Ozon müalicəsi nədir? Xərçəngə faydası varmı?

Bu məqalədə
Ozon müalicəsi nədir?
Ozon müalicəsi oksigen ifraz edən maddələrin bədənə verilməsi ilə qanda oksigen səviyyəsini artıraraq təsir yaratmağı hədəfləyən müalicə üsuludur.
Ozon müalicəsi fikri haradan çıxdı?
1800-cü illərin ortalarında kəşf edilən ozon güclü oksidləşdirici xüsusiyyəti sayəsində cərrahi alətlərin, əməliyyatxanaların və içməli suların dezinfeksiyasında uğurla istifadə edilmişdir. Daha sonralar az oksigenli mühitdə xəstəliklərin daha çox inkişaf etdiyi və bədəndə oksigen səviyyəsi artırılarsa xəstəliklərə və xəstə hüceyrələrə qarşı təsirli olacağı düşüncəsi ilə insan bədənində sınaqdan keçirilməyə başlanmışdır. Xərçəng hüceyrələrinin tənəffüs sürətinin daha aşağı olduğunun kəşf edilməsi ilə də ozon başda xərçəng olmaqla bir çox xəstəlikdə sınanmışdır. Lakin o gündən bu günə əldə edilən texniki irəliləyişlərlə mühitdə daha çox oksigen olsa belə, bu vəziyyətin xərçəng hüceyrələrinin məhv olmasına səbəb olmadığı göstərilmişdir.
Ozon müalicəsi sınaqları
Ozon müalicəsinin xərçəng və digər xəstəliklərdəki təsiri üzrə aparılan tədqiqatlarda xərçəng və digər xəstəliklərin müalicəsində təsirli olduğuna dair elmi sübutlar əldə edilə bilməmişdir. Əksinə, üsulun çoxsaylı potensial yan təsirləri göstərilmiş, hətta ədəbiyyatda ölüm halları belə təsvir edilmişdir. Beynəlxalq nüfuzlu cəmiyyət və təşkilatlar da xəstələrə ozon müalicəsi barədə xəbərdarlıq edir, ozonun xərçəng müalicəsində təsirli olduğuna dair sübut olmadığını və zərərli təsirlərinin ola biləcəyini vurğulayırlar. Bu məqamda aparılacaq tədqiqatlarla bu müalicənin naməlum tərəflərinə aydınlıq gətirilənə, mümkün faydaları, yan təsirləri və riskləri aydın şəkildə ortaya qoyulana qədər bu üsullardan uzaq durmaq lazımdır.
Ətraflı araşdırma
Ozon müalicəsi oksigen ifraz edən maddələrin müxtəlif formalarda və müxtəlif yollarla bədənə verilərək bədəndə oksigen miqdarının artırılmasının hədəfləndiyi alternativ tibb üsuludur. Oksigen müalicəsi, oksidativ müalicə, oksigenasiya müalicəsi, hiperoksigenasiya, hidrogen peroksid müalicəsi kimi müxtəlif adlarla da tanınan bu üsulda oksigenin ən çox istifadə olunan formaları hidrogen peroksid (H2O2) və ozondur (O3). Çox vaxt oksigenin kimyəvi cəhətdən aktiv forması olan ozondan istifadə edildiyi üçün üsul ozon müalicəsi adlandırılır.
Bu müalicə növü oksigenin geniş yayılmış tibbi istifadə yolundan (nəfəs alınan havadakı oksigen miqdarının artırılması) fərqlidir. Həmçinin təzyiqli oksigen qazından istifadə olunan hiperbarik oksigendən də fərqlidir. Üsul müxtəlif şəkillərdə və formalarda tətbiq edilə bilsə də, ən geniş yayılmış tətbiq forması ozonun müxtəlif qaz və mayelərlə qarışdırılaraq bədənə verilməsidir. Bədənə təzyiq altında düz bağırsaq, vagina və ya bədəndəki digər boşluqlardan, yaxud əzələ daxilinə və ya dəri altına inyeksiya edilərək verilə bilər.
Autohemoterapiya adlanan yanaşma çərçivəsində tətbiqçi xüsusi cihazdan istifadə edərək xəstədən alınmış müəyyən miqdarda qana ozon əlavə edib xəstənin bədəninə geri verməklə tətbiq edə bilər. Müxtəlif oksigen müalicəsi növləri arasında müəyyən xərçəng növləri, astma, emfizema, AIDS, artrit, ürək və damar xəstəlikləri, dağınıq skleroz və Alzheimer xəstəliyinin də olduğu onlarla xəstəlik üçün alternativ müalicə kimi təqdim edilir. Lakin bu xəstəlikləri sağaltdığı istiqamətində qəbul edilən elmi sübut əldə edilə bilməmişdir. Bir neçə klinik hal təqdimatı və azsaylı müsbət istiqamətli nəşrlər isə son dərəcə şübhəlidir.
Ozon müalicəsinin qısa tarixi
Ozon (O3) atmosferdəki normal oksigen qazının olduqca yüksək enerjili, üç oksigen atomundan ibarət formasıdır. Son dərəcə güclü oksidləşdirici təsirə malik olduğundan mikroblardan təmizləmədə olduqca təsirlidir. 1800-cü illərin ortasında kəşf edilən ozon ilk dəfə 1856-cı ildə cərrahi alətlərin və əməliyyatxanaların mikroblardan təmizlənməsi üçün istifadə edilməyə başlanmışdır. Daha sonra 1800-cü illərin sonlarında içməli suların da dezinfeksiyasında istifadə edilməyə başlanan ozon 1-ci Dünya müharibəsində də yaraların mikroblardan təmizlənməsi, ayaqların donması və zəhərli qazların təsirlərinin müalicəsi üçün istifadə edilmişdir. 1800-cü illərin ortalarında Almaniyada qanı təmizlədiyi iddia edildikdən sonra ozonun insan bədənində istifadəsi maraq doğurmuşdur. Daha sonra 1920-ci illərə gəlindikdə ozon və hidrogen peroksid təcrübi olaraq qrip müalicəsində, hidrogen peroksid inyeksiyaları isə viral pnevmoniya epidemiyasında istifadə edilmişdir. Lakin fayda verdiyinə dair sübut yoxdur.
Ozonun xərçəngdə təsirli olduğu fikri isə 1919-cu ildə Dr. William F. Kochun xərçəngə tək bir toksinin səbəb olduğunu və xəstəliyin bu toksinin aradan qaldırılması ilə qarşısının alına və ya geri döndərilə biləcəyini iddia etməsi ilə gündəmə gəlmişdir. Bunu bacarmaq üçün Dr. Koch xəstələrdə əzələ daxilinə inyeksiya edilə bilən qlioksilit adlı oksigen birləşməsi hazırladığını iddia etmişdir. Lakin sonralar qlioksilit müalicəsinin “xərçəngin diaqnozu, müalicəsi, yüngülləşdirilməsi və ya sağaldılması baxımından heç bir dəyərinin olmadığı” bildirilmiş, hətta nəzəri fiziki kimyaçıların tədqiqatları Kochun iddia etdiyi kimyəvi quruluşun mövcud olmasının mümkün olmadığını göstərmişdir. Belə ki, Dr. Koch da qlioksilitin nə istehsal prosesini ortaya qoymuş, nə də mövcudluğunu göstərmişdir.
Hazırda ozon müalicəsinin xərçəngdə təsirli olduğunu iddia edən praktiklərin inancının əsasında isə əsasən Dr. Otto Warburgun xərçənglə bağlı nəzəriyyələri dayanır. 1930-cu illərdə tənəffüs fermentləri üzrə tədqiqatlarına görə 1931-ci ildə Nobel mükafatına layiq görülən Dr. Otto Warburg xərçəng hüceyrələrinin tənəffüs sürətinin digər hüceyrələrdən daha aşağı olduğunu kəşf etmişdir. Buradan xərçəng hüceyrələrinin az oksigenli mühitlərdə böyüdüyü və buna görə oksigen səviyyəsinin artırılmasının onlara zərər verəcəyi, hətta öldürə biləcəyi qənaətinə gəlmişdir. Lakin o gündən bu günə əldə edilən texniki irəliləyişlərlə mühitdə daha çox oksigen olsa belə, bu vəziyyətin xərçəng hüceyrələrinin məhv olmasına səbəb olmadığı göstərilmişdir. Həmçinin üsulun bədəndəki bütün hüceyrələr üçün enerji artımı təmin etdiyi, antioksidant istehsalını təşviq etdiyi və immun sistemini gücləndirdiyi iddia edilmişdir. Lakin bu iddiaların da elmi sübutları yoxdur.
Ozon müalicəsinin potensial zərərləri hansılardır?
İnsan bədənində faydasına dair etibarlı elmi sübut olmayan ozon müalicəsinin əksinə, hətta zərərləri də mövcuddur. Dinamik olaraq qeyri-sabit quruluşda olan ozon insan bədəni üçün təhlükəli təsirlərə malikdir. Hətta tibbi ədəbiyyatda oksigen ifraz edən maddələrin bədənə verilməsi ilə birbaşa əlaqəli xəstə ölümü halları mövcuddur.
- Qana verilən ozon toxumalarda zədələnməyə səbəb olan sərbəst oksigen məhsullarının yaranmasına səbəb olaraq bəzi xəstəlikləri tətikləyə, mövcud xəstəliklərin də irəliləməsinə səbəb ola bilər.
- Tənəffüs yolu ilə məruz qalınan ozon da ağciyərlərə zərər verir. Karbon qövs lampalarından yayılan yüksək səviyyəli ozon səbəbindən kinomexaniklərin ağciyər qişalarının zədələndiyi məlumdur, hətta tibbi ədəbiyyatda bu vəziyyət “mexanik ağciyəri” kimi təsvir edilir.
- Bu müalicədə istifadə olunan və adətən konsentrat məhlullar şəklində satılan digər birləşmə olan hidrogen peroksid də içildikdə qusma, qırtlaqda və mədədə güclü yanma, hətta ölümə belə səbəb ola bilər.
- Gözlə təmasda buynuz qişanı zədələyib korluğa, dəri ilə təmasda suluqlar, yanma kimi problemlərə səbəb ola bilər.
- Hidrogen peroksid inyeksiya şəklində tətbiq edildikdə isə qan axınını bloklayaraq qanqrenaya və ölümə səbəb ola biləcək oksigen qabarcıqları yarada bilər.
- 1993-cü ildə dərc edilmiş bir tədqiqatda bədən toxumalarında artıq oksigen olmasının genetik materialı zədələyib anormal böyüməyə səbəb ola biləcəyinə dair tədqiqat sübutları əldə edilmişdir.
- Ozon müalicəsi üzrə 2001-ci ildə dərc edilmiş bir tədqiqatda da ozon müalicəsinin risklərinin bu üsulun tərəfdarları tərəfindən kiçildildiyi qeyd edilmiş, aralarında hepatit və ən azı beş ölüm hadisəsi də olan çoxsaylı ciddi yan təsirlər bildirilmişdir.
Xərçəngdə ozon müalicəsi üzrə aparılan tədqiqatlar
Mövcud elmi sübutlar bədəndəki oksigen səviyyəsini artırmağın xərçəng hüceyrələrini zədələdiyi və ya öldürdüyü iddialarını dəstəkləmir. Qan axını zəif olduğundan şişin ortasındakı xərçəng hüceyrələrinin ətrafında oksigen səviyyəsini yüksəltmək asan deyil.
Amerika Qida və Dərman İdarəsi (FDA) ilk dəfə 1976-cı ildə verdiyi, daha sonra 2006-cı ildə təkrarladığı açıqlamasında ozonun toksik qaz olduğunu və tibbi tətbiqlər üçün təhlükəsiz olduğuna dair sübut olmadığını bildirmişdir. Aparılan bəzi tədqiqatlarda oksigen müalicəsinin radioterapiya və kimyaterapiya ilə birlikdə tətbiqinin faydalı olub-olmadığı araşdırılmış, lakin aydın fayda müşahidə edilməmişdir. Birbaşa şişlərin daxilinə və ya qana hidrogen peroksid inyeksiya etməyin də hər hansı faydası göstərilə bilməmişdir.
2008-ci ildə aparılmış bir tədqiqatda dovşanlardakı şişlərin bəziləri heç bir müalicə olmadan öz-özünə yox olmuş, lakin normal oksigen verilənlərdə daha çox şiş yox olmuşdur; ozon verildikdə isə yox olan şişlərin sayı daha da artmışdır. Lakin bu şişlərin insanlardakı xərçənglə əlaqəli olduğu hələ də sübut edilə bilməmişdir.
Ozon müalicəsi üzrə 2001-ci ildə aparılmış bir icmalda da “Ozon müalicəsi üzrə geniş klinik tədqiqatların sayı azdır, dərc edilmiş olanlar təsirli olduğuna dair sübut ortaya qoya bilməmişdir və daha çox müsbət sübut ortaya çıxana qədər ozon müalicəsindən qaçınılmalıdır.” qənaətinə gəlinmişdir.
Nəticə
Mövcud elmi sübutlar oksigen ifraz edən kimyəvi maddələrin insan bədəninə verilməsinin xərçəng müalicəsində təsirli olduğu fikrini dəstəkləmir. Hətta bunun təhlükəli olması da mümkündür. Ozonun müalicə məqsədli istifadəsi ingilisdilli heç bir ölkədə heç bir səhiyyə səlahiyyətli orqanı və ya tibb cəmiyyəti tərəfindən təsdiqlənməmişdir və ABŞ-ın bir çox ştatında ozon generatorlarının bazara çıxarılması və ozon müalicəsi ilə bağlı klinik tədqiqatlar və araşdırmalar üçün belə olsa, tibbi istifadəsi qadağandır.
Amerika Xərçəng Cəmiyyəti və bir çox digər aparıcı təşkilat da xəstələrə ozon müalicəsi barədə xəbərdarlıq edir və ozonun xərçəng müalicəsində təsirli olduğuna dair sübut olmadığı, zərərli təsirlərinin ola biləcəyi barədə təkid edir. Bir çox xəstəliyə qarşı təsirli olduğu iddia edilən və möcüzə kimi təqdim olunan bu müalicə yalnız xərçəng üçün deyil, hazırda heç bir xəstə və xəstəlik üçün tövsiyə edilmir.
Ölkəmizdə bu mövzuda qadağa olmasa da, ozon müalicəsi asan qazanc sahəsi və kommersiya sektoru kimi görülür və bu üsulu tətbiq edən mərkəzlər sürətlə artır. Lakin aparılacaq tədqiqatlarla bu müalicənin naməlum tərəflərinə aydınlıq gətirilənə, mümkün faydaları, yan təsirləri və riskləri aydın şəkildə ortaya qoyulana qədər bu üsullardan uzaq durulmalıdır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.