Siqaretlə xərçəngin əlaqəsi

Siqaret çəkməyən cəmiyyət yaratsaq, ağciyər xərçənglərinin demək olar %90-dan çoxunu aradan qaldıra bilərik. Bu gün siqaretin çoxsaylı xərçənglərlə əlaqəsi göstərilmişdir. Siqaret çəkməyən cəmiyyətdə ağciyər xərçəngi ilə yanaşı baş-boyun xərçəngləri, udlaq (farinks), qida borusu (ezofaqus), mədə, mədəaltı vəzi, böyrək, sidik kisəsi, leykemiya və hətta süd vəzi xərçəngi kimi bir çox növdə ciddi azalmalar görüləcək. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, 20-ci əsrdə tütünə bağlı təxminən 100 milyon ölüm baş verib və hər il bu saya 6 milyon əlavə olunur. Siqaretdə birbaşa xərçənglə əlaqəli 50-dən çox kimyəvi maddə var. Filtrli siqaret bunlara məruz qalmanı azaltmır. İllər ərzində filtrli və ya light siqaret çəkmək insanların nikotin ehtiyacını qarşılamaq üçün tüstünü daha dərindən udmasına səbəb olmuş, ağciyər xərçənglərini daha dərin və aşağı paylara doğru dəyişdirmiş, tezliyini isə azaltmamışdır. 1900-cü illərin ilk rübündə siqaret-ağciyər xərçəngi əlaqəsi ortaya qoyulmağa başlamış, 1950-ci illərdə elmi sübut edilmişdir. Lakin illərlə bu elmi həqiqət dövlətlər və siqaret istehsalçıları tərəfindən cəmiyyətdən gizlədilmiş, asılılıq dünyada yayılmışdır. 1997-ci ildə Amerikanın ən məşhur siqaret istehsalçılarından Liggett ağciyər xərçənginə tutulmuş şəxsin məhkəməyə müraciəti nəticəsində məhkum edilmiş və bütün dünyaya üzrxahlıq mesajı yaymağa məcbur olmuşdur.
Ağciyər xərçəngi kimi ölüm riski yüksək xərçəngin yaranması tək səbəbdən asılı deyil. Araşdırmalarla ağciyər xərçənginin bir çox səbəbi tapılıb. Yaranmasında müxtəlif amillər rol oynaya bilər, lakin bunların çoxu tütün istifadəsi ilə əlaqəlidir.
Siqaret və ağciyər xərçəngi: siqaret çəkmək ağciyər xərçənginə səbəb olur. Tütündəki zərərli maddələr (kanserogenlər) ağciyər hüceyrələrini zədələyir. Zamanla bu zərərli təsirlər hüceyrələrdə xərçəng yarada bilər. Siqaret çəkənin ağciyər xərçənginə tutulması hansı yaşda başladığı, neçə ildir çəkdiyi, gündə neçə siqaret çəkdiyi və nə qədər dərindən udması ilə əlaqəlidir. Siqareti tərgitmək ağciyər xərçəngi riskini böyük ölçüdə azaldacaq.
Ağciyər xərçəngindən qorunmağın ən yaxşı yolu siqareti tərgitmək və ya heç başlamamaqdır!
Siqar, tənbəki çubuğu və ağciyər xərçəngi: bunları istifadə edənlər etməyənlərə nisbətən daha çox ağciyər xərçəngi riski daşıyırlar. Neçə ildir istifadə etməsi, gündə neçə ədəd çəkməsi və nə qədər dərindən udması riski dəyişən amillərdir. İçlərinə çəkməsələr də, siqar və tənbəki çubuğu istifadəçiləri ağciyər və ağız xərçənginin digər növləri üçün də risk altındadırlar. Həmçinin passiv çəkənlər tütün tüstüsünə məruz qalaraq eyni nisbətdə ağciyər xərçəngi riski daşıyırlar.
Hələ siqaret çəkirsinizsə, dərhal tərgidin! Bu barədə həkiminizin yönləndirməsi ilə kömək ala bilərsiniz.
Passiv siqaret çəkmənin uşaq xərçənglərinə təsirinə baxsaq, uşaqlar valideynlərinə baxaraq onları təqlid edirlər. Ailənizdə heç kimin siqaret çəkməsinə icazə verməyin və evinizdə çəkdirməyin. 2010-cu il məlumatlarına görə uşaqlar və gənclər arasında siqaret istifadəsi azalır. Son 10 ildir tütün məhsullarının yaratdığı nəticələr barədə maarifləndirmə işləri sürətlə davam edir. Amma ailələr daim ayıq olmalıdır. Tədqiqatlar 12 yaş və yuxarı uşaqların %25-dən çoxunun müntəzəm siqaret çəkdiyini göstərmişdir ki, bu heç də azımsanacaq rəqəm deyil.
Ağciyər xərçəngi hələ ən çox rast gəlinən və halların təxminən %85-ində ölümə səbəb olan xərçəng növü kimi ilk sıradadır. Siqaret çəkənlərin təxminən %80-nin 18 yaşından əvvəl başladığını nəzərə alsaq, ailələr uşaqlarına siqaretin zərərlərini və siqaretsiz həyatın sağlamlığa faydalarını izah etməlidir. Siqaret çəkən valideynlərin nümunə olmaq üçün tərgitməsi həm ağciyər, ağız, qida borusu, sidik kisəsi, böyrək və mədəaltı vəzi xərçəngləri, ürək xəstəlikləri riskini azaldacaq, həm də uşaqlarında müsbət təsir yaradacaq.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.