Yeni diaqnoz qoyulmuş qlioblastomada Bevasizumab radioterapiya və Temozolomid ilə birlikdə verildikdə təsirli olurmu?

Ötən günlərdə İngiltərədə aparılmış bir tədqiqatın nəticələri yeni diaqnoz qoyulmuş qlioblastomada klassik olaraq tətbiq edilən radioterapiya və temozolomid (kimyaterapiya dərmanı) müalicəsi ilə yanaşı bevasizumab tətbiqinin ümumi sağqalım müddətlərinə təsirinin olmadığını göstərmişdir. Lakin xəstəliyin irəliləməsi, xəstənin həyat keyfiyyəti və koqnitiv funksiyaları baxımından müəyyən qədər üstünlük təmin etmişdir.
Qlioblastoma bütün beyin şişləri arasında ən çox rast gəlinən və ən aqressiv beyin şişidir. Qlioblastoma adətən 40-60 yaşları arasında ortaya çıxır və qadınlara nisbətən kişilərdə bir qədər daha çox görülür. Diaqnoz qoyulduqdan sonra xəstələrin ömrü orta hesabla 14 aydır. Həmçinin bu şiş olduqca gizli inkişaf edən şişdir. Belə ki, çox vaxt bu xəstələr heç bir problemləri olmadığı halda yalnız baş ağrısı və ya kiçik bir tutma keçirmə şikayəti ilə gəlib belə xəstəlikləri olduğunu öyrənə bilirlər. Qlioblastoma həm qısa ömür, həm də xəstədə və ətrafındakılarda yaratdığı ciddi təsirlərlə çox ciddi xəstəlik, çox ciddi düşməndir. Belə olduqda bu qədər güclü düşmənə qarşı da mümkün qədər çox silaha ehtiyac var. Buna görə xəstəliyin müalicəsinə, sağqalım müddətlərinin uzadılmasına, xəstəlik boyunca həyat keyfiyyətinin artırılmasına və ya qorunmasına yönəlmiş tədqiqatlar intensiv şəkildə davam edir.
Yeni diaqnoz qoyulmuş qlioblastomada illərdir tətbiq olunan müalicə strategiyası əvvəlcə cərrahiyyə ilə şişin mümkün qədər böyük hissəsinin çıxarılması, sonra isə radioterapiya və Temozolomid (kimyaterapiya dərmanı) ilə xəstəliyin irəliləməsinin və yayılmasının qarşısının alınmasıdır. Əməliyyat mümkün olmadıqda da yalnız radioterapiya və kimyaterapiya ilə ömür uzadılmağa çalışılır. Ötən son 10 ildə bu xəstəliyin müalicəsində ciddi irəliləyişlər əldə edilməyə başlanmışdır. 2005-ci ildə Temozolomid və radioterapiyanın eyni vaxtda tətbiqinin verdiyi üstünlüyün müəyyən edilməsi ömrə çox mühüm töhfələr vermişdir. Sonra bu xəstəliyin inkişafında xərçəng hüceyrələrinin yeni damarlar yaratmasına (angiogenezə) və xəstəliyin irəliləməsinə səbəb olan VEGF-A adlı amilin təsirli olduğunun müəyyən edilməsi ilə bu amil vasitəsilə təsir göstərən Bevasizumab xəstələrdə sınanmağa başlanmış, dərmanın təkrarlayan və irəliləyən hallarda təsirli olduğu görülmüşdür. Daha sonra Bevasizumabın yeni diaqnoz qoyulmuş hallara təsirini müəyyən etmək üçün tədqiqatlar aparılmağa başlanmış və bu insanlarda Bevasizumabın təkbaşına təsirli olmadığı müşahidə edilmişdir.
Ötən günlərdə İngiltərədə aparılmış tədqiqatda da yeni diaqnoz qoyulmuş qlioblastomada Bevasizumabın radioterapiya və Temozolomid ilə eyni vaxtda verildikdə təsirli olub-olmadığı araşdırılmışdır. Tədqiqatda yeni diaqnoz qoyulmuş 921 qlioblastoma xəstəsi 2 qrupa ayrılmış, qruplardan birinə radioterapiya və Temozolomid ilə yanaşı Bevasizumab verildiyi halda, digər qrup yalnız radioterapiya və Temozolomid ilə müalicə edilmişdir. Nəticələr incələndikdə qruplar arasında ümumi sağqalım baxımından fərq görülməmişdir. Lakin Bevasizumab verilən qrupda xəstəliyin irəliləməsi, həyat keyfiyyəti və koqnitiv funksiyaların davamlılığı baxımından müəyyən qədər üstünlük əldə edilmişdir. Həmçinin bu qrupda kortizon verilməsinə (xəstəliyin və tətbiq olunan müalicələrin yaratdığı mənfi təsirləri azaltmaq üçün) daha az ehtiyac duyulmuşdur. Lakin buna qarşılıq, çox ciddi olmasa da, yan təsirlər də Bevasizumab verilən qrupda daha çox görülmüşdür.
Nəticə olaraq, bu qədər ağır xəstəlikdə sağqalım müddətlərinin uzadılması qədər yaşanılan müddət boyunca xəstəliyin təsirlərinin azaldılması və həyat keyfiyyətinin mümkün qədər qorunması da çox vacibdir. Bevasizumab yeni diaqnoz qoyulmuş qlioblastomada sağqalım müddətlərinin uzadılması baxımından bəlkə təsirli olmaya bilər. Lakin yaşanılan müddət boyunca həyat keyfiyyətinin qorunmasına müəyyən qədər töhfə verməsi də son dərəcə mühüm inkişafdır. Buna baxmayaraq, bu qədər aqressiv xəstəliklə mübarizədə daha çox silaha, daha çox tədqiqata ehtiyac var.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.