsiri var.
Nəticə olaraq, hər şeydə olduğu kimi müayinə və müalicənin də həddindən artığından çəkinmək lazımdır. Bunun miqdarının nə olmalı olduğu, xəstəliklərin diaqnozunda, müalicəsində və müşahidəsində ən ideal yanaşmaların nələr olduğu üzrə tədqiqatlar hələ də intensiv davam edir. Bir çox etibarlı onkologiya cəmiyyəti, jurnal və tədqiqat komandası xüsusilə erkən mərhələli süd vəzi xərçənginin ilk müalicəsindən sonra uzunmüddətli müşahidə dövründə ardıcıl qan testlərini və mammoqrafiyadan başqa radioloji müayinələri tövsiyə etmir. Lakin yenə də bu mövzuda qəti danışmaq üçün hələ tezdir. Hazırda qəti olan bir şey varsa, o da müayinə və müalicələrin həddindən artığının faydadan çox zərər gətirəcəyidir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.