Süd vəzi xərçənginə meyli artıran daha bir gen tapıldı: PALB2

Ən nüfuzlu tibb jurnallarından “New England Journal of Medicine”in 2014-cü il avqust sayında dərc edilmiş bir tədqiqatda BRCA1 və BRCA2 genləri ilə yanaşı, PALB2 adlanan gendəki pozulmaların da (mutasiya) süd vəzi xərçənginə meyli artırdığı aşkar edilmişdir.
Süd vəzi xərçəngi süd vəzi toxumasındakı hüceyrələrin nəzarətsiz və ya anormal şəkildə böyüməsi və çoxalması ilə inkişaf edən, qadınlarda görülən xərçəng növləri arasında birinci yerdə olan çox ciddi xərçəng növüdür. Belə ki, həyat boyu hər 8 qadından birinin bu xərçəngə tutulma riski var. Buna görə bu xəstəliklə mübarizədə xəstəliyin heç yaranmadan qarşısının alınması ən prioritet yanaşmadır. Lakin xəstəliyin qarşısının təsirli şəkildə alına bilməsi üçün əvvəlcə həmin xəstəliyə səbəb olan və/və ya xəstəliyin inkişafına meyli artıran amillər ortaya qoyulmalıdır. Süd vəzi xərçənginin və bir çox digər xərçəngin inkişafında təsirli olan çoxsaylı ətraf mühit amilləri müəyyən edilmişdir. Lakin bu amillərlə yanaşı, bəzi irsi amillərin, müəyyən genlərdəki pozulmaların da təsirli olduğu bilinsə də, bu genlərin çox azı müəyyən edilə bilmişdir. Halbuki bu genlərin aşkarlanması əlaqəli olduqları xərçəng növlərinin qarşısının alınması və ya erkən diaqnozu üçün son dərəcə vacibdir. Çünki meylə səbəb olan genlər müəyyən edilərsə, bəzi testlərlə xərçəngə meyli olanlar əvvəldən müəyyən edilə və mümkün xərçəngləşmənin qarşısı alına bilər.
Süd vəzi xərçənginin inkişafında təsirli olduğu və süd vəzi xərçənginə meyli artırdığı məlum olan 2 gen var: BRCA1 və BRAC2. BRCA1 və BRCA2 mutasiya geni daşıyıcılığı məlum və ya şübhəli olan qadınlarda süd vəzi xərçəngi üçün yüksək risk var. BRCA1 və BRCA2 genləri hüceyrə DNT-sində meydana gələn zədələrin bərpasında rol oynayan genlərdir. Əgər BRCA1 və BRCA2 genlərində zədə yaranarsa, DNT bərpası kifayət qədər aparıla bilmədiyindən süd vəzi xərçənginin inkişaf riski artır. Həmçinin bu zədələnmiş genlər nəsillər boyu ana və atadan uşaqlara ötürülür. Buna görə zədələnmiş geni daşıyan birinin ailəsində də bu genin zədələnmiş olması və süd vəzi xərçəngi üçün yüksək risk daşıması mümkündür. Buna görə birinci dərəcəli qohumlarında süd vəzi və/və ya yumurtalıq xərçəngi (BRCA yumurtalıq xərçəngi ilə də əlaqəlidir) olanlarda da bu gendə zədə olub-olmadığı araşdırılmalı və zədə aşkar edilənlər nəzarətdə saxlanılaraq süd vəzi xərçəngi skrininqləri aparılmalıdır. Bu şəkildə bir çox xərçəngin hələ inkişaf etmədən qarşısı alına bilər. Ötən günlərdə dərc edilmiş, 8 ölkədən 14 alimin qatıldığı tədqiqatda PALB2 geninin də süd vəzi xərçənginə meyl ilə əlaqəli olduğu müəyyən edilmişdir.
Bu tədqiqatda PALB2 genində mutasiya olan 154 ailədən 362 insanın məlumatları incələnmiş və bu insanlarda süd vəzi xərçənginə tutulma riskinin daha yüksək olduğu aşkar edilmişdir. Tədqiqatda bu gen mutasiyası olan qadınlarda süd vəzi xərçənginə tutulma riski 40 yaşdan aşağı olanlar üçün 8 dəfə, 40-60 yaş arasında olanlar üçün 6-8 dəfə və 60 yaşdan yuxarı olanlar üçün 5 dəfə daha yüksək tapılmışdır. Mutasiya daşıyıcılarında ümumi süd vəzi xərçənginin inkişaf riski 50 yaşına qədər %14, 70 yaşına qədər isə %35 olaraq tapılmışdır. Həmçinin ailəsində süd vəzi xərçəngi xəstəsi olmayan, lakin mutasiyanı daşıyan qadınlarda xərçəngin inkişaf riski %33 nisbətində aşkar edildiyi halda, birinci dərəcəli qohumlarından ən azı 2 nəfərdə süd vəzi xərçəngi olanlarda bu risk göstəricisi %58-ə qədər artır.
Nəticə olaraq, BRCA genləri ilə yanaşı süd vəzi xərçənginə meyllə əlaqəli daha bir genin müəyyən edilməsi bu xərçəngin qarşısının alınması və erkən diaqnozu üçün çox mühüm inkişafdır. Hazırda bu tədqiqatın nəticələrini klinik tətbiqlərə keçirmək üçün mövcud elmi məlumatlar hələ yetkinləşməsə də, PALB2 gələcəkdə ailəsində süd vəzi xərçəngi tarixçəsi olanlarda yoxlanıla biləcək potensial genlər arasında yerini almışdır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.