Xərçəngə uyğunlaşmaq və ya uyğunlaşa bilməmək...

“Zamanın dayandığı an: xərçəng diaqnozu almaq” başlıqlı əvvəlki yazımızda insanın xərçəng diaqnozu aldığı andan hansı emosional və düşüncə proseslərindən keçə biləcəyini qeyd etmiş, bu proseslərin demək olar hamısının “təbii və gözlənilən” olduğunu vurğulamışdıq. Bu dövrlərin insanın həyatını ciddi pozmadıqca və ya özünə zərər verəcək, müalicəsinə mane olacaq səviyyəyə çatmadıqca müdaxiləsiz öz-özünə həll oluna bildiyini bildirmişdik. Bugünkü yazımızda xəstəliyə və gətirdiyi yeni uyğunlaşma prosesinə, uyğunlaşma olmadıqda müşahidə oluna biləcək psixi dəyişikliklərə toxunacağıq.
Uyğunlaşma prosesi
Bu prosesi ümumən xərçəng xəstəliyini həyatınızdan “apardıqları” və çoxu xoş olmayan, sıxıntı verən, həyatımıza “gətirdikləri” ilə qəbul edərək yola davam edə bilmək prosesi kimi təsvir edə bilərik. Hər insanda fərqli gedən bu prosesdə bütün xəstələrimizə uyğun yolçuluqdan və ya edilməli işlər siyahısından danışmaq doğru olmaz. Çünki bilirik ki, hər xəstəmiz xəstəliyə uyğunlaşmağın özünəməxsus yolunu tapacaq. Amma yenə də xəstəliyə və nisbətən yeni həyata uyğunlaşmanı nələrin asanlaşdıra biləcəyinə toxunmaq istəyirik. Aşağıdakı tövsiyələr həm xəstələrimizə, həm də yaxınlarına aiddir.

1. Xərçənginiz və müalicəsi barədə düzgün və etibarlı məlumat əldə etmək
Hər yeni şey kimi xəstəliyə də uyğunlaşa bilmək üçün əvvəlcə nə ilə qarşılaşdığımızı bilməliyik. Bu prosesdə hər kəsin yaşına və sosial-mədəni səviyyəsinə uyğun düzgün məlumat əldə etməsi zəruridir. Çünki xəstəliyi və müalicə prosesini anlamaq onun və qismən nəzarətinizdən çıxmış görünən həyatınızın üzərində nəzarətinizi artıracaq. Bilirik ki, diaqnoz qoyulan andan ağlınıza onlarla sual gələcək. İlk ağla gələnlərin bəziləri yəqin ki, bunlar olacaq.
- Məndə hansı xərçəng var?
- Xərçəng bədənimin harasındadır?
- Diaqnozdan əminsinizmi, başqa testlər lazımdırmı?
- Niyə xərçəng oldum?
- Müalicəsi varmı? Müalicələr xərçəngi nəzarətdə saxlamağa, yoxsa müalicə etməyə yarayacaq?
- Hansı növ müalicələr alacağam?
- Hansı əlavə təsirləri ola bilər?
- Müalicə nə qədər davam edəcək?
- Xəstəxanaya yatmalıyam?
- Müalicə zamanı işləyə biləcəyəm?
- Mənə kim qulluq edəcək?
- Müalicə xərclərim nə qədər olacaq?
- Bu xəstəlikdən öləcəyəm?
Əvvəlcə bu suallarınıza ən düzgün cavabları həkiminiz və müalicə komandanız verəcək. Yəqin ki, bütün yazılarımızda təkrar-təkrar vurğulayacağımız kimi, hər xəstəmiz təkrarsızdır, ona görə cavablar da xəstələrimizə xüsusi olacaq. Bu dövrdə insanın ağlındakı sualları internetdən, kitablardan və ya oxşar halları yaşamış şəxslərdən öyrənmək cəhdi yanlış məlumat əldə etməsi ilə nəticələnə bilər.
Bu məqamda xüsusilə vurğulamaq istədiyim mövzu var. Xəstələrimiz özləri bu sualların cavabını bilmək istəyir və tələb edirlərsə, suallarını etibar etdikləri, nəzarətində olduqları həkimə verməlidirlər. Amma xəstələrimiz hələ inkar və ya yarıinkar mərhələsindəykən, heç bir məlumat istəməmişkən, yəni əvvəlki yazımızda dediyimiz kimi qarşıdurmadan uzaq, təhlükəsiz zonada başlarına gələni həzm etməyə çalışarkən həkimlərdən və ya yaxınlarından ətraflı məlumatlandırmaya məruz qalsalar, bu uyğunlaşmanı asanlaşdırmaz, əksinə çətinləşdirər.
Məlumat ötürülərkən xəstələrimizin sürətinə və ritminə uyğun hərəkət edilməlidir. Xəstələr nə vaxtından əvvəl realist olmaq naminə hər şeyi anlamaları üçün dartışdırılmalı, nə də onları kədərləndirməmək, qorumaq naminə suallarına cavabdan qaçılaraq maraq və çarəsizlik içində buraxılmalıdır. Hər insanın özü barədə məlumatı əldə etmək və eyni zamanda əldə etməmək hüququ var. Təcrübəli həkimlər və müalicə komandaları xəstələri ilə bu rəqsi etməkdə ustalaşmışlar.

2. Hisslərin ifadə edilməsinə icazə verilməlidir
Qorxu, kədər, narahatlıq, qəzəb, məyusluq... Həm xəstələrimizin, həm yaxınlarının hiss etdiyi, amma hər iki tərəfin qarşısındakını kədərləndirməkdən və ya sıxmaqdan çəkindiyi üçün gizlətməyə çalışdığı hisslər... Yol tapılıb ifadə olunmadıqda isə xəstəliyə və gətirdiyi yeni həyata uyğunlaşmanı çətinləşdirən mühüm ünsürlərdir. Sevdiyinizi gözlərindən yaş axarkən görmək çox çətindir, amma birlikdə yaşanan kədərin birlikdə yaşanan xoşbəxtlikdən əslində çox fərqi yoxdur... Ağrını bölüşmək əvvəlcə onu yox saymamaq, qəbul etmək və birlikdə öhdəsindən gəlməyə çalışmaq deməkdir.
Əminəm ki, bir çox xəstəmiz bunu yaşayıb. Daxili sıxıntı və kədərlə fikrə dalarkən yaxınları tərəfindən xəbərdar edilir: “Bax, amma kədərlənmək olmaz, kədərlənsən, qəmlənsən xəstəliyin pisləşər, güclü ol, hamısı keçəcək...” İnanın, ağrını və kədəri gizlətməyə çalışmaq insanın bütün enerjisini tükədə bilər. Qorxu içində olan və ya ağlayan yaxınınızı qucaqlayıb “Çox çətin dövrdür, mən də ən azı sənin qədər qorxuram, bu prosesi aşmaq üçün əlimizdən gələni birlikdə edəcəyik” demək, hətta birlikdə ağlamaq sizə də daha rahatladıcı gəlmirmi? Xəstəmizin və ya yaxınınızın yerində olsaydınız, hisslərinizin qəbul edilməsi sizi də rahatlatmazdımı? Qısaca, hisslərə icazə vermək yas tuta bilmək və itirdiklərimizə baxmayaraq yola davam etmək üçün zəruridir. Bu, xəstəliyi pisləşdirmir , əksinə anlaşıldığını hiss edən insanın dözüm və mübarizə gücünü artıraraq dəstək olur.

3. Dəyişən həyatın fərqində olmaq
Həm xərçəngə, həm müalicələrə görə çox vaxt müxtəlif fiziki dəyişikliklər yaşanır. Böyük ehtimalla xoş əlamətlər olmadığı üçün hər dəyişiklik həkimlə bölüşülür. Birlikdə çarələr tapıb yola davam etməyə çalışılır. Bəs həyatınızın digər tərəfləri: məsələn, pozulmuş iş həyatınız, maddi çətinliklər, ailədə dəyişən tarazlıqlar və yaratdığı sıxıntılar, istər-istəməz məhdudlaşan sosial həyat... Yeni düzənə uyğunlaşmaq üçün əvvəlcə dəyişiklikləri fərq etməliyik. Hamısını aradan qaldırmaq bəlkə mümkün deyil, amma həyatınızdakı bu dəyişiklikləri fərq etsəniz, yaratdıqları sıxıntıları aradan qaldırmaq şansınız ola bilər. Şəxsən həll tapmaqda çətinlik çəkirsinizsə, psixiatr və ya klinik psixoloq dəstəyi ilə öhdəsindən gəlmək asanlaşa bilər.
Fərqindəliyinizi artırmaq və həllə çatmaq üçün qeydlər edə bilərsiniz. Bu, gündəlik tutmaq və ya yalnız ağlınızdakıları aydınlaşdırmaq üçün kiçik qeydlər etmək şəklində ola bilər. Məsələn;
“Bu gün hər iki ayağımda ağrı hiss etdim”: həkimə bildir
“Son 3 gecədir yaxşı yata bilmirəm, səhər də erkən oyanıram”: həkimə bildir
“Kimyaterapiyadan sonra yemək istəmirəm, ailəm isə məcbur edir”: nə etməli, diyetoloq nəsə tövsiyə edərmi?
“Oğlumun işini bölüb məni daim xəstəxanaya aparmasını istəmirəm”: müalicə günüm dəyişsə, qardaşım/bacım məni xəstəxanaya gətirməyə kömək edə bilər, həkimlə danış...
“Boş vaxtlarda çox düşünürəm, evdə yatmaqla vaxt keçmir, məşğuliyyət lazımdır”; keramika və ya yağlı boya kursu?
Həyatınızda dəyişən şeyləri qeyd etsəniz, özünüz, ailəniz və ya müalicə komandanızla həll yönündə addımlar ata bilərsiniz.

4. Nəzarət edə bilmədiklərinizdən çox edə bildiklərinizə fokuslanın
Bu iddialı başlıqları yazmağın asan olduğunu anlayıram. “Gəl, özün et” deyə bilərsiniz. Mən də elə bunu qəbul edərək başlamaq istəyirəm... Həm mübarizə aparmaq, həm də bacarmaq asan deyil. Amma sınamaq heç nə etməməkdən daha yaxşıdır! Buna görə bacarmasanız belə sınamağa çalışın. Sıxıntılarınızı tam aradan qaldıra bilməyə bilərsiniz, amma xeyli azaltmaq və həyat keyfiyyətinizi artırmaq mümkündür. Unutmayın, bir sıfırdan böyükdür.
Bəzi xəstələrimiz hər gün üçün kiçik hədəflər siyahısı hazırlayır. Bu onları həm daha aktiv edir, həm də günlərini fərqləndirir. Məsələn, əmioğluna/zəmiqızına zəng et, söhbət et, qozlu keksi özün hazırla, nəvə ilə cizgi filmi izlə...
Xüsusilə ürəkbulanmanız varsa və yorğun hiss edirsinizsə, müntəzəm, yetərli və yaxşı qidalanmağın çətin ola biləcəyini nəzərdə tuturam, amma sevdiyiniz, sizə kəskin qoxmayan qidalardan az-az və müntəzəm aralıqlarla yeməyi sınaya bilərsiniz.
Yetərincə dincəlmək , eyni zamanda sizi yormayacaq yüngül idman hərəkətləri etmək, məsələn, qısa gəzintilər və ya pilates kimi
Bəzi xəstələrimiz tamamlayıcı üsul və terapiyalardan çox fayda görür, təşviş və sıxıntılarını daha yaxşı idarə edir, həyat keyfiyyətlərini artıra bilirlər. Mindfullness, rahatlama və nəfəs hərəkətləri, yoqa və meditasiya bunlardan yalnız bir neçəsidir
Sevdiklərinizlə vaxt keçirmək, sevdiyiniz musiqini dinləmək, film izləmək, dua etmək, maraqlandığınız kitabı oxumaq və ya iş həyatından bir cür vaxt ayıra bilmədiyiniz rəsm, keramika kimi hobbilərinizi həyata keçirmək, bəlkə gündə bir saat, amma fərq yaradacağına əmin olun!
Bəzən özünüzü tək və çarəsiz hiss edə bilərsiniz. Bu xəstəliyi yaşamamış insan sizi necə tam anlaya bilər, elə deyilmi? Bəlkə oxşar sıxıntıları yaşayan xərçəng xəstələri ilə dəstək qruplarında görüşmək (psixoterapiya və məşğuliyyət terapiyası qrupları) tənhalıq və təcrid hissinə yaxşı təsir edə bilər. Onların uyğunlaşma üsulları sizə də dəstək verə bilər.
Bunlar yalnız bir neçə ümumi nümunədir. Yuxarıda qeyd etdiyimiz kimi, hər insan uyğunlaşma yolunda özünəməxsus yolla irəliləyir.

Uyğunlaşma pozuntusu nə vaxt yaşanır?
Bəzən nə qədər çalışsaq da, həyat bir cür yoluna düşməyə bilər. Bu məqamda qarşılaşıla biləcək psixi sıxıntılardan biri Uyğunlaşma pozuntusudur.
Uyğunlaşma pozuntusu; “Gözlənilməz və dağıdıcı kimi qəbul olunan hadisədən sonra 1 - 3 ay içində yaranan emosional və davranış dəyişiklikləri və bunların həyatdakı funksionallığa mənfi təsiri” kimi tərif olunan psixi pozuntudur. Başqa sözlə, stresli vəziyyətə reaksiyalarda normal reaksiya ilə psixi xəstəlik (depressiya, təşviş pozuntusu, travmasonrası stres pozuntusu, mürəkkəb yas reaksiyası) arasındakı keçid dövrü kimi də səciyyələndirilə bilər. Tədqiqatlar uyğunlaşma pozuntusunun 10 xəstədən 5-6-sında yaranaraq xərçəng xəstəliyində ən çox rast gəlinən psixi pozuntu olduğunu göstərmişdir.
Xərçəng diaqnozundan sonrakı prosesdə təbii yas mərhələləri ilə də iç-içə yaşanması uyğunlaşma pozuntusu diaqnozunu çətinləşdirir. Əlamətlər əsasən tez duyğulanmaq, təşviş, kədər və ya narahatlığı həddən artıq yaşamaq, tənhalıq, təcrid, çarəsizlik, günahkarlıq və sərbəstliyin itirildiyi, qulluğa möhtac olduğu hissi şəklində ola bilər. Həmçinin özünəinamın və ümidin azalması, ölüm qorxusu və buna bağlı tək qalmaq istəməmək də müşahidə edilə bilən əlamətlərdəndir. Oxşar şəkildə həm xərçəngdə, həm depressiyada görülən, amma xüsusi bir xəstəliyə aid olmayan yuxu pozuntusu, iştaha dəyişiklikləri, halsızlıq və diqqət pozuntusu da müşayiət edə bilər. Bu əlamətləri normal hisslərdən ayıran ən mühüm göstərici yaşananların insanın gündəlik həyatına təsir etməsidir.
Xərçəngin ciddiliyi və/və ya uzunmüddətli gedişi insanın bioloji, psixoloji, sosial və ekzistensial mübarizə mexanizmlərini aşdıqda uyğunlaşma pozuntusu əlamətləri daha şiddətli müşahidə olunur. Bu dövrdən sonra depressiya və təşviş pozuntuları daha çox görülməyə başlayır. Tədqiqatlar xərçəng xəstələrində depressiyanın xəstə olmayanlarla müqayisədə 2-3 dəfə çox olduğunu göstərmişdir. Lakin depressiya və təşviş pozuntuları sonrakı yazılarımızda ətraflı müzakirə olunacaq.

Uyğunlaşma pozuntusunda müalicə
Yuxarıda sadalananlara bənzər şikayəti olan xərçəng xəstələrimizin psixiatriya həkimi tərəfindən qiymətləndirilməsi lazımdır. Çünki hər hansı əlamətin xəstəlik olub-olmadığını qiymətləndirib ayıra və diaqnoz qoya biləcək qurum həkimlik qurumudur. Psixiatriya həkimləri psixi şikayətlərin nə olduğunu və haradan qaynaqlandığını ayırmağa çalışırlar. Psixi əlamətlər xərçəng xəstəliyinin birbaşa təsirindənmi, verilən müalicələrin əlavə təsiri kimi, yoxsa baş vermiş və mümkün itkilərin yasının tutulmamasından, sosial rollardakı dəyişiklikdən və ya maddi sıxıntılardan yaranmışdır? Bu psixi əlamətlər həyata nə dərəcədə təsir etmişdir. Diaqnostika prosesinin əsası olan bu addımlar qiymətləndirildikdən sonra varsa xəstəlik və müalicəsi barədə qərar verilir.
Təəssüf ki, ölkəmizdə psixi sıxıntı yaşamaq, psixiatriya həkiminə görünmək, psixi dəstək almaq hələ damğalanmış, qaçınılan hallar arasındadır. İnsanlar “ruhi xəstə” damğasından qorxduqları üçün sıxıntılarını səriştəsiz əllərdə aradan qaldırmağa çalışırlar. Bəlkə elə buna görə kimin psixi sağlamlıq xidməti verə biləcəyi barədə fikirlər də qarışıqdır. Müalicədən əvvəl qısaca deyə bilərəm ki, sizə dərman və ya terapiya tövsiyə olunubsa, orada diaqnoz olmalıdır. Diaqnoz varsa, xəstəlik olmalıdır və xəstəliyə diaqnoz qoymaq səlahiyyəti yalnız həkimlərindir. Yəni psixi sıxıntıları və xəstəlikləri ayıraraq diaqnoz qoymaq psixiatriya həkimlərinin işidir. Lakin diaqnoz qoyulmuş halı müalicə etməkdə – dərman müalicəsi təyin etmək xaricində – psixiatriya həkimi ilə yanaşı həmin sahədə təhsilini tamamlamış klinik psixoloqlar və tibb bacıları da səlahiyyətlidir. Psixi sıxıntılar yaşayan xərçəng xəstələrimizin psixiatriya həkimi tərəfindən qiymətləndirilməsi uyğunlaşma pozuntusunun və ya ayırd edilməsi olduqca çətin depressiyanın erkən aşkarlanmasına və daha ağır pozuntulara çevrilmədən aradan qaldırılmasına imkan verə bilər.
Uyğunlaşma pozuntusunun müalicəsində ilk pillə psixoterapiyalardır. İnsana və ailəsinə xərçəng prosesi, yaşana biləcək hallar və bunların idarəsi barədə psixotəhsil verilə bilər. Xəstənin problemlərini müəyyən etməsi, mübarizə strategiyalarının gücləndirilməsi üçün koqnitiv-davranış psixoterapiyaları və dəstəkləyici psixoterapiyalar çox vaxt ilk seçimdir. Bütün ailənin dəyişən düzənini yoluna qoymaq, ailə üzvlərinin psixi vəziyyətini müəyyən etmək, ən uyğun mübarizə və problem həlli yollarını tapmalarını təmin etmək üçün ailə terapiyaları, oxşar sıxıntıları yaşayan şəxslərlə görüşmək, hisslərin ifadəsini təmin etmək, mübarizə üsullarını öyrənmək və aidiyyət hissi yaşamaq üçün qrup psixoterapiyaları aparıla bilər. Həmçinin bu dövrdə yas prosesini işləmək üçün yas terapiyaları, problemin müəyyən edilməsinə və həllinə yönəlmiş terapiyalar, mindfulness və rahatlama hərəkətləri kimi üsullardan faydalanılır. Uyğunlaşma pozuntusunda uzunmüddətli dərman müalicələri ilkin seçim deyil.
Xülasə
Xərçəngdə yaşana biləcək psixi dəyişikliklərin şiddəti və müddəti insandan-insana dəyişir. Çox adi hisslər ola bildiyi kimi, şiddətli, uzunmüddətli, insanın həyatına və müalicə prosesinə təsir edən hallar da ola bilər. Bunlardan biri bu gün toxunduğumuz, normal proseslə xəstəlik arasındakı keçid dövrü xarakterli “Uyğunlaşma pozuntusu”dur. Uyğunlaşma pozuntusunun mütləq depressiyaya irəliləyəcəyi barədə qayda yoxdur. Çox vaxt əlamətlər xərçəng əlamətləri ilə də qarışdığından diaqnoz qoyulmur, bu isə xəstələrimizin həyat keyfiyyətinə mənfi təsir edir. Bu sıxıntıları yaşayan xəstələrimizin psixiatriya həkimləri tərəfindən qiymətləndirilməsi, ehtiyac olduqda müxtəlif terapiyalarla dəstəklənməsi ən uyğun yanaşma olacaq.
Mənbələr
2. MD Anderson, Manuel of Psyhosocial Oncology
3. Kayıptan Sonra yaşam; Prof. Dr. Vamık D. Volkan, Elizabeth Zintl
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.