Tibb, süni intellekt və qərar: pis məlumatlar yeni texnologiyaya zərbə vuracaqmı?

Milyonlarla kitabın olduğu bir kitabxanada gəzdiyinizi və vəzifənizin onların hamısını oxumaq olduğunu təsəvvür edin. Mümkün deyil, eləmi? Hər kitabın hər sözünü oxusanız belə, hamısını yadda saxlaya və ya qavraya bilməzsiniz – bütün həyatınızı buna həsr etsəniz belə.
Tutaq ki, necə olursa olsun, bütün bu məlumatları oxuyub hamısını anlaya bilən fövqəlgüclü beyniniz var. Amma yenə də bir probleminiz var. Bu kitabların nəyi əhatə etmədiyini bilmirsiniz – hansı suallara cavab verə bilmədiklərini, kimlərin təcrübələrini əks etdirmədiklərini bilmirsiniz.
Eyni şəkildə, bugünkü həkimlərin də hərtərəfli və diqqətlə araşdırmalı olduğu heyrətləndirici miqdarda məlumat var. Pulsuz biotibbi verilənlər bazası Pubmed-də 34 milyondan çox elmi məqalə vardır və bunlar yalnız resenziyalı jurnallarda nəşr olunan məqalələrdir. Xəstələrin qan nəticələrinin, tibbi və ailə tarixçələrinin, genetik vəziyyətlərinin və sosial-iqtisadi xüsusiyyətlərinin onlara necə təsir etdiyini əhatə edən, qeydə alınmamış milyardlarla əlavə məlumat mövcuddur.
Böyük sağlamlıq məlumatları üçün süni intellekt
Süni intellekt (Artificial Intelligence – AI) bu tibbi məlumat yığınının hamısından daha yaxşı və effektiv istifadə etməyə imkan verə bilər. Son vaxtlar ortaya çıxan süni intellekt modelləri böyük həcmdə məlumatları sürətli və dəqiq birləşdirə, xəstələrin mümkün nəticələrini proqnozlaşdıra, müalicələri və profilaktik yanaşmaları araşdırmaqda həkimlərə kömək edə bilər.
Proqnozlaşdırma alqoritmləri mükəmməl nəticələr vəd edir. Bəziləri patoloqlardan daha yüksək dəqiqliklə süd vəzi xərçəngi diaqnozu qoya bilir (baxın Rəqəmsal süd vəzi tomosintezi üçün süni intellekt texnologiyası FDA təsdiqi aldı). Həkimlərin xəstələrin tibbi tarixçələrinə daha tez baxmasını təmin edən və ya radioloji görüntüləri təhlil etmələrini yaxşılaşdıran başqa süni intellekt (YZ) alətləri artıq tibbi sahələrdə istifadə olunur.
Lakin tibbdə süni intellekt sahəsində bəzi mütəxəssislər faydaları aydın olsa da, daha az fərqində olduğumuz bir halın – həkimlərin qərarvermə prosesində süni intellektdən mənfi təsirlənməsinin – bu texnologiyalara zərbə vura biləcəyini irəli sürürlər. Əslində təsirlənmiş bu tibbi qərarlar xəstəyə qulluqda səmərəsiz, hətta təhlükəli qərarların verilməsinə səbəb ola bilər.
Bir xəstə qrupunda sınaqdan keçirilmiş süni intellekt modeli başqa xəstə qrupu üçün düzgün proqnoz verə bilərmi?
Əksər insanlar "təsirlənmiş tibbi qərarları" şəxsi, etnik və ya irqi qərəzlə əlaqələndirsələr də, ümumi təriflə təsirlənmiş qərar xüsusilə nəyinsə lehinə və ya əleyhinə olmaqla müəyyən istiqamətə meyletmədir. Əslində elmdə bu hala bias (qərəz, meyil, sapma) deyirik.
Statistik mənada bias məlumatların hədəflənmiş populyasiyanı (qrupu) tam və ya düzgün modelləşdirərək təmsil etmədiyi zaman yaranır. Bu, başlanğıcda zəif məlumatların olması və ya bir populyasiyadan əldə olunan məlumatların səhvən başqa populyasiyaya tətbiqi nəticəsində baş verə bilər.
Bias-ın hər iki növü – statistik və irqi/etnik – tibbi ədəbiyyatda vardır. Bəzi xəstə qrupları haqqında daha çox tədqiqat olsa da, digərləri üzrə işlər yetərsiz qalıb. Bu da belə bir sual doğurur: mövcud biliklərdən süni intellekt modelləri yaratsaq, köhnə problemləri yeni texnologiyaya ötürə bilərikmi?
Bu mövzuda Tufts Tibb Mərkəzinin Proqnozlaşdırıcı Analitika və Müqayisəli Effektivlik Mərkəzinin direktoru David M. Kent, “Bəli, bu, tam mənası ilə narahatlıq doğurur” deyir.
Kent və komandasının ürək-damar xəstəlikləri üzrə apardığı icmal tədqiqatında tədqiqatçılar 104 klinik proqnozlaşdırma modelini təhlil etdilər. Bu modellər ürək-damar xəstəliyinin proqnozlaşdırılmasında klinik qərarverməyə istiqamət vermək üçün hazırlanmışdı. Tədqiqatçılar əvvəllər düzgün işləyən modellərin yeni xəstə məlumat dəsti üzərində sınaqdan keçirildikdə də eyni şəkildə düzgün işləyib-işləmədiyini bilmək istəyirdilər.
Təəccüblü
Kent modellərin “insanların gözlədiyindən daha pis” olduğunu söyləyir. Onların yüksək riskli xəstələri aşağı riskli xəstələrdən ayırmaq qabiliyyəti həmişə olmur. Bəzən bu alətlərin xəstələrin xəstəlik riskini olduğundan yüksək və ya aşağı proqnozlaşdırdığı aşkar edildi. Narahatedici şəkildə, əksər modellər real klinik şəraitdə istifadə olunsaydı, zərər yetirmək potensialına malik idi.
Performansda zamanla artan bu cür fərqlər niyə var?
Kent, “proqnozlaşdırma modellərinin ümumiləşmə qabiliyyəti insanların düşündüyü qədər deyil” deyir. Model bir verilənlər bazasından digərinə keçirildikdə və ya nələrsə, yaxud bir məkan (şəhər kimi) zamanla (10 ildən 10 ilə) dəyişdikdə, bu fərqləri aşkar etməkdə uğursuz olur.
Bu, statistik olaraq təsirlənmiş qərarlar / bias yaradır. Nəticədə bu model yeni xəstə populyasiyası ilə artıq işləyə bilmir.
Kent bunun əlbəttə ki, süni intellektin səhiyyədə istifadə edilməməli olduğu demək olmadığını söyləyir. Lakin bu, insan rəyinin niyə çox mühüm olduğunu göstərir. “Bu tədqiqat bu modellərin xüsusilə pis olduğunu göstərmir. Mütləq riski proqnozlaşdırmağa çalışan modellərin ümumi qiymətləndirilməsini vurğulayır. Modellərə daha yaxşı nəzarət edilməsinin və onların yenilənməsinin zəruriliyini göstərir.”
Bununla belə, tədqiqatçıların standartlaşdırılmış prosesin faydaları barədə müzakirə olan yeni məqalədə xəbərdar etdikləri kimi, insan nəzarətinin belə məhdudiyyətləri vardır. Tədqiqatçılar bir növ sərhəd olmadan yalnız araşdırmağı düşündüyümüz təsirlənmiş qərarı tapa biləcəyimizi bildirirlər. Yenə də nə bildiyimizi bilmirik.
Qara qutudakı bias
İrq fiziki, davranış və mədəni simvolların qarışığıdır. Sağlamlıqda əsas dəyişəndir. Lakin irq mürəkkəb anlayışdır və proqnozlaşdırma alqoritmlərində istifadə edildikdə problemlər yarada bilər. İrqi qruplar arasında sağlamlıq baxımından fərqlər olsa da, bir qrupdakı bütün insanlar eyni sağlamlıq nəticəsinə malik olacaqmış kimi qiymətləndirilə bilməz.
Harvard Universitetinin mədəniyyət və tibb professoru və Hidden in Plain Sight – Reconsidering the Use of Race Correction in Algorithms əsərinin həmmüəllifi David S. Jones, “bu alətlərin bir çoxu (analoq alqoritmlər) səhiyyə resurslarını ağdərili insanlara yönəldirmiş kimi görünür” dedi. Eyni vaxtlarda tədqiqatçılar Ziad Obermeyer və Eric Topol YZ alətlərində oxşar təsirlənmiş qərarlar aşkar etdilər.
Xəstələrin müalicəsinə təsir edən klinik tədqiqatlarda müxtəlifliyin olmaması uzun müddətdir narahatlıq doğurur. Jones bildirir ki, hazırda digər bir narahatlıq bu tədqiqatların proqnozlaşdırma modelləri yaratmaq üçün istifadəsinin həmin təsirlənmiş qərarları davam etdirməklə yanaşı, onları daha qeyri-müəyyən və aşkar edilməsini çətin hala gətirməsidir.
Süni intellekt yaranmazdan əvvəl analoq alqoritmlər yeganə klinik seçimlər idi. Bu cür proqnozlaşdırma modelləri avtomatik deyil, qaydalara əsaslanan hesablamalar aparır.
“Analoq modellərdən istifadə edildikdə insan məlumatlara asanlıqla baxa və irq kimi hansı xəstə məlumatlarının daxil edilib-edilmədiyini tam görə bilər.”
İndi maşın öyrənməsi alətləri ilə alqoritmlər xüsusi mülkiyyət ola bilər – yəni məlumatlar istifadəçidən gizlədilə və dəyişdirilə bilməz. Qara qutu. Səhiyyə işçisi olan istifadəçi hansı xəstə məlumatlarının daxil edildiyini və ya bu məlumatların süni intellektin tövsiyələrinə necə təsir edə biləcəyini bilməyə bilər.
Jones, “Tibbdə irqdən istifadə ediriksə, istifadənin uyğun olub-olmadığını anlaya və məntiqli qərarlar verə bilməyimiz üçün tam şəffaflıq olmalıdır. Cavablandırılmalı suallar bunlardır: zərər vermədən faydalı olmaq üçün irq etiketləri necə və harada istifadə edilməlidir?” deyir.
Müalicə qərarları üçün süni intellektdən narahat olmalıyıqmı?
Süni intellekt tədqiqatlarında sanki partlayış yaşanmasına baxmayaraq, klinik qərarlar üçün hazırlanmış süni intellekt modellərinin əksəriyyəti hələ real həyata uyğunlaşdırılmayıb.
Mütəxəssislər səhiyyədə, xüsusilə süni intellektin tibbi qərarlara dəstək verməsində problemlərin olduğu və bu qərar dəstək alətləri geniş istifadəyə təqdim edilməzdən əvvəl həmin problemlərin həll edilməli olduğu barədə həmfikirdirlər.
Əsl təhlükə, yaxşı investisiya gəliri üçün təzyiq altında olan proqnozlaşdırma modelləri hazırlayan yeni şirkətlərə külli miqdarda pul yatırılmasıdır. Bu, hazır olmayan və ya kifayət qədər sınaqdan keçirilməmiş modelləri yaymaq üçün maraq toqquşmaları yarada bilər və nəticədə müalicə keyfiyyətini yaxşılaşdırmaq əvəzinə daha da pisləşdirə bilər. IBM Watson-un uğursuzluğu bunun ən yaxşı nümunələrindən biridir (baxın RƏQƏMSAL SAĞLAMLIQ niyə MƏYUSLUQ yaratdı və bunu necə düzəltmək olar?)
Nəticə olaraq, süni intellekt modellərinin / alətlərinin səhiyyədə istifadəsi üçün standartlaşdırma və nəzarət yaradılmalı, xəstələri müalicə edən qurumlar arasında ünsiyyət yaxşılaşdırılmalıdır. Lakin bütün bunların necə edilməli olduğu hələ müzakirəyə açıqdır.
Mənbələr
2. David M. Kent, MD, CM, MS, director of the Predictive Analytics and Comparative Effectiveness Center at Tufts Medical Center
3. David S. Jones, M.D., Ph.D., professor of Culture and Medicine at Harvard University
4. JAMA. (2017). Diagnostic assessment of deep learning algorithms for detection of lymph node metastases in women with breast cancer. doi:10.1001/jama.2017.14585
5. Circulation: Cardiovascular Quality and Outcomes (2022). Generalizability of cardiovascular disease clinical prediction models: 158 independent external validations of 104 unique models. https://doi.org/10.1161/CIRCOUTCOMES.121.008487
6. ACM Digital Library (2021). MedKnowts: Unified documentation and information retrieval for electronic health records. https://doi.org/10.1145/3472749.3474814
7. Lancet (2021). Artificial intelligence, bias, and patients' perspectives. https://doi.org/10.1016/S0140-6736(21)01152-1
8. The Lancet Digital Health (2020). Artificial intelligence in medical imaging: switching form radiographic pathological data to clinically meaningful endpoints. https://doi.org/10.1016/S2589-7500(20)30160-6
9. The New England Journal of Medicine (2020). Hidden in plain sight-reconsidering the use of race correction in clinical algorithms. DOI: 10.1056/NEJMms2004740
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.