Uzun müddət mobil telefon istifadəsi beyin xərçəngi riskini artırırmı?

Mobil telefon danışıqlarında qulaqcıq istifadə etmək, zəng cavablandırılana qədər telefonu qulağımıza aparmadan əlimizdə saxlamaq, istifadə edəcəyimiz telefonları seçərkən telefonun radiotezlik dalğası yayma dərəcəsinə diqqət etmək, yatarkən telefonu yastığın altına qoymamaq kimi kiçik tədbirlər görərək beyin xərçəngi riskini azaltmaq mümkündür.
Mobil telefonlardan yayılan radiotezlik dalğalarının xərçəng riski ilə əlaqəsi indiyədək davamlı müzakirə olunan, lakin qəti şəkildə aydınlaşdırılmamış mühüm mövzudur. Sözügedən əlaqənin əsası mobil telefonlardan yayılan elektromaqnit radiotezlik dalğalarıdır. Bu dalğalar bildiyimiz radiasiya dalğalarının nisbətən aşağı tezlikli formalarıdır. Aparılan bəzi tədqiqatlara görə bu aşağı tezlikli dalğalar insan bədəninə zərər verə biləcək gücdə deyil və buna görə mobil telefonların xərçəng riski ilə əlaqəsi yoxdur. Lakin bu tədqiqatlarda istifadə edilən xəstə sayları və izləmə müddətləri yetərsiz olduğuna görə bu əlaqə qəti şəkildə rədd edilə bilmir. Belə ki, bəzi tədqiqatlarda mobil telefonlar vasitəsilə uzun müddət radiotezlik dalğalarına məruzqalmanın beyin xərçəngi (qlioma) riskini artıra biləcəyi iddia edilmişdir.
Qliomalar beyində neyronlara dəstək vəzifəsi görən, qliya adlanan hüceyrələrdə yaranan şişlərdir və ən çox rast gəlinən beyin şişləridir. Beyində tutulmanın dərəcəsinə və nahiyəsinə görə çox ciddi təsirlərə səbəb ola bilər. Ötən günlərdə dərc edilmiş əhatəli bir tədqiqatda da uzun müddət və erkən yaşlarda mobil telefon istifadəsi ilə beyin xərçəngi (qlioma) əlaqəsi araşdırılmışdır.
Bu tədqiqatda təxminən 1500 beyin xərçəngi xəstəsi və 3500 sağlam insan müntəzəm görüşlərlə qiymətləndirilmiş və izlənmişdir. Nəticədə 25 ildən daha uzun müddət mobil telefon istifadə edənlərdə daha az istifadə edənlərlə müqayisədə daha çox beyin xərçəngi olduğu görülmüşdür. Bununla yanaşı, telefonla danışarkən tez-tez istifadə olunan qulağın olduğu tərəfdə beynin daha çox təsirləndiyi müəyyən edilmişdir. Həmçinin xüsusilə 20 yaşından əvvəl mobil telefon istifadə etməyə başlayanlarda beyin xərçənginin inkişaf riskinin daha yüksək olduğu görülmüşdür. Çünki kəllə sümüklərinin daha kiçik və nazik olması, beyinlərinin daha keçirici olması və beyin inkişafının hələ davam etməsi səbəbindən kiçik yaşlarda beyin radiotezlik dalğalarından daha çox təsirlənə bilər.
Nəticə olaraq, hələ qəti şəkildə ortaya qoyulmasa da, mobil telefonlardan yayılan radiotezlik dalğalarının beyin xərçəngi riskini artıra bilməsi mümkündür. Əlbəttə, təmin etdiyi rahatlıqlarla həyatımızın ən vazkeçilməz vasitələrindən olan mobil telefonların istifadə edilməməli olduğunu söyləmək olduqca qeyri-real yanaşma olardı. Lakin ən azı telefon danışıqlarında qulaqcıq istifadə etmək, zəng cavablandırılana qədər telefonu qulağımıza aparmadan əlimizdə saxlamaq, istifadə edəcəyimiz telefonları seçərkən SAR göstəricisinə (telefonun radiotezlik dalğası yayma dərəcəsi) də diqqət etmək, yatarkən telefonu yastığın altına qoymamaq kimi kiçik tədbirlər görərək telefonun bu təsirlərini minimuma endirmək mümkündür. Bununla yanaşı, bu tədqiqat böyük ölçüdə göstərir ki, uşaqlar mobil telefonların bu təsirindən daha çox zərər görürlər. Buna görə uşaqlarımızı hələ çox kiçik yaşlarda mobil telefonlarla tanış etməzdən əvvəl onların beyin xərçəngi riskini artıracağımızı bilməyimizdə fayda var.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.