Saç tökülməsi - Alopesiya

Bu məqalədə
Alopesiya, yəni saç tökülməsi müəyyən kimyaterapiya dərmanlarının istifadəsi ilə yaranır. Saç tökülməsi müvəqqəti əlavə təsirdir və saçın seyrəlməsindən tam keçəlliyə qədər müxtəlif dərəcələri vardır.
Saç tökülməsi dərmanı istifadə etməyə başladıqdan 10 ilə 21 gün sonra başlaya bilər. Aldığınız kimyaterapiyanın növünə görə ümumilikdə bir və ya iki ayda tamamlanır. Tökülmə bədən tüklərinizdə də görülə bilər. Nadir olsa da qaş və kirpiklərinizdə, saqqal və bığınızda, üzünüzdə, qollarınızda, ayaqlarınızda, qoltuqaltı və ya qasıqlarınızdakı tüklərdə də tökülmə ola bilər. Lakin tökülmə çox vaxt əvvəl saçlarda başlayır. Kimyaterapiyanız davam edərkən saçlarınız yenidən çıxmağa başlaya bilər, lakin proses yavaş gedir. Bir çox xəstə saçlarının tökülməsindən kədərlənir. Bu, kimyaterapiyanın ən çətin hissəsidir. Lakin saçlarınız kimyaterapiya bitdikdən 2-3 ay sonra yenidən çıxıb uzanacaqdır. Yeni saçlarınız əvvəlki kimi görünməyə bilər. Qalın telli saç nazik telli, tünd saç açıq rəngli, buruq saç düz ola bilər. Saçının əvvəlki görünüşündən bezənlər üçün bu, sevindirici ola bilər.
Alopesiya ilə necə mübarizə apara bilərik?
Əvvəlcə həkiminizlə danışaraq mövzu haqqında məlumat alın.
Saç tökülməsinin qarşısını alan və ya onu azaldan baş dərisinin soyudulması üsulunun sizin üçün uyğun olub-olmadığını soruşun. Bu üsulda xüsusi cihaz və ona bağlı soyuducu papaq istifadə edilir. Siz kimyaterapiya alarkən başınıza cihaza bağlı xüsusi papaq taxılır və baş dəriniz kimyaterapiyanın təsirindən qorunur. Uğur göstəricisi %80 səviyyəsindədir. Dignicap adlı bu cihaz və tətbiq barədə daha çox məlumat istəyirsinizsə, klikləyin.
Parik taxmağı planlaşdırırsınızsa, saçlarınız tökülməzdən əvvəl öz saçınızın rəngində və formasında parik seçə, bərbərə gedərək pariki istədiyiniz formada düzəltdirə bilərsiniz. Sadəcə baş dərinizə zərər verməyəcək rahat parik seçdiyinizdən əmin olun.
Saçınızı qısa kəsdirmək və ya qırxdırmaq saç tökülməsinə nəzarət etdiyiniz hissini verə, bu vəziyyətlə mübarizəni asanlaşdıra bilər. Qırxdırmağı düşünürsünüzsə, elektrik təraş maşını istifadə etməyi unutmayın.
Kimyəvi tərkibi güclü şampunlar istifadə etməməlisiniz. Saçlarınızı yumşaq hərəkətlərlə sığallayırmış kimi qurutmalı, sürtməməlisiniz.
Baş dərinizi və dərinizi qorumaq istəyə bilərsiniz. Başınızı yaylıq və ya papaqla örtə, günəşdən qoruma faktoru olan məhsullar istifadə edərək günəşin təsirlərindən qoruna bilərsiniz. Unutmayın ki, bu dövrdə dəriniz həssas olur. Buna görə xarici amillərə qarşı qoruyucu tədbirlər görmək faydanıza olacaqdır.
Başınız üçün atlas yastıq pambıq yastığa nisbətən daha az sürtünmə yaradır. Bu da özünüzü daha rahat hiss etməyinizi təmin edir.
Saç tökülməsinin kimyaterapiya müalicəsində müvəqqəti əlavə təsir olduğunu unutmayın.
Saç tökülməsi özünüzə münasibətinizi dəyişdirə bilər. Bu hisslər vacib işləri görməyinizə mane olursa, özünüzü kədərli və ya qəzəbli hiss edirsinizsə, narahatsınızsa, kimyaterapiyada saçları tökülən yaxın dostunuz, qohumunuz və ya sizi müalicə edən həkiminizlə danışmalısınız. Hisslərinizi paylaşmaq sizi rahatladacaqdır.
Saç tökülməsinə səbəb olan kimyaterapiya agentləri hansılardır?
Yüksək ehtimalla saç tökülməsinə səbəb olan agentlər:
- Siklofosfamid
- Epirubisin
- Paklitaksel
- Daunorubisin
- Etoposid
- Doksorubisin
- Ifosfamid
Orta ehtimalla saç tökülməsinə səbəb olan agentlər:
- Actinomisin-D
- Idarubisin
- Mitoxantron
- Vinkristin
- Sisplatin
- Metotreksat
- Nitrogen mustard
- Venorelbin
- 5-fluorouracil
- Mitomisiin
- Vinblastin
Aşağı ehtimalla saç tökülməsinə səbəb olan agentlər:
- Bleomisin
- Karmustin
- Dakarbazin
- Melfalan
- 6-thioguanin
- Busulfan
- Klorambusil
- L-asparaginas
- 6-merkaptopurin
- Thiotepa
- Karboplatin
- Sitarabin
- Lomustin
- Procarbazin
Həkiminizə müraciət edin
Gündəlik həyatınıza təsir edən vəziyyət olduqda həkiminizə müraciət etməlisiniz. Həkiminizdən xəbərsiz heç vaxt özbaşına eşitdiyiniz tövsiyələri tətbiq etməyin. Həkiminiz lazımi müayinələri apararaq zəruri hesab etdiyi əlavələri və/və ya dəyişiklikləri edəcəkdir.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.