Xərçəng xəstəsi üçün yeni sənət terapiyası resepti: biblioterapiya

Kitablar, filmlər və gündəlik yazmağın köməyi ilə xərçəng müalicəsi zamanı və sonrasında problemlərin öhdəsindən gəlmək...
Biblioterapiya nədir?
Biblioterapiya, hekayə danışmağı və ya mətnlərin oxunmasını əhatə edən, şəfa məqsədilə istifadə olunan yaradıcı sənət terapiyası üsuludur. Biblioterapiya adətən yazı terapiyası ilə birləşdirilir. Özünəyardım kimi də təsvir olunan biblioterapiya müxtəlif psixi sağlamlıq problemlərini həll etmək üçün oxumaqdan istifadəni əhatə edir. Bəzən yazıçı fikri problemdən uzaqlaşdıraraq, insanı tam başqa dünyaya apararaq fərqli baxışlarla kömək edir. Xüsusilə bədii kitablar təxəyyülü inkişaf etdirir; eyni zamanda başqalarının da oxşar hallar yaşadığını xatırlatmaqda mühüm yer tutur. Oxu kursu adlandıra biləcəyimiz biblioterapiyanın başlanğıc nöqtəsi budur.
Psixi və fiziki xəstəliklərin müalicəsində yaradıcı yazı, şeir kimi yazılı mənbələrin sistemli istifadəsi Avropada 18-ci əsrin sonlarında başlamışdır.
Yunanca «biblio» sözü kitab deməkdir və «terapiya» sözü ilə birləşdirilmişdir. Müalicədə istifadə edilən oxuma prosesi biblioterapiya adlandırılmışdır. Psixiatriyada istifadəsi tövsiyə edilmiş, xüsusilə oxuma psixoterapiyanın bir hissəsi sayılmışdır.
- Biblioterapiyanın əsas mərhələləri ümumilikdə: məlumat vermək, daxili anlayış qazandırmaq, problemləri müzakirəyə təşviq etmək, yeni dəyərlər və münasibətlər müəyyənləşdirmək, başqa insanların da oxşar problemləri olduğunu dərk etdirmək və problemlərə real həllər təklif etmək şəklində davam edir.
- Proses 4 əsas mərhələdən keçir: müəyyənləşdirmə, seçim, təqdimat və izləmə. İlk iki mərhələdə insanların ehtiyacları müəyyənləşdirilməli və problemlərinə uyğun kitablar seçilməlidir. Kitablar yanlış ümid yaratmadan problem barədə düzgün məlumat verməli olduğundan seçim vacibdir. Həyatın çətinlikləri ilə mübarizədə dəstək üçün düzgün kitabları oxumaq mühümdür. Oxuma analitik düşüncəni inkişaf etdirərək düşüncə qəliblərini daha yaxşı ayırd etməyə imkan verir. Kitabların emosional pozuntulara çarə olması fikri düşünüldüyü qədər yeni deyil. Qədim yunanlar kitabxana qapılarındakı lövhələrlə oxuculara buranın ruh üçün şəfa yeri olduğunu bildirirdilər.
Biblioterapiyanın təəccüblü faydalarını göstərən tədqiqatlar
Biblioterapiyanın xərçəng diaqnozu qoyulmuş şəxslərdə təşviş və depressiyanı azaltdığı, çətinliklərin öhdəsindən gəlmə gücünü artırdığı göstərilmişdir. Kitablar təhlükəsiz sığınacaq və ya müsbət diqqətyayındırıcı olaraq məmnunluq verən fasilədir. Onlar məlumat, rahatlıq və daxili anlayış verir.
2014-cü ildə Tətbiqi Sosial Psixologiya Jurnalında dərc olunan tədqiqat İngiltərə və İtaliyada hekayə oxumağın mənfi münasibətləri yaxşılaşdırmaq üçün güclü strategiya olduğunu göstərir. Harry Potter oxumaqla uzunmüddətli təmasın damğalanmış qruplara (miqrantlar, homoseksuallar, qaçqınlar) münasibəti yaxşılaşdırıb-yaxşılaşdırmadığını sınamaq üçün üç araşdırma aparılmışdır. İtaliya və Birləşmiş Krallıqdakı ibtidai, orta məktəb və universitet tələbələrinin iki kəsik tədqiqatının nəticələri əsas fərziyyəni dəstəkləmiş, empatiya bacarıqlarını artırmış və qərəzləri azaltmışdır.
Ohio State Universitetində 2012-ci ildə tədqiqatçılar bədii hekayə oxuyarkən personajın duyğularını, düşüncələrini, inanclarını və daxili reaksiyalarını özününkü kimi hiss edən insanlara təsiri araşdırmışlar. Uyğun şəraitdə təcrübə qazanmağın oxucunun həyatında həqiqi dəyişiklik yarada bildiyini göstərmişlər. Səsvermə maneələrini aşan bədii personajla güclü eyniləşən iştirakçıların real seçkidə səs vermə ehtimalı daha yüksək olmuşdur. Beləliklə, bu prosesdə oxucu davranışının dəyişə bildiyi aşkar edilmişdir.
Biblioterapiya üçün kitablar
ABŞ-da həm üzbəüz, həm də virtual xərçəng yönümlü kitab klubları var. Məsələn: Cactus Cancer Society (Kaktus Xərçəng Cəmiyyəti), Surviving Breast Cancer’s Breast Cancer Book Club (Döş xərçəngindən sağ çıxanların döş xərçəngi kitab klubu) və Above + Beyond Cancer Book Club (Xərçəngdən əvvəl və sonra kitab klubu).
Bu kitabxanalar müalicə zamanı və sonrasında xəstələrə xərçənglə əlaqəsiz ortaq maraqlara yönəlməklə yanaşı oxşar təcrübə yaşayan insanlarla da əlaqə qurmaq üçün mühit yaradır.
Pittsburq Carnegie Kitabxanası belə kitabxanalardandır. Müxtəlif mövzulu kitablar da siyahıya alınır. Yaradıcı biblioterapiya psixoloji rifahı yaxşılaşdırmaq üçün bədii ədəbiyyatdan (roman, qısa hekayə, şeir, pyes və bioqrafiya) istifadə edir. Diqqətlə seçilmiş əsərlərin daxil edilməsi ilə terapevtlər çox vaxt müalicə alanları özünü kəşf səyahətində yönləndirə bilirlər.
İnsanlar personajla eyniləşdikdə, bunun nəticəsində emosional katarsis (sənət vasitəsilə emosional rahatlama) yaşadıqda və sonra öz həyat təcrübələri barədə anlayış qazandıqda bu üsul çox faydalıdır. Adətən daha ənənəvi terapiyanın əvəzinə tövsiyə edilməsə də, müalicə alanlar və almaq istəyənlər tərəfindən tez-tez istifadə olunur. Peşəkar psixi sağlamlıq müalicəsi üçün altı aya qədər gözləməyin mümkün olduğu ABŞ-da, təcili yardıma ehtiyacı olmayanlar üçün biblioterapiya müalicənin ilk addımı sayılır.
Oxuma özünüdərki və özünəhörməti artırmaqla, inkişaf böhranlarının öhdəsindən gəlməyə kömək etməklə bütün yaşlarda fayda verə bilər. Tədqiqatlar, depressiya, yüngül alkoqol sui-istifadəsi, təşviş, qidalanma pozuntuları və ünsiyyət problemlərinin müalicəsində faydalı ola bilən terapiya kimi oxumağı göstərir.
Müalicə zamanı kitab təqdim etmək və ya tövsiyə etmək biblioterapiyanın faydalarını xəstələrlə bölüşməyin uyğun yoludur. Xərçəngə xas və/və ya keçid, itki və özünü əks etdirmə kimi mövzulara aid bəzi nümunələr:
- İki krallıq arasında: yarımçıq qalmış hekayə (Between Two Kingdoms: A Memoir of A Life Interrupted, Suleika Jaouad)
- Əlləri olmayan qız (The Choice: Embrace the Possible, Edith Eva Eger)
- Özünə şəfqət: özünə mehriban olmağın sübut edilmiş gücü (Self-Compassion: The Proven Power of Being Kind to Yourself Paperbacks, Kristin Neff)
- Hər şey dağılanda: çətin dövrlər üçün ürəkdən məsləhətlər (When Things Fall Apart: Heart Advice for Difficult Times, Pema Chödrön)
- Yanınızdakı müdriklik: sağaldan hekayələr (Kitchen Table Wisdom: Stories That Heal, Rachel Naomi Remen)
- Gecəyarısı kitabxanası (The Midnight Library, Matt Haig)
Biblioterapiya üçün filmlər
Araşdırma məlumatlarına görə film izləməyin də xərçəng xəstələrinin rifahına müsbət təsir göstərə biləcəyi düşünülür. Xəstəni diqqəti cəmləşdirən xoş təcrübəyə cəlb etməklə film müsbət diqqətyayındırma təmin edə bilər. Filmlər həm də yumor, ilham və nostalji rahatlığı verir. Kimyaterapiya zamanı film izləmək müalicənin yan təsirlərini azaltmağa kömək edə bilər.
Biblioterapiya üçün ifadəli yazılar
Gündəlik tutmaq və ifadəli yazılar yazmaq xəstələrə dilə gətirməkdə çətinlik çəkdikləri duyğuları təhlükəsiz şəkildə ifadə etməyə imkan verir. Yazılı qeyd yaratmaq onlara öz hekayələrinin müəllifi olmaq imkanı verir. Xərçəng təcrübələrini yazmaq ağrının azalmasına da kömək edə bilər. Həyatın müsbət və ya dəyərli tərəfləri barədə yazmaq xəstələrin fiziki simptomlarının azalması ilə əlaqələndirilir.
İfadəli yazılar üçün faydalı məlumat və qısa yazılar olan kitab tövsiyələri:
- Özünə səyahət: şəxsi inkişaf üçün iyirmi iki yol (Journal to the Self: Twenty-two Paths to Personal Growth, Kathleen Adams)
- Sənət terapiyası ilə sağalmaq (The Creative Journal: The Art of Finding Yourself, Lucia Capacchione)
- Şəfa üçün yazmaq: hekayələrimizi danışmaq həyatımızı necə dəyişdirir (Writing as a Way of Healing: How Telling Our Stories Transforms Our Lives, Louise Desalvo)
- Danışmalı olduğun hekayə: travma, xəstəlik və ya itkidən sağalmaq üçün yazmaq (The Story You Need to Tell: Writing to Heal from Trauma, Illness, or Loss Sandra Marinella)
- Yazaraq açılmaq: ifadəli yazılar emosional ağrını necə sağaldır və yüngülləşdirir (Opening Up by Writing it Down: How Expressive Writing Improves Health and Eases Emotional Pain, James W. Pennebaker və Joshua M. Smyth)
Xərçəng xəstələri üçün dəstək mənbələri və proqramlar
CancerCare xəstələr və ailələri üçün dəstək mənbələri və proqramlar təqdim edir. Müalicə alan və ya müalicəni tamamlayan daha yaşlı insanlar CancerCare vasitəsilə kitab klubları və film müzakirə qruplarına qoşula bilərlər. Geniş seçilmiş materiallar ictimai kitabxanalarda mövcuddur; ailə, çətin seçimlər və gözlənilməz hallardan keçmək kimi ümumi mövzulara yönələn geniş tətbiqi əhatə edir. Qrup müzakirələrini sosial işçilər asanlaşdırır; iştirakçılar müzakirə ilə bağlı anlayışlarını və şəxsi əlaqələrini bölüşməyə dəvət olunur.
Təşkilat həmçinin Sözlərlə sağalmaq (Healing with Words) adlı onlayn terapevtik yazı qrupu təqdim edir. Mesaj lövhələri həftəlik oxu tapşırıqları və qısa yazılar verən sosial işçilər tərəfindən təşkil olunur.
Oxumaq istirahətin ən yaxşı yolu ola bilərmi?
Nəhayət, Sussex Universitetində aparılan araşdırmada; oxumaq istirahətin ən yaxşı yoludur. Hər hansı kitabı oxumağa başlayanların cəmi altı dəqiqə sonra stresinin % 68-ə qədər azaldığı görüldü. Yəni altı dəqiqə oxumaq belə bir çox başqa fəaliyyətdən daha təsirli rahatlama kimi göstərildi. Düzgün kitabla keçirilən vaxt çox keyfiyyətlidir. İncinmiş, yorğun, kədərli, çarəsiz, həyatda itmiş və ya karyerada sıxılmış hiss edirsinizsə, özünüzə resept yazın: oxuyun.
Əlaqəli mövzu:
Mənbələr
the Right Time. Fastback 151. Phi Delta Kappa Educational Foundation, Bloomington, IN.
2. Loris Vezzali vd.; The greatest magic of Harry Potter: Reducing prejudice. University of Verona, 23 July 2014, Journal of Applied Social Psychology.
3. İLTER, B. (2015). Bibliyoterapi Tekniğinin Üstün Yetenekli Çocukların Mükemmeliyetçilik Düzeylerine Etkisi, Fatih Sultan Mehmet Üniversitesi, İstanbul.
4. Anderson, H. (2015, January 6). Bibliotherapy: can you read yourself happy? Retrieved from http://www.bbc.com/culture/story/20150106-can-you-read-yourself-happy
5. 'Losing Yourself' In A Fictional Character Can Affect Your Real Life – 6 May 2012, Ohio State Research and Innovation Communications, Ohio State University, Ohio State News
6. Tennenhaus S. (2022). Books, Movies, and Journaling Aid Coping During, After Cancer Treatment. Cancer Therapy Advisor: https://www.cancertherapyadvisor.com/home/cancer-topics/general-oncology/books-movies-journal-aid-coping-cancer-treatment-risk/
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.