Xərçəngdə ümumi sağqalma (Overall Survival, OS) nədir və niyə vacibdir?

Bu məqalədə
Xərçəngdə ümumi sağqalma (Overall Survival, OS) nədir?
Klinik tədqiqatın uğurunu, müalicənin həqiqətən ömür müddətinə töhfə verib-vermədiyini göstərən ən əsas meyar: Ümumi sağqalma (OS).
Tərif: Ümumi sağqalma xərçəng xəstəsinin müalicəyə başladığı tarixdən istənilən səbəbdən ölümünə qədər keçən müddəti ifadə edir. Bu meyar müalicənin xəstələrin həqiqi ömür müddətinə nə qədər töhfə verdiyini ən düzgün şəkildə əks etdirir və onkoloji klinik tədqiqatlarda qızıl standart sonlanma göstəricisi sayılır.
📰 Yeni xəbər: FDA “ümumi sağqalma”ya yenidən üstünlük verir
2025-ci ilin oktyabrında The Lancet Oncology jurnalında dərc olunan şərh yazısında (Stevens SX, Teuwen LA, Gyawali B. Overall survival assessment in cancer drug trials: a luxury or a necessity?) diqqətçəkən bir yenilik paylaşılıb. Yazıda ABŞ Qida və Dərman Administrasiyasının (FDA) 2025-ci ilin avqustunda dərc etdiyi yeni təlimatda bu ifadənin yer aldığı bildirilib:
“Mümkün olduqda əsas sonlanma göstəricisi kimi ümumi sağqalmaya üstünlük verilməlidir.” — FDA təlimat layihəsi, avqust 2025
Yəni FDA artıq açıq deyir: “Xərçəng dərmanının faydasını təsdiqləmək üçün ən etibarlı klinik sonlanma göstəricisi ümumi sağqalmadır.” Bu vurğu son illərdə yalnız aralıq sonlanma göstəricilərinə (məsələn, şişin kiçilməsi və ya PFS) əsasən təsdiqlənən dərmanlara münasibətdə mühüm istiqamət dəyişikliyini göstərir.
Məqalə müəlliflərindən Dr. Bishal Gyawali, bu dönüşü “xərçəngin müalicəsində əsas məqsədin həyatı sadəcə uzatmaq deyil, mənalı şəkildə yaxşılaşdırmaq olduğunu xatırladan bir xəbərdarlıq” kimi səciyyələndirir.
Niyə bu qədər vacibdir?
Xərçəngin müalicəsində məqsəd təkcə şişləri kiçiltmək deyil, xəstənin ömür müddətini və həyat keyfiyyətini artırmaqdır. Buna görə də “Ümumi sağqalma (Overall Survival, OS)”, onkologiyada “qızıl standart sonlanma göstəricisi” sayılır. Sadə desək, OS xəstənin müalicəyə başladıqdan sonra ölümünə qədər keçən müddəti ifadə edir.
Bu meyar bütün müalicə xətlərini, dəstəkləyici müalicələri və xəstəliyin bioloji davranışını əhatə etdiyi üçün müalicənin həqiqi həyata təsirini ən düzgün şəkildə əks etdirir.
Ümumi sağqalma necə ölçülür?
- Qəbul edilən başlanğıc nöqtəsi: Adətən randomizasiya (tədqiqata daxil edilmə) və ya müalicəyə başlama tarixidir.
- Son nöqtə: İstənilən səbəbdən ölüm tarixidir (xərçəng və ya başqa səbəb olmasının fərqi yoxdur).
- Median OS: Tədqiqatdakı xəstələrin yarısının öldüyü vaxta uyğun gəlir. Məsələn, “Median OS: 24 ay” xəstələrin %50-sinin 24 ay ərzində vəfat etdiyi, %50-sinin isə daha uzun yaşadığı deməkdir.
Bu müddət adətən Kaplan–Meier əyriləri ilə göstərilir və qruplar arasındakı fərq statistik olaraq Log-rank testi və ya hazard nisbəti (HR) ilə ifadə olunur.
Ümumi sağqalma (OS) ilə proqressiyasız sağqalma (PFS) arasındakı fərq
Klinik tədqiqatlarda çox vaxt həm OS həm də PFS (proqressiyasız sağqalma) qiymətləndirilir. PFS şişin böyüməsinə və ya yeni metastazın yaranmasına qədər keçən müddəti ölçür, OS isə xəstənin ömür müddətinə yönəlir.
| Anlayış | Tərif | Üstünlük | Çatışmazlıq |
|---|---|---|---|
| OS | Müalicənin başlanmasından ölümə qədər keçən müddət | Yekun ömür faydasını göstərir | Uzun izləmə müddəti tələb edir |
| PFS | Proqressiya və ya ölüm olmadan keçən müddət | Daha erkən nəticə verir | Ömür müddətinə birbaşa əks olunmur |
Məsələn, bir tədqiqatda yeni müalicə PFS-i 8 aydan 12 aya çatdırır lakin OS fərqi yaratmırsa, bu, müalicənin xəstəliyin irəliləməsini yavaşıtdığı, amma ömrü uzatmadığı deməkdir.
Klinik tədqiqatlarda OS-in rolu
FDA və EMA kimi tənzimləyici qurumlar onkoloji dərmanların təsdiqində OS artımını ən güclü sübut sayırlar. Lakin bəzi hallarda, xüsusilə immunoterapiya və ya hədəfli preparatlarda OS fərqi gec üzə çıxa bilər.
- İmmunoterapiyalar: Başlanğıcda fərq yaratmasa da, uzunmüddətli dövrdə "sağqalma quyruğu" yarada bilər (məsələn, əyrilər 3 ildən sonra ayrılır).
- Hədəfli müalicələr: PFS qazancı erkən görünür, lakin davamlılığın yaranması OS fərqini aradan qaldıra bilər.
- Kombinə müalicələr: Həm erkən, həm də uzunmüddətli fayda verə bilər (məsələn, KEYNOTE-B96 tədqiqatı).
Gələcəyə baxış: OS-i necə daha erkən proqnozlaşdıra bilərik?
Müasir onkologiyada artıq OS məlumatlarını gözləmək əvəzinə erkən biomarkerlərlə bu nəticəni proqnozlaşdırmağa çalışırıq. Məsələn:
- ctDNA-nın təmizlənməsi: Minimal qalıq xəstəliyin yox olması OS artımının erkən xəbərçisi ola bilər.
- T-hüceyrə aktivləşməsinin molekulyar izləri: İmmun sisteminin cavab gücü uzunmüddətli sağqalmanı proqnozlaşdıra bilər.
- Real həyat məlumatları (RWD): Klinik tədqiqatlardakı OS nəticələrini tamamlayaraq daha geniş əhali qruplarını təmsil edir.
Gələcəkdə OS yalnız “neçə ay yaşadı?” deyil, “necə yaşadı, necə cavab verdi və kim daha çox faydalandı?” suallarının cavabını da əhatə edən çoxölçülü meyara çevriləcək.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.