Xərçəngin keçmişini öyrənmək gələcəyini proqnozlaşdırmağa kömək edə bilər

Hava haqqında danışmaq və proqnoz vermək bir çox insanın etdiyi işdir. Hava şəraitini dəyişə bilməsək də, proqnoz bizə gələcəyi düşünmək, plan qurmaq və məntiqli seçimlər etmək imkanı verir. İstər geyimi dəyişmək, istərsə də başqa nəqliyyat vasitəsindən istifadə etmək məsələsi olsun, qarşıda nələrin baş verə biləcəyini bilmək hazırlıqlı olmağımızı təmin edir.
Bu, xərçənglə bağlı araşdırmaların bir hissəsinin də məhz məqsədlərindən biridir. Xərçəngin zamanla necə davranacağını proqnozlaşdıra bilsək, bəlkə xəstəliyin gedişini daha yaxşı idarə edə bilərik.
Nature Genetics adlı jurnalda dərc olunan araşdırmada xərçəngin tarixini bir araya gətirmək üçün kompüterlərdən və genetik məlumatlardan istifadə etdilər. Bunun sayəsində şiş inkişaf etdikcə onun sonrakı mümkün addımlarını proqnozlaşdırmağa imkan verəcək üsul hazırladılar.
Londondakı Barts Xərçəng İnstitutundan professor Trevor Graham; "Əvvəllər heç müşahidə edə bilmədiyimiz bir şişin gizli tarixini üzə çıxarırıq. Lakin bu araşdırmanın ən mühüm tərəfi şişin gələn həftə, ay və ya il kimi bir müddətdən sonra necə görünəcəyini bilməkdir." deyərək araşdırmasının məqsədini ümumiləşdirir.
Yəni bu o deməkdir ki, bir gün bu proqnozlardan istifadə edərək xəstələrin müalicə seçimlərini fərdi qaydada tənzimləyə və onları prosesdən bir addım öndə saxlaya bilərik. Bu, uzaq hədəfdir, lakin həmin vəziyyətə çatmaq üçün yol açmağa kömək edir.
Keçmiş, indi və gələcək
Bu araşdırmanın köklərinin Charles Darwinin təkamül nəzəriyyəsinə əsaslanması təəccüblü deyil. Bir növ ətraf mühitə uyğunlaşdığı kimi, böyüyən şiş də eyni şəkildə olduqca mürəkkəb qarşılıqlı təsirlərlə mikromühitinə uyğunlaşır.
Alimlər bu prosesi illərdir növlərdə araşdırırlar. Bir orqanizmin DNAməlumatını araşdıran mürəkkəb texnologiyalar sayəsində tədqiqatçılar bir növün təkamül tarixini və başqa növlərlə əlaqələrini araşdıra bilirlər.
Bunu xərçəng üçün də mümkün edən eyni vasitələrdir. Son bir neçə onillik ərzində başqalarının müxtəlif populyasiyaları araşdırmaq üçün hazırladıqları vasitələrdən istifadə etmiş və bunu xərçəngə tətbiq etmişlər.
Tədqiqatçılar şişin keçmişini çözərək onun gələcəyi haqqında da daha çox məlumat əldə etməyə ümid edirlər. Lakin şişlər zamanın yalnız bir mərhələsində araşdırıldığına və artıq inkişaf etmiş xərçəngdən götürülmüş biopsiya nümunəsi istifadə edildiyinə görə komanda zamanı geri çevirmək üçün yol tapmalı idi. Şiş çıxarılmamışdan əvvəl baş verən prosesləri və onun necə böyüdüyünü əvvəlcədən bilmirdilər.
Buna görə tədqiqat qrupu şişlərdən götürülmüş ətraflı genetik nümunələrdən yararlanaraq bütün diqqətini mövcud məlumatlara yönəltdi. İlk olaraq biri süd vəzi xərçəngi, biri leykemiya və biri ağciyər xərçəngi olan üç xəstədən götürülən DNA kodları ilə başladılar.
Xərçəngin gizli gündəliyi
Xərçəng böyüdükdə onun hüceyrələrində yeni genetik dəyişikliklər baş verir, yəni bir şişin bir hissəsi digəri ilə müqayisədə fərqli genetik quruluşa malik ola bilər. Bu müxtəlif nümunələri araşdırmaq tədqiqat üçün mühüm idi. Bu müxtəlifliyin əvvəlcə necə yarandığını, bu şəkildə böyüyüb-böyümədiyini bilmək istəyirdilər.
Bir növün zamanla necə təkamül etdiyini göstərən düsturlardan istifadə edən tədqiqatçılar şişlər üçün kompüter simulyasiyası yaratdılar. Daha sonra bu fərqli təkamül ssenarilərini xəstələrdən aldıqları genetik məlumatlarla müqayisə etdilər və eyni nəticəni verən ssenarilərlə uyğunlaşdırdılar.
Tədqiqatçılar bu uyğunluqlardan xərçənglərin biopsiya nümunələrində mövcud olan və müxtəlifliyin yaranmasına səbəb olan təkamül yolunu tapdılar.
Daha sonra bağırsaq, mədə və ağciyər xərçənglərini əhatə edən 4 böyük xəstə nümunəsi qrupuna və həmçinin metastaz vermiş xərçənglərdən götürülən nümunələrə baxdılar. Bunlar xərçəng hüceyrəsinə daha sürətli böyümək kimi üstünlük verən genetik dəyişikliklərin şişin inkişafının erkən dövrlərində yarandığını göstərdi. Lakin bu prosesin xərçəng müalicəsinə uyğunlaşmış və yayılmış şişlərdə hələ də davam etdiyi müşahidə olundu.
Prof. Graham belə deyir: "Xərçəngin genetik məlumatı şişin zamanla necə göründüyünü və ya görünəcəyini izah edir. Lakin eyni zamanda zamanla baş verən dinamikaları qeydə alan gizli gündəlik kimidir. Biz bundan xərçəngin təkamül qaydaları haqqında nələrsə öyrənmək üçün istifadə edirik."
Qaydalarda yazılıb
Tədqiqat qrupu bu qaydalardan xərçənglərin gələcəkdə necə təkamül edə biləcəyini proqnozlaşdırmaq üçün istifadə edə biləcəklərini düşündü. Kompüterlərdə milyonlarla şiş böyüməsi simulyasiyası apararaq və simulyasiyalarda qaydaları tətbiq edərək bu virtual xərçənglərin inkişafını müşahidə etmək nəticəsində proqnozların dəqiqlik göstəricisinin artdığını düşünürlər.
Qaydaları öyrəndikdən sonra isə xərçəngin inkişafı haqqında proqnozların verilməsini təmin etmək lazımdır. Beləliklə, müalicə prosesi ilə bağlı qərarlar şişin bugünkü görünüşünə deyil, gələcəkdə necə görünəcəyinə əsasən verilə bilər. Lakin bunun mümkün olduğu hələ sübut edilməyib. Bu texnikanın dəqiqliyini sübut etməlidirlər. Bunun üçün tədqiqatçılar xərçəngin təkamül prosesini zamanla laboratoriyada izləyə və proqnozlarına uyğun gəlib-gəlmədiyini görə bilməlidirlər. Bu araşdırmada indiyə qədər çatışmayan daha bir mühüm məsələ var; müalicənin xərçəngin təkamül prosesinə necə təsir edəcəyi. Bəli, havaya müdaxilə edə bilmirik, lakin bu gün olduqca təsirli hala gələn xərçəng müalicələri ilə xəstəliyin gedişinə müdaxilə edirik. Bunu müəyyən etmək də görüləcək işlər siyahısındadır.
Bu simulyasiya araşdırmasının məqsədi hava proqnozu kimidir; gələcəkdə nə olacağını tam bilməsək də, mümkün vəziyyəti təxmin edə bilməkdir.
Mənbələr
Quantification of subclonal selection in cancer from bulk sequencing data.
Nature Genetics, 28 May 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.