Tamamlayıcı və alternativ müalicələr arasında fərq nədir?

Bu məqalədə
“Tamamlayıcı” və “alternativ” terminləri adətən eyni şeyi ifadə edirmiş kimi istifadə olunur. Həmçinin Tamamlayıcı və Alternativ Müalicə (TAT) ifadəsində birləşdirilir. Nəyinsə tamamlayıcı və ya alternativ müalicə olduğuna qərar vermək həmişə asan deyil. Lakin mühüm fərq var.
Tamamlayıcı müalicə onu mövcud sübuta əsaslanan tibbi müalicənizlə yanaşı istifadə edə biləcəyiniz deməkdir. Müasir, sübuta əsaslanan tibbi müalicələr konvensional müalicə də adlandırılır. Tamamlayıcı müalicə daha yaxşı hiss etməyə, xərçənginizin və müalicənizin öhdəsindən daha yaxşı gəlməyə kömək edə bilər. İstifadə etməyi düşündüyünüz tamamlayıcı müalicəni həkiminizlə müzakirə etmək vacibdir.
Alternativ müalicə isə həmin xəstəliyin standart tibbi müalicəsi əvəzinə istifadə edilir. Bütün konvensional xərçəng müalicələri işlədiklərini sübut etmək üçün elmi və səhiyyə qurumları, qanunlar tərəfindən ciddi sınaqlara məruz qoyulur. Alternativ müalicələrin çoxu belə sınaqdan keçməyib və işlədiklərinin elmi sübutu yoxdur. Bəzi alternativ müalicələr tam təhlükəsiz olmaya və zərərli yan təsirlər yarada bilər.
TAT istifadə etməyi düşünürsünüzsə;
Hər hansı tamamlayıcı və ya alternativ müalicə düşünürsünüzsə, təhlükəsizliyi barədə məsləhət üçün onkoloqunuz və ya mütəxəssis tibb bacınızla danışmaq çox vacibdir. Həmçinin tamamlayıcı və ya alternativ terapevtinizin konvensional xərçəng müalicəniz barədə məlumatlı olmasını təmin etmək çox vacibdir. Bəzi müalicələr qarşılıqlı təsirə girə bilər.
Tamamlayıcı müalicələr nələrdir?
Tamamlayıcı müalicələr həkiminizin verdiyi ənənəvi tibbi müalicələrlə yanaşı istifadə edilir. Xərçəngli insanların daha yaxşı hiss etməsinə kömək edə və həyat keyfiyyətini artıra bilər. Həmçinin xərçəng simptomları və ya müalicənin yan təsirlərinin öhdəsindən daha yaxşı gəlməyə kömək edə bilər.
Yaxşı tamamlayıcı terapevt tətbiq etdiyi müalicənin xərçənginizi sağaldacağını iddia etmir. Terapevt düşündüyü müalicəni onkoloqunuzla müzakirə etməyə həmişə açıq olmalı və bunu təşviq etməlidir.
Çox müxtəlif tamamlayıcı müalicə növü var:
- Akupunktur
- Aromaterapiya
- Refleksologiya – masaj terapiyası
- Bitki dərmanları - fitoterapiya (ürəkbulanma üçün zəncəfil, halsızlıq üçün jenşen)
- Art-terapiya
- Yoqa
Bir çox səhiyyə mütəxəssisi tamamlayıcı müalicələrlə xərçəngli insanlara böyük dəstək verir. Bunlar xərçəngin özünə və ya müalicəsinə bağlı ağrı, ürəkbulanma-qusma, halsızlıq, stress, isti basma, depressiya ilə daha yaxşı mübarizəyə kömək edir.
Lakin bəzi səhiyyə mütəxəssisləri xəstələrdə belə terapiyaları istifadə etməkdən çəkinib. Səbəb bir çox terapiyanın konvensional müalicələr kimi yoxlanmamasıdır. Tamamlayıcı müalicələrin xərçəngli insanlarda nə qədər yaxşı işlədiyini görmək üçün bəzi tədqiqat sınaqları aparılıb. Bəziləri hələ davam edir. Lakin tamamlayıcı terapiyaların ən yaxşı istifadəsi barədə biliyimizi inkişaf etdirmək üçün daha çox tədqiqat lazımdır.
Hansı alternativ terapiyalar var?
Tamamlayıcı müalicələrdən fərqli olaraq alternativ terapiyalar konvensional tibbi müalicələrin əvəzinə istifadə edilir. Xərçəngli xəstələrin alternativ terapiyaları sınamaq istəməsinin müxtəlif səbəbləri var. Bəziləri konvensional müalicəyə başlamayıb əvəzində alternativ müalicə seçə bilər. Bəziləri konvensional xərçəng müalicəsini dayandırıb alternativ terapiyaya keçə bilər. Həmçinin xərçəng müalicəsində ikinci rəyin bilinməməsi və xəstəyə seçim kimi təqdim edilməməsi də alternativ müalicəyə yönəlmə səbəblərindəndir.
Bəzi alternativ terapevtlər konvensional tibbi müalicələr bunu bacarmasa belə xərçənginizi müalicə edə bildiklərini iddia edə bilər. Yaxud terapevt konvensional xərçəng müalicələrinin zərərli olduğunu deyə bilər. Etibarlı terapevt bunu iddia etmir.
Alternativ müalicələrin xərçəngi sağalda bildiyini göstərən heç bir elmi və tibbi sübut yoxdur. Bəzi alternativ terapiyalar təhlükəlidir və zərərli yan təsirlər yarada, yaxud konvensional tibbi müalicənizlə qarşılıqlı təsirə girə bilər. Ciddi yan təsir riskini artıra və ya konvensional müalicənin faydasına mane ola bilər.
Bəzi alternativ terapiyalar çox ağıllı marketinq edilir və haqqında oxuyanlar çox yaxşı işlədiklərini düşünür. Lakin iddialar güclü elmi sübutlarla dəstəklənmir və təəssüf ki, bəzilərinə saxta ümid verilir.
Alternativ xərçəng terapiyalarının nümunələri arasında
- Amiqdalin (B17 vitamini)
- Gerson terapiyası (hər gün təxminən on kilo tərəvəz və meyvə sıxılaraq suyunun içilməsinə əsaslanan üsul)
- Köpəkbalığı qığırdağı
- Homeopatiya
- Ozon terapiyası
- Eşşək südü
- Müxtəlif pəhrizlər (məsələn, qələvi pəhriz)
- Bitki dərmanları - fitoterapiya (sarıkök - kurkumin, aloe vera, qırmızı reishi - ölümsüzlük göbələyi)
- Vitamin və antioksidantlar
TAT tətbiqləri üçün istifadə edilən terminlər
Tamamlayıcı və ya alternativ terapiyaları təsvir etmək üçün geniş istifadə olunan bir neçə fərqli termin var. Onlarla tanış deyilsinizsə, çaşdırıcı ola bilər. Belə adlandırılan terapiyalar görə bilərsiniz
- Konvensional olmayan müalicələr
- Tamamlayıcı və alternativ tibb
- İnteqrativ (bütöv) səhiyyə xidməti və ya tibb
- Ənənəvi tibb
Konvensional olmayan terapiyalar
Bu, adətən həkimlərin xərçəng müalicəsində istifadə etmədiyi müalicələr deməkdir. Başqa sözlə, konvensional tibbin hissəsi sayılmayan hər hansı müalicə. Xərçəng müalicəsində çalışan səhiyyə mütəxəssisləri tamamlayıcı və alternativ terapiyalar arasındakı fərqləri bilir. İki termini ayırmağın nə qədər vacib olduğunu da bilirlər. İndi həkim və tibb bacılarının çoxu terapiyaları “konvensional olmayan”dan çox tamamlayıcı və ya alternativ adlandırır.
TAT (Tamamlayıcı və Alternativ Tibb)
TAT yuxarıda ətraflı izah etdiyimiz həm tamamlayıcı, həm alternativ tibbi müalicələri əhatə edən termindir.
İnteqrə səhiyyə xidmətləri və ya inteqrativ onkologiya
Bu terminlər adətən konvensional tibb və tamamlayıcı terapiyaların birgə istifadəsini təsvir edir. İnteqrə səhiyyə xidməti termini xüsusilə Qərb cəmiyyətlərində geniş istifadə edilir. Xərçəng müalicəsində inteqrə tibb adətən aşağıdakıların hər birinə çıxış verir:
- Konvensional tibbi müalicələr
- Masaj, refleksologiya, rahatlama, bitki dərmanları və akupunktur kimi müxtəlif tamamlayıcı müalicələr
- Məsləhət xidmətləri və dəstək qrupları
- Xərçənginiz və müalicəsi barədə aktual məlumatlar
Ənənəvi tibb
Səhiyyə mütəxəssisləri adətən ənənəvi tibb terminini müəyyən mədəniyyətdə əsrlər boyu inkişaf edən terapiya və ya sağlamlıq tətbiqi üçün istifadə edir. Adətən müəyyən inanc sistemi ətrafında yaranır. Termin çaşdırıcı ola bilər, çünki dünyanın qərbində klassik tibb ənənəvi tibb sayıla bilər. Lakin adətən ənənəvi tibb sözünü bu cür istifadə etmirik. Adətən dünyanın şərqində inkişaf etmiş terapiya və ya müalicələrə istinad edirik.
- Ayurveda təbabəti
- Ənənəvi Çin təbabəti
Konvensional tibb haqqında ətraflı məlumat
Konvensional tibb həkiminizin xərçəng müalicəsi üçün adətən istifadə etdiyi müasir tibb müalicələridir. Ortodoks tibbi müalicə ifadəsini də eşidə bilərsiniz. Ən geniş konvensional xərçəng müalicələri arasında;
- Kimyaterapiya
- Radioterapiya
- Əməliyyat
- İmmunoterapiyalar
- Hormon müalicəsi
- Molekulyar müalicələr
Konvensional müalicənin məqsədi şişi məhv edib və ya kiçildib xərçəngi müalicə etməkdir. Xərçəng sağaldıla bilmirsə, məqsəd mümkün qədər nəzarətdə saxlamaq ola bilər. Həkiminiz müalicənin sizin vəziyyətinizdə nə dərəcədə kömək edə biləcəyini müzakirə edəcək. Ənənəvi dərmanların demək olar yarısı bitkilərdən və ya digər təbii maddələrdən hazırlanır. Konvensional dərmanlar ciddi testlərdən keçirilir və nəzarətlə istifadə olunur. Bütün konvensional xərçəng müalicələri müəyyən xərçəng növlərində işlədiyini sübut etmək üçün klinik tədqiqatlarda ətraflı sınanıb.
Klinik sınaqlar bu məqsədlərlə aparılır;
- Konvensional müalicələrin təsirindən əmin olmaq,
- Potensial yan təsirləri və ciddiliyini müəyyən etmək
- Xərçəng müalicəsinin faydalarının bütün risklərindən üstün olduğunu göstərmək
Klinik tədqiqatlar barədə daha çox məlumatı saytımızda tapa bilərsiniz.
Nəticə olaraq, faydalı ola biləcəyi düşünülən tamamlayıcı və alternativ tibb üsullarını bütövlükdə rədd etmək əvəzinə elmi sorğulamaq, içlərindən xüsusilə xəstələrin həyat keyfiyyətinə müsbət töhfəsi olanları klinik tətbiqlərə inteqrasiya etmək ən düzgün yanaşma olacaq.
Mənbələr
https://www.cancerresearchuk.org/
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.