Xərçəng mifləri - 5: Xərçəng irsi xəstəlikdirmi? Dezodorantlar və saç boyaları xərçəng yaradırmı?

"Xərçəng haqqında doğru bilinən yanlışlar" yazılarımızın sonuncusunda ailəvi xərçəng hallarına, dezodorant və saç boyalarının xərçəng riski ilə əlaqəsinə toxunduq.
Ailəmdə xərçəng olubsa, mən də xərçəng olacağam?
Ailənizdə xərçəng olması sizdə mütləq xərçəng inkişaf edəcəyi demək deyil. Genlərdəki zərərli dəyişikliklər (mutasiya) xərçəng yaradır. Lakin ailədən irsən keçən zərərli mutasiyalar xərçənglərin yalnız təxminən %5-10-na səbəb olur. İrsi mutasiyalı ailələrdə bir neçə insanda eyni xərçəng növünün inkişafı tez-tez görülür. Bu xərçənglər ailəvi və ya irsi xərçəng adlanır.
İstər irsi, istər siqaret, piylənmə və ya infeksiya kimi mühit səbəblərindən yaransın, xərçəng genetik xəstəlikdir. Yəni yaranması üçün genetik dəyişikliklər (mutasiya) lazımdır. Çoxu yaşlanma və həyat boyunca məruz qaldığımız müxtəlif mühit amilləri ilə inkişaf edir. Bu xərçənglər irsi olmayan və ya öz-özünə yaranan xərçəng adlanır.
Ailəmdə heç kimdə xərçəng yoxdursa, bu, mənim də xərçəng olmayacağım deməkdirmi?
Xeyr. Son illərin məlumatları qadın və kişilərin təxminən %40-nın həyatının bir dövründə xərçəng olacağını göstərir. Genetik dəyişiklikdən yaranan xərçənglərin çoxu yaşlanma və həyat boyunca müxtəlif mühit amillərinə (siqaret, piylənmə, oturaq həyat, viruslar, alkoqol, günəş şüaları, ətraf mühit radiasiyası və radon kimi) məruzqalma ilə inkişaf edir. Nə yediyiniz, nə qədər yediyiniz və idman edib-etmədiyiniz kimi amillər də xərçəng riskinə təsir edir.
Tərləmə əleyhinə məhsullar və ya dezodorantlar süd vəzi xərçəngi yaradırmı?
Xeyr. Araşdırmalar tərləmə əleyhinə məhsul və dezodorantlardakı kimyəvi maddələrin xərçəng yaratdığına dair hələ heç bir sübut əldə etməmişdir.
Saç boyası istifadə etmək xərçəng riskini artırırmı?
Araşdırmalarda saç boyasının xərçəng riskini artırdığına dair inandırıcı sübut yoxdur. Lakin bəzi tədqiqatlar çoxlu saç boyası və kimyəvi məhsula müntəzəm məruz qalan bərbər və saç ustalarında sidik kisəsi xərçəngi riskinin yüksək ola biləcəyini irəli sürür.
Mənbələr
Causes and Prevention, Risk Factors
https://www.cancer.gov/about-cancer/causes-prevention/risk/myths
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.