Əfsanəyə son qoyuldu: Köpək balığı qığırdağı xərçəng müalicəsində effektiv deyil!

Bu məqalədə
Dəniz dünyası haqqında bir çox şayiə dolaşır. Lakin bu şayiələrdən biri hamısından daha çox diqqət çəkir. Bu, köpək balıqlarının xərçəng olmaması “şayiəsi”dir… Bu fikir xərçəngi azaldacağı və ya sağaldacağı kimi iddialarla çarə axtaran xərçəng xəstələrinə satılmaq üçün köpək balığı qığırdağından hazırlanan dərmanlar naminə milyonlarla köpək balığının qətlə yetirilməsinə səbəb olur…
Köpək balığının xərçəngdə sınaqdan keçirilməsinin tarixi nədir?
Bu mövzudakı şayiə 1970-ci illərdə Johns Hopkins Tibb Fakültəsindən Henry Brem və Judah Folkman-ın ilk dəfə qığırdağın toxuma daxilində yeni qan damarlarının inkişafının qarşısını aldığını müəyyən etməsi ilə başlayıb. Angiogenez adlandırılan bu damar yaranması bədxassəli (maliqn) şişlərin əsas xüsusiyyətlərindən biridir. Həmçinin angiogenez mümkün xərçəng müalicəsi axtaranlar üçün tez-tez istifadə olunan hədəfdir.
Brem və Folkman antiangiogen birləşmələr üçün qığırdaq üzərində işləməyə başlayıblar. Onlar qığırdaqda qan damarları yoxdursa, deməli, kapilyarların yaranmasını əngəlləyən molekullara və ya fermentlərə siqnal göndərməli olduğu fikrindən çıxış ediblər. Dovşan balasından alınmış qığırdaq təcrübə heyvanlarındakı şişin yanına yerləşdirildikdə şişin inkişafının əngəlləndiyini müəyyən ediblər. Sonrakı tədqiqatlar dana qığırdağının da eyni antiangiogen xüsusiyyətlərə malik olduğunu göstərib. Robert Langer adlı gənc tədqiqatçı dovşan qığırdağı ilə aparılmış ilk sınağı bu dəfə köpək balığı qığırdağı ilə təkrarlamağa qərar verib. Köpək balığının skeleti tamamilə qığırdaqdan ibarət olduğu üçün Langer bunun mümkün müalicə üçün daha əlçatan mənbə ola biləcəyini düşünüb. Həqiqətən də köpək balığı qığırdağı dana və dovşan qığırdağı kimi şişə doğru qan damarlarının inkişafını əngəlləyib.
Eyni dövrdə Sarasota-dakı Mote Marine Laboratoriyasından Carl Luer adlı alim də köpək balıqları ilə xərçəng arasındakı əlaqəni araşdırıb. Tədqiqatında köpək balıqlarının başda xərçəng olmaqla bütün xəstəliklərə tutulma göstəricisinin aşağı olduğunu müəyyən edib və bunun səbəblərini öyrənmək istəyib. Apardığı tədqiqatda güclü kanserogen olduğu məlum olan aflatoksin B1-i yüksək miqdarda verdiyi köpək balıqlarında şiş yaranmadığını görüb.
Bundan sonra Dr. William Lane ortaya çıxıb. Langer və Luer-in apardığı tədqiqatları eşidib və köpək balığı qığırdağı dərmanının xərçəngi müalicə edə biləcəyi fikri dərhal beyninə yerləşib. 1992-ci ildə “Köpək balıqları xərçəng olmur: Köpək balığı qığırdağı həyatınızı necə xilas edə bilər?” adlı kitabını yayımlayıb. Kitabı ən çox satılanların siyahısında birinci olub, Lane isə medianın yeni maraq mərkəzinə çevrilib. Lane və kubalı həkimlərin birlikdə Meksikada apardığı yetərsiz tədqiqatın nəticələri fövqəladə kimi təqdim edilib. Ardınca 1996-cı ildə Lane “Köpək balıqları hələ də xərçəng olmur” başlıqlı ikinci kitabını yayımlayıb.
Əlbəttə, bu arada Lane köpək balığı ovu və qığırdaq həbləri istehsalı ilə məşğul olan Lane Laboratoriyalarını (bu gün hələ də qığırdaqdan həblər hazırlayıb satmağa davam edir) qurub. Lakin Lane bu sahədə tək qalmayıb. Bir çox şirkət köpək balığı qığırdağından dərman və toz satmağa başlayıb, bunları alternativ müalicə və ya qida əlavəsi kimi bazara çıxarıb. 1995-ci ildə dünya bazarında köpək balığı qığırdağı məhsulları təxminən 30 milyon dollar həddini keçib. Hər gün daha çox köpək balığı qığırdağı üçün ovlanır.
Bu ovçuluğun nəticələri dəhşətli olub. Şimali Amerikada köpək balığı populyasiyası son 10 ildə %80 azalıb. Bu sahədə işləyən şirkətlər qığırdaq istehsalı üçün Amerika sularında hər ay 200.000-ə yaxın köpək balığı ovlayır. Kosta Rikada qurulmuş bir Amerika köpək balığı qığırdağı fabriki hər il təxminən 2.8 milyon köpək balığını məhv etməyi planlaşdırıb. Köpək balıqları digər balıqlara nisbətən daha yavaş böyüyür və belə ov təhdidi altında çoxalacaq qədər uzun yaşaya bilməyəcəkləri aydındır. Balıq ovu səviyyəsi dünya üzrə azalmadığı müddətdə köpək balıqlarının bəzi növləri təəssüf ki, biz fərqinə varmadan məhv olacaq.
Bəs köpək balığı qığırdağı xərçəngdə həqiqətən işə yarayırmı?
Bu mövzuda 1998-2005 və 2007-ci illərdə aparılmış və ABŞ Dərman İdarəsi (FDA) tərəfindən də izlənilmiş ən azı 3 tədqiqatın nəticələri mənfidir. Bütün bu ekoloji dağıntının heç bir faydası olmayan alternativ məhsul üçün baş verməsi pis olub! Köpək balığı qığırdağı heç bir şəkildə xərçəngi müalicə etmir və ya sağaltmır. Köpək balığı qığırdağından hazırlanan toz və həblərin heç bir xərçəng növündə müsbət təsiri olmadığı sübut edilib. Dr Andrew Vickers-in açıqlamaları köpək balığı qığırdağının xərçəngi müalicə etmədiyi yönündədir. Həqiqətən də ABŞ Federal Ticarət Komissiyası 2000-ci ildə müdaxilə edərək Lane-ə 1 milyon dollar cərimə kəsib və satdığı əlavə məhsulların və ya hər hansı köpək balığı qığırdağı törəməsinin xərçəngi müalicə edə, sağalda və ya qarşısını ala biləcəyini iddia etməsini qadağan edib.
Lakin ən pisi, ən kiçik ümid üçün çarəsizcə axtarışda olan insanlardan pul oğurlayan bütün bu saxta biznesin bir nağıla əsaslanmasıdır. Kənd Təsərrüfatı Biokimyası və Qidalanma üzrə doktorluq dərəcəsi olan pulgir insanlar sizə nə deyirlərsə desinlər, köpək balıqları da xərçəng olur!..
Köpək balığının qığırdağının xərçəngləşməməsi köpək balıqlarının xərçəng olmayacağı demək deyil. Digər tərəfdən insanın qığırdaq toxumasında da xərçəng çox nadir inkişaf edir. Köpək balıqlarında “xərçəng göstəricisinin aşağı olduğu” təsəvvürü onlarda xəstəlik göstəricilərini araşdıran hələ yalnız bir tədqiqatın olmasından qaynaqlanır. Heç kim bu heyvanlarda xərçəng və ya başqa xəstəlikləri sistemli şəkildə yoxlamayıb. Aşağı göstəricilər aşkar edən tədqiqat olsa da, bu, köpək balıqlarının xərçəngə davamlı və ya immun olduğu demək deyil. Köpək balıqları pelagik (dərin dənizlərdə üzən) balıqlardır. Bəziləri suyu çox çirkli olmayan ərazilərdə yaşayır. Bu da sahilə yaxın yaşayan canlı növlərinə nisbətən xərçəng yaradan kimyəvi maddələrə daha az məruz qaldıqları deməkdir.
2004-cü ildə Havay Universitetindən Dr. Gary Ostrander və həmkarı köpək balıqlarında şiş qeydlərinə dair tədqiqat yayımlayıb. Artıq qığırdaqlı balıq növlərində (qığırdaqlı balıqlar sinfi: köpək balığı, skat və naqqa balığı) 42 şiş aşkar edilib. Bu şişlərin ən azı 12-sinin bədxassəli (maliqn) olduğu və bədənə yayıldığı görülüb. Köpək balıqlarının 2-sində genetik meyillilik və ya yüksək miqdarda kanserogen maddələrə həddindən artıq məruz qalma səbəbilə çoxsaylı şiş müəyyən edilib. Bunlar hətta köpək balığının qığırdağında yerləşən şişlər olub! Ostrander bu məlumatın köpək balıqlarının xərçəng olmaması barədə nağılı bir şəkildə unutduracağına ümid edib.
Bu tədqiqatlara baxmayaraq, köpək balığı qığırdağından hazırlanan həblərin hələ də satıldığı görülür. Üstəlik köpək balıqlarının xərçəng olmaması nağılına inanan bir çox ağıllı insan hələ də var. Daha da pisi, sosial mediada “Suda nəsə olmalıdır. Köpək balıqları xərçəngə tutulmadığı məlum olan yeganə növdür” və s. cümlələr olan tvitlərə belə rast gəlmək mümkündür.
Nəticə
Yazdıqlarımızı ümumiləşdirsək: Köpək balıqları xərçəng olur! Köpək balıqlarında xərçəngə nadir rast gəlindiyini deməyə yetəcək qədər sübut olmadığı kimi, indiyədək heç kim onlarda xərçəng göstəricilərini sistemli araşdırmayıb. Buna görə köpək balıqlarının xərçəngə davamlı olduğunu bildirən hər açıqlama olsa-olsa yanıltıcıdır və tamamilə yanlışdır.
Bu vəziyyətin ən məyusedici tərəfi isə köpək balığının immun sisteminin inanılmaz dərəcədə heyranedici olması və xərçəngi basqılayıb-basqılamadığının araşdırılmağa dəyər olmasıdır. Köpək balıqları RAG zülallarına, T hüceyrə reseptorlarına və immunoqlobulinə malik inkişaf etmiş adaptiv immun sistemi olan təkamül baxımından ən qədim nəsildir. Tamamilə özünəməxsus iki immun orqanı var. Leydig's və Epigonal orqanların funksiyası hələ tam anlaşılmayıb. Mövcud bütün onurğalı heyvanların adaptiv immunitetinin təkamülünü anlamaq üçün köpək balıqlarının immun sistemi araşdırılmalıdır. Əgər həqiqətən xərçəngə davamlıdırlarsa, immun sistemlərinin araşdırılması daha böyük əhəmiyyət qazanır. Lakin biz bunun əvəzinə effektiv olmayan xərçəng müalicəsi üçün 100 milyondan çox köpək balığı öldürür və köpək balıqlarının xərçəng olmadığını deyərək bir çox insanı yanlış yönləndiririk.
Mənbələr
science20.com
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.