Shiitake göbələyinin xərçəng müalicəsində istifadəsi

Xərçəng xəstələri və yaxınları alternativ müalicələrə getdikcə artan maraq göstərir. Google internet axtarış sistemində apardığımız araşdırmalara görə bu alternativ müalicələrdən biri də Shiitake (şitake) göbələyidir.
Shiitake (şitake) göbələyi nədir?
Elmi adı Lentinula edodes olan Shiitake göbələyi Şərqi Asiyada yetişdirilən palıd göbələyi növüdür. Qara meşə göbələyi kimi də tanınan Shiitake çürümüş ağacların gövdəsində təbii yetişir. Qədim Çində bu göbələyin istifadəsi barədə 3000 il əvvələ aid məlumatlar var. Göbələyin tərkibindəki polisaxaridlər və ən məşhuru olan lentinan tibbi baxımdan önə çıxıb və müxtəlif tədqiqatlarda istifadə edilib. Lakin bu tədqiqatlar say və əhatə baxımından yetərsizdir.
Shiitake göbələyi ilə aparılmış xərçəng tədqiqatları
Shiitake göbələyindəki Lentinanın xərçəngəleyhinə (şişkiçildici) təsiri olduğu bilinsə də, şiş hüceyrələrinə birbaşa təsirdən çox bioloji cavab tənzimləyicisidir (biological response modifier). Lentinan molekulunun ağızdan istifadəsinin mədə, bağırsaq (kolorektal), mədəaltı vəzi və qaraciyər xərçənglərində ömrü uzadan təsiri olduğu iddia edilsə də, bu iddia genişmiqyaslı və nəzarətli tədqiqatlarla təsdiqlənməlidir.
Laboratoriyada (in vitro) və heyvan modellərində aparılmış azsaylı tədqiqatda bu göbələyin immun sistemini dəstəkləyən, virusəleyhinə, qaraciyəri qoruyan, xolesterini azaldan, hüceyrə çoxalmasını əngəlləyən (antiproliferativ), sitotoksik (hüceyrəöldürücü), mutasiyanın qarşısını alan (antimutagen) və diş çürüməsinin qarşısını alan xüsusiyyətləri olduğu göstərilib. Başqa tədqiqatda göbələkdəki Latcripin-13 molekulunun ağciyər xərçəngi hüceyrələrinin fəaliyyətini əngəllədiyi göstərilib. Lakin xüsusi vurğulamaq istəyirik ki, bu tədqiqatlar Shiitake göbələyinin xərçəng baxımından faydalı qida olduğunu göstərməkdə son dərəcə qeyri-kafidir.
Shiitake göbələyi ilə xərçəng barədə mənfi nəticəli tədqiqatlar: Prostat xərçəngi xəstələri ilə aparılmış tədqiqatda göbələk ekstraktlarının prostata xas antigen səviyyələrinə təsir etmədiyi görülüb. Yaxın vaxtda aparılmış başqa tədqiqatda kimyaterapiya ilə birlikdə lentinan istifadə edən xəstələrin yalnız kimyaterapiya alanlarla müqayisədə sağqalım müddətlərinin qısaldığı müşahidə edilib.
Bunlarla yanaşı göbələyin allergiya, dəri həssaslığı, həzm sistemi problemləri və göbələk sporlarından qaynaqlanan pnevmoniya kimi yan təsirləri var. Bağırsaqda hansı nisbətdə sorulduğu da bilinmir.
Nəticə olaraq alternativ müalicələr çərçivəsində qiymətləndirilən Shiitake göbələyinin xərçəngdə istifadəsinə dair bəzi müsbət tədqiqatlar olsa da, onların sayı və əhatəsi son dərəcə qeyri-kafidir. Xərçəngdə mənfi təsirini göstərən tədqiqatlar da var. Həmçinin bu göbələyə xas allergiya tez-tez müşahidə edilən yan təsirdir. Buna görə xərçəngin müalicəsi üçün istifadəsini tövsiyə etmirik. Gələcəkdə daha ətraflı tədqiqatlar bu göbələyin xərçəng müalicəsində istifadə edilib-edilməyəcəyi barədə daha çox məlumat verəcək.
Mənbələr
2. Oba K, Kobayashi M, Matsui T, Kodera Y, Sakamoto J. Individual patient based meta-analysis of lentinan for unresectable/recurrent gastric cancer. Anticancer Res. 2009 Jul;29(7):2739-45.
3. Isoda N, Eguchi Y, Nukaya H, et al. Clinical efficacy of superfine dispersed lentinan (beta-1,3-glucan) in patients with hepatocellular carcinoma. Hepatogastroenterology. 2009 Mar-Apr;56(90):437-41.
4. Ng ML, Yap AT. Inhibition of human colon carcinoma development by lentinan from shiitake mushrooms (Lentinus edodes). J Altern Complement Med 2002;8(5):581-589.
5. Israilides C, Kletsas D, Arapoglou D, et al. In vitro cytostatic and immunomodulatory properties of the medicinal mushroom Lentinula edodes. Phytomedicine 2008.
6. Chu EY, Anand D, Dawn A, Elenitsas R, Adler DJ. Shiitake dermatitis: a report of 3 cases and review of the literature. Cutis. 2013 Jun;91(6):287-90.
7. Wang J, Zhong M, Liu B, et al. Expression and functional analysis of novel molecule - Latcripin-13 domain from Lentinula edodes C91-3 produced in prokaryotic expression system. Gene. Jan 25 2015;555(2):469-475.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.